🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Heç kim birliyimizi poza bilməz” - Prezidentə yazırlar

06.11.2020 17:53 319 baxış sayı 16 dəq. oxuma
“Heç kim birliyimizi poza bilməz” -

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ünvanına həm ölkədaxilindən, həm də xarici ölkələrdən dəstək məktubları gəlməkdə davam edir. Vətəndaşlar məktublarında hər zaman ölkə başçısının yanında olduqlarını yazırlar.

Müşfiq Əmiraslanovdan, Sankt-Peterburq, Rusiya

Hörmətli cənab Prezident.
Biz xaricdə yaşayan azərbaycanlılar Sizinlə fəxr edirik. Sizin bütün çıxışlarınızı və müsahibələrinizi çox maraqla dinləyirik.
Allah Sizdən və Azərbaycanın mərd əsgərlərindən razı olsun, onlara kömək etsin. Biz həmişə dua edirik ki, tezliklə Qələbə xəbəri ilə hamımızı sevindirəsiniz. Ölkəmizi bu dərd-bəladan xilas edəsiniz.
Mənim qardaşım oğlu Kamran da ön cəbhədədir. Onunla fəxr edirəm. Biz hamımız Sizin bütün qərarlarınızı dəstəkləyirik. Heç kim bizim birliyimizi poza bilməz.
Arzu edirəm ki, Allahın köməkliyi, xalqın inamı ilə tezliklə Azərbaycanı bütün düşmənlərdən təmizləyəsiniz.

İslam Hüseynovdan, Ulyanovsk, Rusiya

Çox hörmətli cənab Prezident.
Bu gün dünyanın harasında olmasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının diqqəti Sizə yönəlib. Müzəffər Ali Baş Komandan kimi xalqımızın torpaqlarımızın bütövlüyü, haqq və ədalət uğrunda mübarizəsinə rəhbərlik edirsiniz. Bu gün ölkəmizə qarşı şər və böhtan kampaniyalarına külli miqdarda vəsait xərclənir.
Azərbaycanın dünyaya açıq və aydın mesajları təhrif olunur. İndi ən mühüm işlərdən biri Azərbaycanın həqiqətlərini və hədəflərini dünyaya çatdırmaq üçün informasiya hücumlarını dəf etməkdir. Bu hər bir vətənpərvər insanın ümumi vəzifəsidir!
Cənab Prezident, icazə verin, Ulyanovsk vilayətində yaşayan bütün azərbaycanlılar adından Sizə və Qarabağın qaytarılması, Azərbaycan torpaqlarında sülhün bərqərar edilməsi uğrunda əməliyyatlarda iştirak edən hərbçilərimizə alovlu dəstəyimizi çatdırım. Biz həmişə Sizinləyik!
Sizin müdrikliyinizə, xoşməramlılığınıza, qətiyyətinizə əminik. Daim xalqımızın, dövlətimizin mənafelərini qorumaq üçün davamlı səy göstərdiyinizə inanırıq. Uca Allah qətiyyətinizi, gücünüzü yüz qat artırsın və Sizin vasitənizlə xalqımızı gücləndirsin.

Yeganə Nəsirlidən, İmişli, Azərbaycan

Hörmətli cənab Prezident İlham Əliyev!
Mən bu məktubla Sizə və bütün Azərbaycan xalqına böyük Qələbə sevinci arzu etməklə, qəlbimdəki səmimi hisslərimi çatdırmaq istədim. Xalqımızın igid oğlu, dəyanətli dövlət başçımız, Siz 30 illik bir həsrətə son qoyursunuz, Sizinlə fəxr edirik.
Vətən müharibəsi başlayan gündən Sizin televiziyada etdiyiniz çıxışlarınızı səbirsizliklə gözləyirəm, şad xəbər verəcəyinizə inanaraq hər kəlmənizi diqqətlə dinləyirəm. Bu gün mən də, əlimə silah götürüb, çəkinmədən mənfur düşmənə qarşı vuruşmaq istərdim. Lakin iki qız övladı böyüdən bir ana olduğum üçün bunu edə bilmirəm. Amma var olsun Azərbaycanımın mərd oğulları ki, onlar bizi qoruyur və işğalçıların dərsini layiqincə verirlər.
Nə yaxşı ki, mən azərbaycanlıyam və bizim Sizin kimi dövlət başçımız var. Tanrı Sizi qorusun!
Qələbə bizimlədir! Yaşasın Azərbaycan əsgəri! Qarabağ Azərbaycandır!

Ömər Əsədlidən, Yevlax, Azərbaycan

Cənab Prezident.
Mənim 7 yaşım var. Bu məktubu da Sizə nənəmin köməyi ilə yazıram. Yevlax şəhərində yaşayıram. Evimizi çox sevirəm. Harasa qonaq gedəndə evə qayıtmağa tələsirəm. Belə başa düşürəm ki, evimiz mənim Vətənimdir. 30 il - nənəmin dediyinə görə bu çox böyük bir müddətdir. Bilirəm ki, 30 il bundan əvvəl mən yaşda olan uşaqlar da öz evlərindən qaçqın düşüblər. Onu da bilirəm ki, qaçqın düşmək - ürəyin istəsə də, öz evinə qayıda bilməmək deməkdir. Mən onların nə çəkdiyini çox qəşəng bilirəm. 30 il sonra bu insanlar evlərinin, torpaqlarının bir addımlığındadırlar. Bu gün torpaqlarımız, Sizin sayənizdə işğaldan azad edilir. Çox sevinirəm. Bilirəm ki, mən evimizi istədiyim kimi, hamı öz evini istəyir. Tezliklə hamı öz doğulduğu torpağa qayıdacaq və kim hansı yaşda evlərindən qaçqın düşübsə özünü elə o yaşda da hiss edəcək. Mən buna əminəm. Onları uşaqlığına qaytaracaqsınız. Onlara yeni həyat bəxş edəcəksiniz.

Heyvagül Vəliyevadan, Qubadlı, Azərbaycan

Hörmətli cənab Prezident.
Sizə bir şəhid anası kimi müraciət edirəm. Sizin rəhbərliyinizlə ordumuz böyük qələbələr qazanır. Qələbə xəbərləri bizi çox sevindirir. Mən inanıram ki, tezliklə bütün torpaqlarımız işğaldan azad ediləcək. Sizə sonsuz təşəkkürlərimi bildirirəm. Dualarımız həmişə Sizinlədir. Allah Sizi və Ordumuzu qorusun.

Sahib Güllərovdan, Neftçala, Azərbaycan

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Bir vətəndaş olaraq Sizin son zamanlar Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı atdığınız hər bir addımı bəyənir və dəstəkləyirəm. Bu haqq yolunda apardığınız şanlı mübarizəyə görə Allahdan Sizə yar və yardımçı olmağını arzu edirəm. Sizin sayənizdə Ordumuzla və igid əsgərlərimizlə qürur duyuruq. Biz həmişə Sizinləyik. Sizə inanır və güvənirik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Rəsul Hacızadədən, Bakı, Azərbaycan

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Sizin rəhbərlik etdiyiniz ölkənin vətəndaşı olduğum üçün fəxr edirəm. Dünyada dahi çoxdur. Amma Siz Vətənimizin ərazi bütövlüyü uğrunda apardığınız bu müharibə ilə dahi sərkərdə olduğunuzu sübut etdiniz. Sizin rəhbərliyinizlə Şanlı Ordumuzun ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün apardığı müqəddəs Vətən müharibəsini hər bir azərbaycanlı kimi ürəkdən dəstəklədiyimizi bildirmək istəyirəm. Biz ailəliklə Sizi çox sevirik, hər zaman Sizin çıxışlarınızı sevə-sevə gözləyirik. Biz fəxr edirik ki, azərbaycanlıyıq! Qarabağ Azərbaycandır!

Arzu Həbibovadan, Füzuli, Azərbaycan

Hörmətli cənab Prezident.
Bir hərbiçi anası olaraq Sizə öz dərin minnətdarlığımı bildirirəm. Siz öz işinizi layiqincə yerinə yetirir və bizləri bu Qələbə xəbərləri ilə sevindirirsiniz. Mənim oğlum hazırda ön cəbhədə öz vəzifəsini yerinə yetirir. Mən bununla fəxr edirəm ki, oğlum belə şücaətli bir Orduda öz torpaqlarımızı mənfur düşməndən azad etmək üçün vuruşur. Səngərdə olan bütün əsgər və zabitlərimizə bu çətin yolda uğur arzu edirəm. Rəbbimiz hər birini qorusun. Allahın nəzəri üzərlərində olsun. Biz Sizinlə fəxr edirik Azərbaycan əsgəri. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Turanə Allahverdiyevadan, Gəncə, Azərbaycan

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Mən əslən Füzuli rayonundanam. Dədə-baba torpaqlarımız işğaldan azad edildikdən bəri sevincimizin həddi-hüdudu yoxdur.
İnşallah, tez bir zamanda tam Qələbə çalarıq və işğal altında olan bütün ərazilərimiz yenidən bizim olar.
Ümid yalnız Sizədir, müzəffər Ali Baş Komandan və müzəffər Azərbaycan Ordusu!
Allah Sizi və bütün hərbçilərimizi qorusun.
Qarabağ Azərbaycandır!

Tərlan Abdullayevdən, Şəki, Azərbaycan

Cənab Prezident.
Vətənini, millətini canı, qanı bahasına qoruyan əsgərlərimizə Ulu Tanrı yar olsun. Torpaqlarımızın mənfur düşmənlərdən azad edilməsi uğrunda canından keçən şəhidlərimizə də Allah rəhmət eləsin. Mən də bir Azərbaycan gənci kimi hər zaman Vətən uğrunda döyüşə hazıram. Tanrı Sizi qorusun.

Şəhla Abdullayevadan, Neftçala, Azərbaycan

Müzəffər Ali Baş Komandan.
Artıq hər gün Sizin cəbhədəki uğurlarla bağlı xəbərlərinizi eşitməyə alışmışıq. Xalq olaraq Sizin arxanızdayıq və Sizə güvənirik. İnanırıq ki, tezliklə bütün torpaqlarımız işğaldan azad ediləcək, düşmən tapdağı altında bir qarış belə torpağımız qalmayacaq.
Müzəffər Ali Baş Komandanımız, bu gün mən fəxr edirəm ki, azərbaycanlıyam və Sizin kimi dövlət başçımız vardır.
Qarabağ Azərbaycandır!

Famil Umudovdan, Şamaxı, Azərbaycan

Hörmətli Prezident,
Mən - Umudov Famil Təvəkgül oğlu Şamaxı rayonunun Çarhan kəndində yaşayıram.
Allah Sizi qorusun. Sizin sayənizdə Azərbaycan günü-gündən inkişaf edir. Bildiyimiz kimi, Azərbaycan müharibə dövrünü mətinliklə yaşayır, əsgərlərimiz hər gün irəliləyir. Bunlara görə əsgərlərimizə borclu olduğumuz qədər Sizə də borcluyuq. Sizin uzaqgörənliyiniz və güclü siyasətiniz sayəsində Azərbaycan dövləti hər zaman zəfər çalacaq. İnşallah, bizim Bayrağımız tezliklə Qarabağda, Şuşada dalğalanacaq və bir daha enməyəcək. Şamaxı şəhəri də bu müharibə dövründə Sizin və Azərbaycan Ordusunun yanındadır. Şamaxıdan hərbi xidmətə gedən çağırışçılarla yanaşı, xeyli sayda könüllü ordu sıralarına qatılıb.
Cənab Prezident, bu Sizin düzgün siyasətinizin, çıxışlarınızın, güclü təşkilatçılığınızın nəticəsidir. Çünki biz Sizə güvənirik və Sizinlə fəxr edirik. Allah tezliklə bizə qələbə sevincini yaşatsın. Mən və həmkəndlilərim Sizə dərin təşəkkürümüzü bildiririk.
Ötən il baş vermiş zəlzələ zamanı Sizin göstərdiyiniz qayğı və diqqəti heç vaxt unutmarıq. Şamaxıda ziyan dəymiş evlər bərpa edilib və ya yenidən tikilərək insanlara verilib.
Hörmətli Prezident, son illərdə ölkəmizin əldə etdiyi uğurlar, sabit inkişaf Sizin adınızla bağlıdır. Bu, ulu öndər Heydər Əliyevin işlərinin davamıdır. İnanıram ki, Ordumuz qələbə çalacaq. Var olsun Prezidentimiz, Ali Baş Komandanımız ki, Azərbaycan tarixini zəfərlə yazır. Eşq olsun Prezidentimizə!

Mədinə Kəlbiyevadan, Lənkəran, Azərbaycan

Hörmətli Sərkərdəmiz.
Mən 5-ci sinifdə oxuyuram. Həmişə Sizin çıxışlarınızı televiziyadan izləyirəm və Sizi alqışlayıram. İşğal altında olan 4 rayonumuzu və 200-dən çox kəndimizi azad edərək özümüzə qaytardığınız üçün Sizə təşəkkür edirəm. Bu müharibə bizim haqq səsimizdir. Mənim atam da hazırda ön cəbhədə həkim-cərrah kimi çalışır. Mən hər gün Siz, atam və əsgərlərimiz üçün dualar edirəm. Allah Sizi də, atamı da, bütün əsgər və zabitlərimizi də qorusun! Tezliklə bütün Qarabağımız qaytarmaq ümidilə... Sizi çox sevirəm.
Qarabağ Azərbaycandır!

Paylaş: