İlham Əliyev Cozef Baydeni təbrik etdi
Prezident İlham Əliyev Cozef Baydeni Amerika Birləşmiş Ştatlarının yeni Prezidenti seçilməsi münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli cənab Bayden.
Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında siyasi, təhlükəsizlik, enerji, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurulmuşdur. Ölkələrimiz beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və transmilli cinayətkarlığa qarşı mübarizədə və NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyası çərçivəsində əməkdaşlıq edirlər.
İnanırıq ki, Sizin prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcəkdir.
30 ilə yaxın dövr ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal altında saxlayan Ermənistan bu ilin 27 sentyabr tarixindən başlayaraq Azərbaycan Ordusunun mövqelərini, dinc sakinləri və obyektləri iriçaplı silahlardan atəşə tutmaqla ölkəmizə qarşı növbəti hərbi təcavüz törətmişdir.
Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinin qəsdən və məqsədyönlü şəkildə atəşə tutulması nəticəsində aralarında çoxlu sayda azyaşlı olmaqla 93 mülki şəxs qətlə yetirilmiş, 400-dən çoxu yaralanmış, mülki obyektlər dağıdılmışdır. Digər ölkələrdən minlərlə insan Ermənistana gətirilmiş və bu ölkənin silahlı qüvvələrində muzdlu kimi xidmətə cəlb edilmişdir. Ermənistan ABŞ-ın da iştirakı ilə ərsəyə gəlmiş mühüm regional enerji və nəqliyyat infrastrukturlarını hədəfə almışdır.
Azərbaycan ABŞ və ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələrindən münaqişənin ədalətli həlli istiqamətində səylərini daha da artıracağını gözləyir. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarmaqla bağlı dəqiq vaxt cədvəli təqdim etməlidir. Azərbaycan münaqişənin həlli üzrə mahiyyətli danışıqlara bu əsasda hazır olduğunu dəfələrlə bəyan etmişdir.
Azərbaycanın indiyə qədər işğaldan azad etdiyi və hələ də işğal altında qalan ərazilərində mülki infrastruktur Ermənistan tərəfindən tamamilə məhv edilmişdir. Biz həmin ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirəcək, bütün tarixi, dini və mədəni abidələri bərpa edəcəyik.
Azərbaycan Dağlıq Qarabağda azərbaycanlı və erməni icmalarının sülh, təhlükəsizlik və qarşılıqlı hörmət əsasında birgə yaşayışını təmin etməyə hazırdır.
Bir daha Sizə səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, dost Amerika xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".
Oxşar xəbərlər
İlham Əliyev Laçınla bağlı xalqı təbrik etdi
Son Xeberler
Azərbaycan Prezidenti Özbəkistan Həmkarını Təbrik...
Bugun.az
İlham Əliyev Giorgi Qaxariyanı təbrik etdi
Son Xeberler
Prezident 1-ci Ordu Korpusunun komandirini təbrik...
Son Xeberler
Prezident Qubadlının azad olunmasına görə komandir...
Son Xeberler
Baydendən ilk tələb: "Əliyev və Ərdoğana qarşı san...
Son Xeberler