Ölkənin baş stomatoloqu vətəndaşlara çağırış etdi
Dişlər yonularkən havaya dağılan aerozol şəklində damlacıqlar həm həkimin, həm də həmin pasiyentdən sonra müraciət edən vətəndaş üçün risk amili sayılır.
Qlobal bəla sayılan yeni növ koronavirus (COVID-19) infeksiyası, çox təəssüf ki, bizim respublikamızdan da yan keçmədi. COVID-19 pandemiyasının tam aradan qalxmasını səbirsizliklə gözləsək də, hələ ki ona qarşı peyvəndin olmaması və spesifik müalicə vasitəsinin tapılmaması bizim bu infeksiya ilə hələ bir müddət yaşamalı olacağımız anlamına gəlir.
Bunu Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasının müdiri, respublikanın baş stomatoloqu, tibb elmləri doktoru, professor Nazim Pənahov deyib. O bildirib ki, belə bir məqamda stomatoloqların da üzərinə çox böyük məsuliyyət düşür: “Bu infeksiya yaxın təmas, eləcə də hava-damcı yolu ilə ötürülür. Stomatoloqlar isə bu iki ötürülmə vasitəsinin, belə desək, özəyində çalışırlar: bir tərəfdən, pasiyentlə həkim-stomatoloq arasındakı fiziki məsafənin tam yaxın olması, digər tərəfdən də ağız boşluğunun tüpürcək mühiti. Burada artıq tüpürcək damlacıqları ilə yaxın təmasdan deyil, birbaşa onun yarandığı və yerləşdiyi mühitdəki küllü miqdardakı təmasdan söhbət gedir. Bu baxımdan, stomatoloqun etdiyi kiçik səhlənkarlıq, yaxud onun gigiyena qaydalarına riayət zamanı etdiyi səhv nəinki özünün, eləcə də ailəsinin, yaxın çevrəsinin, həmçinin digər xəstələrin və ümumilikdə işlədiyi klinikadakı bütün personalın yoluxmasına səbəb ola bilər. Təbii ki, bunları göz önünə almaqla hər bir həkimin bilməli olduğu xüsusilə vacib olan bir qızıl qaydaya riayət edilməlidir. Yaxınlıq və qohumluq dərəcəsindən asılı olmadan, hər bir müraciət edən şəxsə potensial virus daşıyıcısı kimi baxılmalıdır. Onun müayinəsi və müalicəsi zamanı heç vaxt bu ehtiyat əldən verilməməlidir. Əgər stomatoloq özünü bu infeksiyadan qoruyacaqsa, deməli, ətrafını da yoluxdurmayacaq.
Bu infeksiya yayılmadan öncə də ağız boşluğu xüsusi təhlükəli infeksiyaların, məsələn QİÇS, hepatit, vərəm, sifilis və s. infeksiyaların potensial yayılma ocağı sayılırdı. Lakin bu qızıl qaydaya riayət edən həkimlər, təbii ki, həmin infeksiyalara yoluxmur və başqasına da yaymırdı. İndi də bu sıraya COVID-19 qatılıb. Sadəcə, vacib gigiyenik qaydalara mütləq riayət edilməlidir.
Belə bir xırdalığı misal çəkmək istərdim. Məsələn, mən bir həkim olaraq, əlimə əlcək, üzümə maska taxıramsa, bu artıq mənim şüurumda həmin nahiyələrin bulaşmış olduğu anlamı yaradır. Heç vəchlə əlimdəki əlcəklə üzümdəki maskaya, yaxud bədənimin başqa nahiyələrinə, məsələn, saçıma, alnıma, eləcə də məni əhatə edən avadanlıqlara, otaqdakı mebelin rəflərinə, qapılarına və s. yerlərə toxunmuram. Əgər yardımçı personal otaqda deyilsə və mən məcbur qalıb nəyəsə toxunmalıyamsa, məsələn, mebelin qapısını, yaxud su kranını açmalıyamsa, onu sərbəst saxladığım və xəstə ilə təmas etdirmədiyim çeçələ barmaqlarımla, yaxud əlimin arxası yaxud dirsəyimlə edirəm. Mən bu vərdişin vətəndaşlarda da yaranmasını çox arzulayardım. Belə ki, hərdən marketlərdə fikir verirəm ki, maska və əlcək taxan bəzi şəxslər həmin qoruyucu vasitəni səhvən daha çox bulaşdırıcı vasitə kimi işlədirlər. Nəticə isə bir çox hallarda arzuedilən olmur”.
O, hazırda vətəndaşların bir çoxunun virusa yoluxmamaq üçün stomatoloqlara müraciət etməməsi məsələsinə də toxunub: “Vətəndaşların stomatoloqlarla bağlı olan narahatlığı başa düşüləndir, əsassız da deyil, lakin tədbirli olsaq, bir o qədər də qorxulu deyil. Əgər vətəndaşlarda həkim-stomatoloqa müraciət etmək zərurəti yaranarsa, məsələn, dişlərində kəskin ağrı, gecə ağrıları, daimi sızıltı və s. bu kimi hallarda, təbii ki, ehtiyat tədbirləri görülməklə, eləcə də gedilən stomatoloji klinikada bu tədbirlərə ciddi əməl olunmasına əmin olduqdan sonra müalicə üçün müraciət etmək olar. Həkim özünü qorumağa çalışacaqsa, deməli, pasiyenti də qoruyacaq. Lakin estetik baxımdan bəzi konstruksiyaların hazırlanması, yaxud dişlərin ağardılması və digər bu kimi planlı işləri bir müddət təxirə salmaq olar. Belə ki, həmin estetik prosedurlar vətəndaşların həkim qəbuluna uzun müddət gəlməyinə səbəb olacaq. Bu da pasiyentin həmin klinikada olma müddətini və təsadüfən yoluxma ehtimalını artıra bilər. Eləcə də dişlər yonularkən havaya dağılan aerozol şəklində damlacıqlar həm həkimin, həm də həmin pasiyentdən sonra müraciət edən vətəndaş üçün risk amili sayılır.
Ağız boşluğunun gigiyenasına ciddi riayət etmək bu virus yayılmazdan öncə də vacib idi, indi də təbii ki, önəmlidir. Əsas məsələ immun sistemini zəiflətməməkdir. Çünki bədənimiz elə qurulub ki, güclü immunitetə malik olsaq, istənilən infeksiya ilə mübarizə apara bilərik. Bir də ki son zamanlar bəzi vətəndaşlarda bir qədər pessimist əhval-ruhiyyə hiss edilməkdədir. Sanki bu virusa yoluxan hər kəs dünyasını dəyişir. Düşünürəm ki, bu fikrə bir az tənqidi yanaşmalı, dünya üzrə yoluxanların 99 faizinin COVID-19-u yüngül və orta, yalnız 1 faizinin ağır keçirdiyini nəzərə almalıyıq. Lakin tədbirlərə riayət etməklə, özümüzü qorumaqla, təbii ki, ətrafdakıları da mühafizə etmiş olarıq”.
Etiketlər
Oxşar xəbərlər
ASAN-ın rəhbəri vətəndaşlara müraciət etdi
Son Xeberler
Vətəndaşlara “səfərbərlik SMS-i” göndərilib -
Son Xeberler
Orduya könüllü yazılanların sayı 38 minə çatdı
Son Xeberler
Müdafiə Nazirliyi vətəndaşlara çağırış etdi
Son Xeberler
23500-dən çox şəxs könüllü orduda xidmət etmək ist...
Son Xeberler
Bakıda evləri su basdı:
Son Xeberler