Putinlə Köçəryanın 1 saatlıq telefon danışığı - Kim kimə nə deyib...

30.12.2020 07:16 304 baxış sayı 10 dəq. oxuma
Putinlə Köçəryanın 1 saatlıq telefon danışığı -

Rusiya prezidenti Vladimir Putin Ermənistanın keçmiş prezidenti Robert Köçəryana zəng edib. Telefon danışığı Rusiya liderinin təşəbbüsü ilə baş tutub. Kremlin sahibi və Ermənistanın 2-ci prezidenti düşmən ölkədə baş verən son hadisələri müzakirə ediblər.

Putinin bu telefon zəngi çoxsaylı suallara yol açıb. Putinin Köçəryanla nəyi müzakirə edə biləcəyi ciddi müzakirələr doğurub. Bu, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətinə növbəti zərbə kimi izah edilir. Nikolun devirdiyi “Qarabağ klanı”nın revanş etmək üçün hərəkətə keçdiyini düşünənlər də var. Doğrudur, bu klanın liderləri sayılan sabiq prezidentlər Sərkisyan-Köçəryan cütlüyünün II Qarabağ savaşında rüsvayçı məğlubiyyət almasına baxmayaraq, Paşinyan iqtidarını devirmək şansları elə də böyük dəyərləndirilmir. Belə olan halda, Putinin Köçəryana nə üçün zəng etdiyi müzakirələrə səbəb olmaya bilməzdi. Bütün bu və ya digər baş verənlərdən çıxış edərək günlər öncə Paşinyanın erkən parlament seçkiləri keçirilməsi mövzusunda siyasi qüvvələrlə məsləhətləşmələr aparmağa hazır olduğunu bəyan etməsi və artıq bu görüşlərə start verməsinin də təsadüfi olmadığı vurğulanır. Eyni zamanda, “Qarabağ klanı”nın hakimiyyətə gəlmə şansları gözardı da edilmir.

Politoloq Elçin Mirzəbəylinin ehtimalları belədir: “İndiki şəraitdə Rusiya prezidenti Vladimir Putinlə Robert Köçəryanın telefon danışığı Ermənistandakı daxili proseslərdən daha çox etnik ermənilərin yaşadığı Azərbaycan əraziləri ilə bağlı ola bilər. Çox güman ki, mövzu ”Qarabağ klanı"nın postmüharibə dövründəki mövqeyi ilə əlaqədardır. Çünki klanın Ermənistanda yenidən hakimiyyətə yiyələnməsi indiki şəraitdə inandırıcı görünmür. Ermənistandakı etirazlara baxmayaraq, revanşist qüvvələrə ciddi ictimai dəstək nəzərə çarpmır və Ermənistan vətəndaşları yaşadığı problemlərin əsas səbəbkarı kimi “Qarabağ klanı”nın nümayəndələrini görürlər. Digər tərəfdən, Köçəryan, Sərkisyan, yaxud klanın digər hansısa bir nümayəndəsinin Ermənistanda yenidən hakimiyyətə yiyələnməsi postmüharibə dövründə həyata keçirilməsi nəzərdə tutulan bütün prosesləri şübhə altına qoya bilər. Azərbaycan rəsmiləri heç bir halda Köçəryan-Sərkisyan cütlüyünün birbaşa və ya dolayısıyla iştirak etdiyi heç bir prosesə qatılmayacaqlar. Ermənistanda müharibə cinayətkarlarının hakimiyyətə yiyələnməsi yeni və daha genişmiqyaslı hərbi əməliyyatlara yol aça bilər ki, bu region dövlətlərinin, o cümlədən Rusiyanın maraqlarına uyğun deyil.

Elçin Mirzəbəyli: Azərbaycan Prezidenti növbəti dəfə Paşinyanı siyasi  arenada darmadağın etdi

Elçin Mirzəbəyli: “Paşinyanın erkən seçimə getmək niyyətinin əsas səbəblərindən biri...”

Ümid edirəm ki, Rusiya prezidenti bu reallıqları (keçmiş) Mərkəzi Kəşfiyyat İdarəsinin (QRU) agentinin diqqətinə çatdırıb və revanşizmin hansı acınacaqlı nəticələrə gətirib çıxaracağını ona başa salıb. Ermənistanda, indiki şəraitdə hərbi çevrilişə cəhd göstərilməsi vətəndaş qarşıdurmasına yol aça bilər. Çünki Ermənistan ordusunun və təhlükəsizlik qüvvələrinin bir hissəsi məğlubiyyət sindromundan ayılmasalar belə, yeni müharibənin başlanmasını arzulamırlar. Həmçinin Paşinyanın orduya gətirdiyi şəxslərin bir hissəsi Qarabağ savaşının qaynar nöqtələrində olmayıblar. Düşünürəm ki, bu məqamın özü də ciddi araşdırma və təhlil mövzusu ola bilər. Paşinyanın erkən seçimə getmək niyyətinin əsas səbəblərindən biri müharibədən sonrakı reallığı Ermənistan daxilində legitimləşdirilməsi ilə bağlıdır. Revanşist qüvvələrə ictimai dəstəyin olmaması, həmçinin Qərb institutlarının sorğularının nəticələri ölkə vətəndaşlarının qarşıdakı mərhələdə Paşinyanla, yaxud “Qarabağ klanı”na aid olmayan başqa biri ilə yola davam etmək niyyətini ortaya qoyur. Prosesdə sabiq prezident Levon Ter-Petrosyanın önə çıxması ehtimalı da var".

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”

Əhəd Məmmədli: “Kreml nə istəyir, Nikol da onu edir, niyə onu dəyişsinlər ki?”

Siyasi şərhçi Əhəd Məmmədli də Paşinyanı Kremlin devirmək fikrində olmadığını düşünür: “Putinin də söylədiyi kimi Köçəryan onun dostudur. Xocalı qətliamının memarı rus prezidentin dostudur. İki ”dost" çox şeydən danışa bilər. Təbii ki, əsas mövzuları Ermənistan, Qarabağ olacaqdır. Məsələ məhz Köçəryanla-Sərkisyanın hakimiyyətə qayıtmasından getmir. Söhbət İrəvanda Rusiyanı qane edən iqtidarın olmasından gedir. Rusyönümlü iqtidar indi də İrəvanda var. Ermənistanın Azərbaycana məğlubiyyətindən sonra Paşinyan tam olaraq Putinin qucağında oturub, Kreml nə istəyir, Nikol da onu edir, niyə onu dəyişsinlər ki? Düşünürəm ki, əksinə, Putin Köçəryana tapşırıb ki, bu ərəfələrdə sakit dursun. Həmçinin Putin də bilir ki, Ermənistanda Köçəryan-Sərkisyan “Qarabağ klanı”na nifrət edirlər və onlar əksinə, məsələlərə ziyan verərlər. Ona görə də onlara sakit oturmaq tapşırığı verilib. 44 günlük müharibədə “Qarabağ qəhrəmanlarını” görmədik. Deşiklərinə elə girmişdilər ki, çıxmaq bilmirdilər. Köçəryanı da eynən guya korona tutmuşdu. Müharibədən sonra da “Qarabağ klanı” Paşinyana qarşı mitinqlərdə elə də aktiv iştirak etmədi. Çünki Moskvadan onların stop düymələri basılmışdı. Çevriliş etməyin mənası da qalmır. Çünki Paşinyan erkən seçkilər elan edib. Seçkilərdə Moskvaya uyğun qüvvələrin hakimiyyətdə qalması və ya iqtidara gəlməsi müzakirə edilib və bu məsələdə Köçəryan Putindən tapşırıqlar alıb. Kreml tərəfindən Köçəryana Paşinyanı, Tsarukyanı və ya başqa rusyönümlü qüvvələri dəstəkləmək əmri verilə bilər. Müxtəlif rusyönümlü qüvvələrdən koalisiya da qurula bilər. Əsas məqsəd qərbyönümlü qüvvələri yenidən İrəvanda hakimiyyətə buraxmamaqdır. Ermənilər ruslara nifrət edirlər. Çünki Azərbaycanla müharibədə Rusiyanın onları satdığını hesab edirlər və ona görə də Moskva Ermənistanda qərbyönümlü qüvvələrin revanşından ehtiyatlanır. Düzdür, bu, indiki şərtlərlə az ehtimal olunsa da, yenə də Rusiya işini ehtiyatlı tutur. Yuxarıda qeyd etdiyim mövzular ətrafında Putin-Köçəryan müzakirələri gözlənilir".(Yeni Müsavat)

 

Paylaş: