14.08.2020 10:39
6 abunə
356
Rusiya Ermənistana 400 ton silahı niyə göndərib? - ŞOK DETALLAR - VİDEO
Dövlət başçısının Rusiya prezidentinə zəng edərək Rusiyadan Ermənistana 400 tondan çox hərbi təyinatlı yük daşınması məsələsinin aydınlaşdırılmasını istəməsi bir daha göstərdi ki, Prezident İlham Əliyev beynəlxalq arenada Azərbaycanın milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla müdafiə edir.
İyul ayında Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat, Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutduğu bir vaxtda şimal qonşumuz bu ölkəyə müasir silahlarla dolu 9 hərbi təyyarə göndərib. Ələlxüsus döyüşlərin qızğın gedən vaxt – iyulun 17-də Rusiyadan Qazaxıstan, Türkmənistan və İranın hava məkanlarından keçməklə İrəvana 2 aviareys həyata keçirilib.
Bu fotolardan aydın görünür ki, Rusiyaya məxsus il-76TD hərbi-nəqliyyat təyyarələri 210 dəqiqə ərzində 2 mindən çox kilometr məsafə qət edərək Rostov - Mineralnıye Vodı - Aqtau – Türkmənbaşı - Novşəhr – Rəşt- Meğri – İrəvan marşrutu ilə həmçinin 18, 20, 27, 29 iyul və 4 avqust tarixlərində 1 reys və 6 avqustda 2 reys yerinə yetirib. Cəmi 20 gün ərzində Rusiyadan Ermənistana 400 tondan çox hərbi təyinatlı yük daşınıb. Yüklərin cəmi 500 kilometr keçməklə Gürcüstan üzərindən daşınması daha asan görünsə də, şimal-qərb sərhədimizdəki qonşumuz prinsipiallıq göstərərək buna imkan verməyib.
Qazaxıstan, Türkmənistan və İrana gəlincə isə Azərbaycan bu dövlətlərin müvafiq strukturlarını artıq mövcud məsələ ilə bağlı agah edib. Silah daşınmasında digər ölkələrin hava məkanlarından istifadə qaydalarına görə, həmin ölkələr daşınan yük və onun son təyinat nöqtəsi barədə məlumatlandırılmalıdır. Bütün bu qaydaların gözlənilib – gözlənilməməsini isə araşdırmaların nəticəsi göstərəcək.
Rəsmi Moskvanın daim Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllinə və münaqişə zonasında gərginliyin azaldılmasına səy göstərdiyini bəyan etsə də Rusiyanın bu cür canfəşanlıqla Ermənistana silah göndərməsi anlaşılan deyil. Əslində Rusiyanın Cənubi Qafqaza silah tədarükü təəccüblü deyil. Rusiya hərbi-sənaye kompleksi məhsulları həm Ermənistana həm də Azərbaycana tədarük olunur. Amma bu məsələdə bərabərliyin nə dərəcədə qorunması böyük sual doğurur.
Azərbaycan Rusiya silahlarını dünya bazar qiymətləri ilə əldə edir.. Ermənistan isə yalnız rəsmi sürətdə Rusiya silahlarını Rusiyanın daxili qiymətləri ilə guya əldə edir, halbuki Moskvadan bunu hədiyyə olaraq alır. Ən yaxşı halda isə Rusiya silah alışına görə İrəvana kredit təqdim edir. Indiki halda isə Rusiya Ermənistana olduqca baha spesifik hərbi texnika göndərib. Özü də bu, Ermənistan Silahlı Qüvvələrinin Tovuz istiqamətində təşkil etdiyi hücumlarının dalana dirəndiyi və qorxudan həyacanlanmağa başladığı bir vaxtda baş verib.
Nəzərə alsaq ki, söhbət nə az nə çox, 7 hərbi təyyarə dolu yükdən gedir, Ermənistanın bu silahları hətta öz pulu ilə ala biləcəyi mümkünsüzdür. Bu eyni zamanda qərarların ən yüksək səviyyədə verildiyini göstərir. Bütün buların fonunda Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinə telefon zəngi, ölkə başçısının Azərbaycanın milli maraqlarını beynəlxalq arenada qətiyyətlə müdafiə etdiyindən xəbər verir.
Millət vəkili Hikmət Babaoğlu hesab edir ki, bu mərhələdə Azərbaycanın atacağı addımlar və öz milli maraqlarını qorumağı yeni keyfiyyət kəsb etməkdədir ki, bu proses də Azərbaycan prezidentinin Rusiya prezidenti ilə danışığı və orda qaldırılan məsələlər də şübhəsiz ki, milli maraqlarımızın və regiondakı hərbi siyasi geostrateji vəziyyətin müzakirə olunması baxımından çox əhəmiyyətlidir. Bəlli olur ki, Rusiya Federasiyası Ermənistanı silahlandırmaqda davam edir, bənzər hadisələri biz ermənistan Azərbaycan dağlıq qarabağ münaqişəsi boyu həmişə müşahidə etmişik.
Təbii ki, Rusiyadan Ermənistana silah tədarükü yeni mövzu deyil. Hələ 1997-ci ildə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Lev Roxlin Rusiyadan Ermənistana 1 milyard ABŞ dolları məbləğində qeyri-qanuni silah göndərilməsi barədə məlumat vermişdi. Ümummilli lider Heydər Əliyev bu məsələyə dərhal kəskin reaksiya verib və Azərbaycanın etirazından sonra məsələnin araşdırılması üçün Rusiyada komissiya yaradılıb, cinayət işi açılmışdı. Həmin vaxt Vladimir Putin də silah qalmaqalının araşdırılması prosesinə cəlb olunmuşdu. Bütün bu faktlar təsdiq edir ki,
- Rusiyanın Ermənistanı silahlandırmasını davam etdirməsi işğalçı ölkəyə dəstəkdir;
- Silahlandırma münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir;
- Silahlandırma mövcud status-kvonun saxlanmasına xidmət edir;
Acınacaqlı və aciz durumda olan Ermənistan ardıcıl zərbələr alır və 2020-ci ilin iyulunda Tovuz döyüşləri bunun əyani sübutu oldu. Buna görə də silahlar Ermənistana pulsuz verilir.
Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun ATƏT Minsk Qrupunun həmsədri statusuna, üzərinə düşən öhdəliklərə və 2009-cu il iyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentlərinin "Böyük səkkizlik"in İtaliyanın Akvil şəhərində keçirilən toplantısı çərçivəsində imzalanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatda və 2010-cu il iyunun 26-da ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatda əksini tapmış mövcud status-kvonun qəbuledilməliyi prinsipinə ziddir.
Millət vəkilinin fikrincə, hazırkı mərhələdə də əslində Ermənistanın silahlandırılması işğalçı ölkənin işğalı davam etdirməyə həvəsləndirilməsi deməkdir, mövcud status kvonun qəbul elədirməsi cəhdləri kimi başa düşülməlidir, və nəhayət regionda vəziyyəti də daha da gərginləşdirmək deməkdir ki, bu əsla və əsla böyük dövlət olan rusiya federasiyası üçün qəbul edilən bir hadisə olmamalıdır.
Ermənistan Tovuz döyüşlərində də güclü zərbə aldı. Aprel döyüşlərindən sonra Tovuz döyüşləri də bir daha Ermənistanın gücsüzlüyü və acizliyini göstərdi. Bununla da aciz durumda qalan Ermənistana Rusiya pulsuz olaraq silah tədarükünə başladı. Bütün bunlara baxmayaraq Azərbaycanın milli maraqlarına təsir edən hər bir məsələ Prezident İlham Əliyevin xüsusi nəzarətindədir və bununla əlaqədar istənilən ölkə, beynəlxalq qurum qarşısında məsələ qaldırılır, onların həllinə nail olunur.