🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Vətəndaşların problemi köklü şəkildə həll olunacaq - Deputatdan MÜJDƏ

12.02.2021 16:22 302 baxış sayı 8 dəq. oxuma
Vətəndaşların problemi köklü şəkildə həll olunacaq -

Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dövlət qurumunun Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Bildirilir ki, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.

Bu dəyişiklik ölkənin iqtisadi-siyasi və sosial həyatına necə təsir edəcək?

Bu və digər suallara aydınlıq gətirmək üçün ekspertlərlə əlaqə saxladıq.

Millət vəkili, iqtisadçı ekspert Azər Badamov Baku.ws-ə açıqlamasında bildirdi ki, Azərbaycan İnvestisiya Holdinqi yaradılanda məqsəd bir çox dövlət idarələrinin, şirkətlərinin fəaliyyətlərində səmərəliliyin təşkil edilməsi olub.

“Biz bilirik ki, Holdinqə verilən şirkətlərdən dövlət vəsaitlərinin sərf olunmasında, gəlirliyin təmin olunmasında, xərclərin sərf olunmasında lazımi perspektivlilik müşahidə olunmayıb. Ona görə də bu dövlət şirkətlərinin hamısı Azərbaycan İnvestisiya Holdinqinə verilir və bir mərkəzdən bütün şirkətlərin fəaliyyətinə nəzarət olunacaq”, - deyə Azər Badamov bildirib.

Deputat qeyd etdi ki, o şirkətlərin İnvestisiya Holdinqinə verilməsi həm investisiya layihələrinin yerinə yetirilməsinə, həm də görülən işlərin keyfiyyətinə, effektliliyinə, nəticədə isə artıq və lüzumsuz xərclərin aradan çıxmasına təsirini göstərəcək:

“Düşünürəm ki, Azərbaycan İnvestisiya Holdinqi onun tabeliyinə verilmiş bütün şirkətlərin idarəetmə formasını bir mərkəzdən həyata keçirməklə, şirkətlərin səmərəliliyini, rentabelliliyini artıracaq.

Burada həm də idarəetmənin təkmilləşdirilməsi məsələsi öz həllini tapmış olur. Yəni cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə geniş islahatlar prosesi həyata keçirilir. Azərbaycan İnvestisiya Holdinqinin yaradılması və bir çox müəssisələrin bu Holdinqə verilməsi ölkəmizdə həyata keçirilən islahatların tərkib hissəsidir”.

A.Badamov bildirdi ki, sözügedən şirkətlərdə mövcud problemlər həll olunacaq:

“Məqsəd gələcəkdə yeni problemlərin yaranmamasıdır. Yəni Azərbaycan İnvestisiya Holdinqinin nəzarəti altına keçəndən sonra mövcud olan problemlər bir daha meydana gəlməyəcək və həmin şirkətlər öz rentabelliliyini qoruyub saxlayacaq.

Artıq borclanmaya imkan verilməyəcək, xərclərin səmərəliliyi artırılacaq. Biz bu dövlət şirkətlərinin fəaliyyətində gəlirlərin artımını müşahidə edəcəyik”.

Sözügedən dövlət şirkətlərinin İnvestisiya Holdinqinin nəzarətinə keçdikdən sonra özəlləşməsinə gəlincə, A.Badamov ehtimal edir ki, ola bilər gələcəkdə hər hansı bir özəlləşmə olsun, dövlət-özəl müştərək fəaliyyət formaları tətbiq olunsun.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli Fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə bir sıra dövlət şirkətləri və müəssisələri, habelə dövlət payı olan təsərrüfat cəmiyyətləri daxil edilib.

Bunlar aşağıdakılardır:

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti

“Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti

“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

“AzerGold" Qapalı Səhmdar Cəmiyyəti

“Azərenerji" Açıq Səhmdar Cəmiyyəti

“Azərsu" Açıq Səhmdar Cəmiyyəti

“Azərişıq" Açıq Səhmdar Cəmiyyəti

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC

“Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti

“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

“Təmiz şəhər ASC" Açıq Səhmdar Cəmiyyəti

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar:

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti

“Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti

“Azerbaijan International Telecom" Məhdud Məsuliyyətli Cəmiyyəti

“Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti

“Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti

Paylaş: