
Amazon Android Platformasını Tərk Edirmi? Yeni Linux Əsaslı Vega OS Pirat Yayınlara Qarşı Mübarizəyə Başlayır

Amazon texnologiya dünyasında ciddi bir dəyişikliyə başlayıb. Şirkət bəzi yeni nəsil cihazlarında Android əsaslı platformanı kənara qoyur. Yeni təqdim edilən Fire TV Stick 4K Select modelində Amazon, Android əsaslı Fire OS-i Linux nüvəsinə əsaslanan Vega OS adlı yeni bir əməliyyat sistemi ilə əvəz edib. Bu dəyişiklik, uzun müddətdir tənqid hədəfi olan pirat yayımlarla mübarizədə Amazon üçün yeni bir dövr açır.
Bu strateji dəyişikliyinin əsas səbəbi pirat yayımların və icazəsiz proqramların cihazlara quraşdırılmasının qarşısını almaqdır. Dərc olunan hesabatlara görə, Vega OS "sideloading" (kənar yükləmə) adlanan üsul vasitəsilə istifadəçilərin cihaza kənardan tətbiqlər yükləməsinə mane olur. Android əsaslı Fire OS-dən fərqli olaraq, bu yeni Linux sistemi istifadəçiləri yalnız Amazon-un rəsmi Fire TV Tətbiq Mağazasına yönləndirir. Bu xüsusiyyət cihazlara qeyri-qanuni striminq tətbiqlərini quraşdırmağı çətinləşdirir. Amazon bununla pirat yayıma qarşı mübarizədə yeni bir silah qazanır.
Bu xəbərlərdən sonra Amazon vəziyyətə aydınlıq gətirən bir açıqlama yaydı. Şirkət sözçüsü Vega OS-in mövcud əməliyyat sistemi strategiyasını "əvəz etmədiyini, sadəcə genişləndirdiyini" vurğuladı. Açıqlamada Amazonun "çox əməliyyat sistemli bir şirkət" olduğu və Android əsaslı Fire OS-in heç bir yerə getmədiyi bildirildi. Amazonun izahına görə, Vega OS, həm yaddaşı az olan daha sərfəli cihazlar, həm də Alexa+ kimi mürəkkəb süni intellekt proqramları işlədən qabaqcıl qurğularda daha çox çeviklik təmin etmək üçün hazırlanıb. Şirkət, bu addımın məzmun yaradıcılarını dəstəkləmək və müştəriləri zərərli proqramlardan, viruslardan və fırıldaqçılıqdan qorumaq məqsədi daşıdığını bildirir.
Amazon pirat yayımçılıqla mübarizə aparmaq üçün UEFA da daxil olmaqla, təxminən 50 media şirkətindən ibarət olan Yaradıcılıq və Əyləncə Alyansı (ACE) ilə əməkdaşlıq edir. Xüsusilə idman hadisələri pirat yayımların əhəmiyyətli bir hissəsini təşkil edir və MUSO-nun 2024-cü il hesabatına görə, yayımçılar milyonlarla dollar gəlir itirirlər. Bu hərəkət Amazon-un Prime abunəçiləri üçün tətbiq etdiyi şifrə paylaşımı məhdudiyyətlərindən sonra atılan növbəti addımdır. Hazırda yalnız Fire TV Stick 4K Select modelində mövcud olan Vega OS qorumalarının gələcəkdə köhnə cihazlara da şamil edilməsi planlaşdırılır. Amazon təsdiqlənmiş proqram təminatçı hesablarına yeni platformada tətbiqləri sınaqdan keçirməyə icazə verəcək, lakin köhnə Android əsaslı cihazların tamamilə bu yeni Linux sisteminə köçürülməsi hələ texniki suallar doğurur.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Android 16 ilə Telefonunuz Linuxa Çevrilir!
Texnologiya xəbərləri

Facebook Linux-a qadağa qoydu?
Texnologiya xəbərləri

CERN-in Əməliyyat Sistemi Sosial Mediada Sensasiya...
Texnologiya xəbərləri

Amazon “Temu”ya Qarşı: Yeni “Bazaar” Ticarət Platf...
Texnologiya xəbərləri

Xiaomi-dan Android 16 Yenilənməsi Almayacaq Telefo...
Texnologiya xəbərləri

ROG Ally X: Linux Əməliyyat Sistemi Windows 11-dən...
Texnologiya xəbərləri


