🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Sabirabadda məclisdə qanlı dava: Müğənni ilə mübahisə edən qohumunu bıçaqladı

31.10.2024 18:06 36 baxış sayı 8 dəq. oxuma
Sabirabadda məclisdə qanlı dava:

Sabirabad rayonunda 1992-ci il təvəllüdlü Elmin Abdullayev şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Ceyhun Mehdiyevi öldürməyə cəhd edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 23-də Sabirabad rayonu Xankeçən kəndində baş verib. Elmin həmin gün saat 18 radələrində qaynının hərbi xidmətə yola salınması münasibətilə qayınatasının Xankeçən kəndində yerləşən evində təşkil edilmiş məclisdə yeyib-içdikdən sonra alkoqol sərxoşluğu vəziyyətində olub.

Daha sonra o, həmin gün, saat 23:45-də digər qonaqlarla birlikdə evin qarşısındakı küçəyə çıxıb. Həmin vaxt məclisdə iştirak etmiş kənd sakini yolla keçən tanışının ünvanına zarafatyana nalayiq ifadə işlətməsini eşidib və sonuncuya heç bir səbəb olmadan irad bildirib.

Onların söhbətinə həmin vaxt orada olan Ceyhun müdaxilə edib, həmin şəxsə yönəlmiş iradının əsassız olduğunu bildirib. Elmin bunu bəhanə edərək Ceyhunun üzərinə hücum edib və onu nalayiq ifadələrlə söyərək təhqir edib. Sonra isə yumruqları ilə baş və bədənin müxtəlif nahiyələrinə zərbələr endirib.

Bu vaxt hadisə yerində olan kənar şəxslərin müdaxiləsindən sonra Ceyhun hadisə yerindən uzaqlaşmaq üçün Elminin əlindən çıxaraq yaşadığı evə doğru istiqamətlənib. Lakin Elmin Ceyhunu öldürmək qərarına gəlib. 

Elmin həmin vaxt evinə doğru hərəkət etməkdə olan Ceyhunun arxasınca təqib edib və onu küçədə tutub. O, özündə olan bıçaqla Ceyhuna zərbələr vurub. Elmin bıçağın tiyəsinin sındığını görüb və hadisə yerindən qaçıb. 

Həmin vaxt Ceyhunun özünün çağırışı ilə hadisə yerinə gəlmiş yeznəsi tərəfindən vaxtında Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırıldığından və ixtisaslı tibbi yardımla təmin olunmaqla həyatı xilas edilib.

Hadisəni törədən Elminin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmin ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Ceyhunu əvvəllər tanımayıb: “Qayınatam Kərəmin oğlu Məhəmmədin Xankeçən kəndindəki evlərində keçirilən əsgərlik mərasiminə qonaq getdim. Ailəm də orada olub. Məclis axşam saat 18 radələrində başladı. Gecə saat 1 radələrinə kimi məclisdə olaraq spirtli içki olan araq qəbul etdik, sərxoş olduq. Saat 1 radələrində ev sakinləri ilə sağollaşaraq evə qayıtmaq istədim. Bu vaxt təkbaşına evdən çıxdım ki, taksi sürücüsünə zəng edim. Bu zaman arxam ilə məclisdən insanlar çıxaraq darvazanın qarşısında təxminən 3 metr məsafədə adının sonradan Ceyhun olduğunu öyrəndiyim bir şəxsin yüksək səslə təhqirlər işlətdiyini eşitdim. Həmin vaxt nə baş verdiyini anlamasam da, sonradan Ceyhunun müğənni ilə mübahisə etdiyini öyrəndim. Həmin vaxt ətrafdakı şəxslər Ceyhunu sakitləşdirməyə çalışdılar. İlkin olaraq əlimi ağzına tutaraq Ceyhuna tərəf çevrildim, ona sakit durmasını, təhqir işlətməməsini bildirdim. Lakin, Ceyhun mənə məhəl qoymadı, kimisə söydü”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Ceyhun əli ilə onu çağırıb, onun anasının ünvanına nalayiq sözlərlə söyüb: “Mən Ceyhuna yaxınlaşaraq söyməməsini dedim. Həmin vaxt Ceyhun sağ əlimi boğazıma ataraq sıxmağa başladı. Sol əlimi də ətrafdakı şəxslər tutaraq saxladılar. Bu zaman Ceyhun məni dartarkən ikimiz də sağ tərəfə doğru yerə yıxıldıq. Yerdən qalxdıqdan sonra Ceyhun mənə qarşı təhqirlər işlətdi. Mənim bu təhqirimi eşidəndən sonra əsəbiləşdim və gödəkcəmin sol iç cibimdə olan mətbəx bıçağını çıxararaq onunla Ceyhuna çoxsaylı zərbələr vurdum. Hadisə vaxtı Ceyhunun hansı nahiyələrinə zərbə vurduğumu xatırlamıram. Daha sonra bıçağın kəsici yeri qırıldı və dəstəyi əlimdə qaldı. Əvvəl onun qırıldığını anlamadım. Kənara çəkiləndə bıçağın kəsici yerinin olmadığını gördüm. Daha sonra dəstəyi də kənara atdım. Ceyhun isə həmin vaxt yerdə oturmuş və ətrafına çoxlu sayda insanlar yığılmışdı. Sonra içəri girərək yoldaşıma qardaşımın gələrək məni aparacağını, adam bıçaqladığımı bildidim. Salyandakı evimə getdim. Evə girməyə az qalmış qardaşım Toğrula zəng edərək məlumat verdim. Paltarımı dəyişdirdikdən sonra Salyan Rayon Polis şöbəsinə getdim. Bir müddət Salyanda qaldıqdan sonra Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları gələrək məni təhvil aldılar. Hadisə Ceyhunun məni və ailəmi söydüyü üçün baş verib. Həmin hadisə təxminən 10 dəqiqədən az çəkdi. Mübahisə zamanı boğaz nahiyəmdən xəsarət almışam. Ceyhun boğazımı sıxdığı üçün dərim sıyrıldı. Habelə, gödəkcəmin boyun hissəsi cırıldı, köynəyimin isə boyun və ön hissəsi cırıldı. Ceyhunu öldürmək məqsədi olmayıb. Məqsədim onu cəzalandırmaq olub”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Ceyhunun sözlərinə görə, məlum hadisənin baş verdiyi məclisin sahibi anası Xanımın bibisi nəvəsidir: “Elmini əvvəllər tanımamışam, onunla heç bir ədavətim olmayıb. Hadisədən əvvəl saat 18 radələrində anam Xanım ilə birlikdə Kərəmin oğlu Məhəmmədin əsgər getməsi mərasiminə getdim. Mərasim Kərəmin evinin həyətyanı sahəsində olub. Həyətdə stollar quruldu və bir hissəsində qadınlar, bir hissəsində isə kişilər əyləşdi. Həmin məclisdə dayılarım Saməddin, Amin və Fikrət ilə oturmuşam, yeyib içmişik. Həmkəndliləri Rafət isə bir az aralıda, darvaza tərəfdə əyləşmişdi. Məclisdə spirtli içki araq içmişik. Lakin ölçüsünü xatırlamamışam. Saat təxmini 12-01 radələrində evimə getmək üçün darvazanın qarşısına çıxdım. Anam isə məclisdə qaldı. Evdən kənarda Rafətin ucadan təhqir işlətdiyini eşitdim. Lakin tam olaraq kimi söydüyünü bilmədim. Bu zaman Elmin Rafətə yaxınlaşaraq ona söyüş söyməməsini bildirdi. Daha sonra onun üzərinə doğru gəldi. Rafət yaşlı bir şəxs olduğu üçün araya girdim. Həmin vaxt Elminlə aramızda mübahisə başladı. Bu vaxt bir-birimizə yumruq atdıq., Rafətin oğlu Sənan isə bizi aralaşdırdı. Həmin vaxt özüm də Elminin xatırlamadığı nahiyələrinə yumruq zərbələri atmışam. Elmin də mənə yumruq atıb”.

Zərərçəkmiş qeyd edib ki, bir-birindən aralaşdıqdan sonra Elminin Kərəmin evinə doğru getdiyini görüb: “Mən özüm də evə tərəf yoluma davam etdim. Təxminən 10-15 metr sonra Elmin arxadan gələrək mənə 8 dəfə bıçaqla zərbə endirdi. Bu zaman dərhal telefonla yeznəm Arifə zəng etdim. Anam da hadisə yerinə gəldi. 10 dəqiqə sonra Arif gələrək məni xəstəxanaya apardı. Xəstəxanada öyrəndim ki, Elmin bıçaqla mənə ümumilikdə 7 bıçaq zərbəsi vurub. Elmin ilə barışmışam, mənə dəymiş ziyan ödənilib. Ona qarşı şikayətim yoxdur”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elmin 11 il 6 ay azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Etiketlər

Paylaş: