Avropanın yeni müdafiə arxitekturası: NATO-Rusiya Şurasının ləğvindən sonra geosiyasi dəyişikliklər – ŞƏRH

04.12.2025 12:38 10 baxış sayı 6 dəq. oxuma Report
Avropanın yeni müdafiə arxitekturası: NATO-Rusiya Şurasının ləğvindən sonra geosiyasi dəyişikliklər – ŞƏRH

2025-ci il dekabrın 3-də Brüsseldə keçirilən NATO XİN başçılarının toplantısında alyansın baş katibi Mark Rüttenin verdiyi açıqlama Avropanın müdafiə arxitekturasının köklü şəkildə yenidən qurulduğunu göstərir. O, NATO-Rusiya Şurasının artıq mövcud olmadığını bildirdi. 2002-ci ildə yaradılan və uzun illər Moskva ilə NATO arasında təhlükəsizlik dialoqu üçün rəsmi bir forum olan şuranın ləğvi, Polşanın xarici işlər naziri Radoslav Sikroskinin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı təcavüzü və Moskvanın son illərdə apardığı aqressiv siyasət nəticəsində qəbul edildi. Bu bəyanatdan dərhal sonra alyans müdafiə qabiliyyətinin gücləndirilməsi, silah xərclərinin artırılması və Ukraynaya dəstəyin möhkəmləndirilməsi barədə qərarlar qəbul etdi. Bütün bu addımlar Avroatlantik təhlükəsizlik fəlsəfəsinin kökündən dəyişəcəyinin bir siqnalı sayılır. NATO-Rusiya Şurasının ləğvi Qərbin Rusiyaya münasibətini rəsmən dialoq tərəfdaşından bir təhdidə çevirdi.


Fəaliyyət göstərdiyi 23 il ərzində Şura əhəmiyyətli qərarların qəbulu və addımların atılması ilə yadda qalmadı. Əslində, onun ləğvi çoxdan gözlənilirdi. Şura yarandığı gündən Avropanın təhlükəsizliyində dialoqu təmin etmək, hərbi, siyasi, kiber və terrorla mübarizədə əməkdaşlığı təşviq etmək məqsədi daşıyırdı. O, eyni zamanda nüvə təhlükəsizliyi, silahların məhdudlaşdırılması və regional münaqişələrin idarə olunmasında fikir mübadiləsi üçün bir platforma rolunu oynayırdı. Lakin 2014-cü ildə Krımın ilhaqı və 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi zamanı heç bir nəticə alınmaması, qarşılıqlı etimadın bərpa olunmaması Moskva ilə alyans arasındakı dialoqun sadəcə formal xarakter daşıdığını göstərdi. Bu, Şuranın həm siyasi, həm də funksional baxımdan faydasızlığını sübut etdi. Buna görə də, onun rəsmi şəkildə ləğv edilməsi artıq zəruri bir addım idi.


NATO-nun XİN başçılarının toplantısında belə bir qərarın məhz dekabr ayında verilməsi təsadüfi sayılmaz. Burada geosiyasi və diplomatik faktorları görmək lazımdır. Son həftələrdə rəsmi Vaşinqton Rusiya-Ukrayna münaqişəsinin həlli üçün fəal danışıqlara başladı. Buna 28 bəndlik razılaşmanı və Moskvada keçirilən görüşü daxil edə bilərik. ABŞ Moskva ilə təması intensivləşdirməklə yanaşı, Zelenski administrasiyası ilə də kompromis variantları müzakirə edir. ABŞ Dövlət Departamentinin açıqlamalarına görə, 2025-ci ilin son rübündə aparılan bu danışıqlar Rusiya ilə əsas prinsiplər üzrə razılaşma imkanlarını qiymətləndirməyə, eyni zamanda Ukraynanın mövqeyini zəiflətmədən güzəşt mexanizmləri hazırlamağa yönəlmişdi. Bu açıqlamalar fonunda Şuranın ləğv edilməsi bir sıra siyasi mesajlar verir. Qərb alyansı üçün Rusiya dialoq tərəfdaşı yox, təhdid kimi qəbul edilir. Bu qərar NATO-nun təhlükəsizlik strategiyasını yeni reallıqlara uyğunlaşdırdığını göstərir. Addım ABŞ və NATO üçün strateji sərhədləri aydınlaşdırmaq, həmçinin Ukrayna müharibəsində Qərbin dəstəyinin ardıcıl və şərtsiz olduğunu göstərmək məqsədi daşıyırdı.


Şuranın ləğvi ABŞ və Avropaya Rusiya ilə əlaqələri formal strukturlar vasitəsilə deyil, ikitərəfli və daha çevik kanallarla qurmağa imkan yaradır. Qərb qapalı diplomatik formatlar vasitəsilə Moskvanın reaksiyasını daha dəqiq qiymətləndirə bilər. Formal institusional kanalların rolunun azalması qərarların daha sürətli qəbul olunmasına şərait yaradır. Bu ləğv NATO-nun yeni doktrinası üçün də bir əsasdır. Alyans artıq Rusiya ilə münasibətlərdə real təhlükə və rəqabət aspektlərini önə çəkir, təhlükəsizlik arxitekturasını yenidən formalaşdırır. Ehtimal etmək olar ki, kollektiv çəkindirmə və müdafiə prinsipləri əvvəlki dialoq mexanizmlərindən üstün sayılacaq. Almaniya başda olmaqla bir sıra dövlətlərin hərbi xərcləri artırması və Rusiya ilə müharibə ehtimalı barədə açıqlamaları bu fikri gücləndirir. Artıq Şərqi Avropada hava və raket müdafiəsi infrastrukturunun gücləndirilməsi barədə danışıqlar artır. Nəticədə, Ukraynaya hərbi yardım üçün siyasi maneələr zəifləyir, lakin eskalasiyanın yeni fazaya keçməsi ehtimalı yaranır. Formal dialoq mexanizmlərindən məhrum olan Kreml diplomatik strategiyasında ciddi məhdudiyyətlərlə üzləşir, bu isə onun diqqətini ABŞ ilə ikitərəfli kanallara yönəltməsinə səbəb olur.


Bu hadisələrin gedişatı Moskvanı yeni addımlar atmağa və təhlükəsizlik strategiyasını yenidən nəzərdən keçirməyə sövq edəcək. Yaxın zamanda nüvə ritorikasının və hərbi təlimlərin intensivləşəcəyini proqnozlaşdırmaq olar; bunların əsas məqsədi NATO-ya psixoloji təzyiq etməkdir. Eyni zamanda Rusiya Çin, İran, Şimali Koreya kimi müttəfiq ölkələrlə münasibətlərini daha da dərinləşdirə bilər, hətta Avrasiyada NATO-ya alternativ hərbi alyans qurmaq fikrinə düşə bilər. Digər tərəfdən, NATO kollektiv müdafiəni genişləndirməyə, nüvə doktrinasını yeniləməyə, texnoloji üstünlüklərə və süni intellektdən hərbi sahədə istifadəyə daha çox diqqət ayıracaq.


S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: