Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? - TƏHLİL

06.12.2025 08:08 8 baxış sayı 6 dəq. oxuma Report
Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? - TƏHLİL

Rəqəmsal dövrdə məlumat axını misilsiz dərəcədə artıb. Süni intellekt (AI) texnologiyalarının geniş tətbiqi səbəbilə sistemlər fasiləsiz şəkildə böyük məlumat massivlərini yaradır, emal edir və yenidən formalaşdırır. Son illərin qiymətləndirmələri göstərir ki, dünyada mövcud olan məlumatların təxminən 90%-i cəmi iki il ərzində yaradılıb. Bu gün qlobal miqyasda hər gün 402,74 milyon terabayt məlumat generasiya olunur. Bu, insanın təsəvvür edə biləcəyindən daha çox rəqəmsal iz deməkdir. Bu həcmi saxlamaq və işləmək üçün əsas yük data mərkəzlərinin üzərinə düşür. Hazırda dünyada 11 800-dən çox belə obyekt fəaliyyət göstərir və internet trafikinin 95%-ni emal edir. AI-nin gəlişi ilə proseslər daha mürəkkəb oldu, bu obyektlərin enerji ehtiyacı da artmaqdadır.


Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına görə, keçən il yalnız data mərkəzləri 415 TVt/s elektrik enerjisi sərf edib. Bu rəqəm dünya üzrə istehlakın təxminən 1,5%-i deməkdir. Qlobal data mərkəzlər bazarında lider olan ABŞ-də bu göstərici ölkənin ümumi enerji istehlakının 4%-nə bərabərdir ki, bu da təxminən Pakistanın illik tələbatı qədərdir. Proqnozlar göstərir ki, yaxın 5 ildə data mərkəzlərinin enerji tələbi ikiqat artaraq 945 TVt/s-a çatacaq. Data mərkəzlərinin enerji təchizatı da dəyişir. Əvvəllər istehsalın çox hissəsi kömür və qazla qarşılanırdı, lakin hazırda bərpa olunan enerji ən sürətlə artan mənbədir. Hazırda kömür 30%, bərpa olunan enerji 27%, təbii qaz 26%, nüvə enerjisi isə 15% paya malikdir. IEA-nin proqnozlarına görə, 2030-cu ilə qədər data mərkəzlərinin əlavə enerji ehtiyacının yarısını günəş, külək və hidroenerji təmin edəcək. Bu dəyişiklik həm rəqabət qabiliyyətini artırır, həm də dayanıqlılığa yeni təkan verir. Nüvə elektrik enerjisi istehsalının artması 2035-ci ilə qədər kömürdən istifadə edən elektrik enerjisi istehsalının mütləq azalmasına səbəb olacaq.


Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Elvin Aslanov bildirir ki, ölkədə fəaliyyət göstərən data mərkəzlərində ekoloji təhlükəsiz soyutma sistemlərinin tətbiqi lazımdır. Bu gün Azərbaycanda data mərkəzləri üçün PUE (Power Usage Effectiveness) göstəricilərinin azaldılması əsas mövzulardan biridir. Bərpa olunan enerji mənbələrini soyutma avadanlıqlarının qidalandırılmasına yönəltmək müəssisələrin enerji yükünü azaldır və PUE göstəricilərinin yaxşılaşmasına şərait yaradır. Müasir "free cooling" (təbii hava soyutması) sistemləri və ya quru soyuduculardan istifadə xərclərə təsir etsə də, özləri ilə problemlər gətirir. Bu sistemlər yalnız havanın temperaturunun 25 dərəcə və daha az olduğu dövrlərdə səmərəli olur. Daha yüksək temperaturlarda hesablama avadanlıqlarını soyutmaq mümkün olmur. Əlavə olaraq, çöl havası ilə təmasda olan avadanlıqlar daha tez tozlanmağa və nəmlənməyə məruz qalır ki, bu da onların ömrünü qısaldır. Filtr sıxlığını artırmaq avadanlıqlara daxil olan hava axınını zəiflədir.


AI çipləri ilə təchiz olunmuş serverlər əvvəlkilərlə müqayisədə on dəfələrlə çox enerji sərf edir, bu da kondisionerlərin soyuda bilməyəcəyi qədər böyük istilik yaranmasına səbəb olur. Nəticədə operatorlar bəzən hava soyutmasının kifayət etmədiyi hallarda 3 000 dəfə effektiv sayılan su soyutmasına keçməli olurlar. Statistikalar data mərkəzlərinin böyük həcmdə su istehlakı yaratdığını göstərir. Orta ölçülü bir data mərkəzi ildə 110 milyon qallon su istifadə edir. Böyük data mərkəzləri isə ildə təxminən 1,8 milyard qallon su sərf edə bilər. Azərbaycanın məhdud şirin su ehtiyatları və yüksək yay temperaturları bu məsələni ölkə üçün də aktual edir. E. Aslanov çıxış yolu kimi içməli su əvəzinə texniki sudan istifadəni, əks osmos sistemləri vasitəsilə texniki suyun təmizlənərək yenidən istifadə olunmasını təklif edir. O, həmçinin xərclərə qənaət etmək üçün data mərkəzlərində kiçik İstilik Elektrik Mərkəzlərinin (İEM) yaradılmasını vacib sayır. Bu, təbii resursların səmərəli emalına və enerji sektoruna əlavə kapital axınına şərait yarada bilər.


Mütəxəssisə görə, Azərbaycanda data mərkəzlərinə özəl investisiyalar cəlb etmək sektorun inkişafına dinamizm qazandıra bilər. Xüsusilə xarici investorların iştirakı qeyri-neft sektorunun inkişafına və ölkəyə əlavə valyuta gətirilməsinə mühüm töhfə verir. Data mərkəzləri artıq sadə məlumat saxlama məntəqələrindən yüksək sıxlıqlı, mürəkkəb ekosistemlərə çevrilir. Yeni AI texnologiyaları meydana çıxdıqca, bu mərkəzlərin avadanlıq sıxlığı, enerji tələbatı və soyutma standartları misilsiz dərəcədə yüksələcək. Data mərkəzlərinin gələcəyi dayanıqlı inkişafla sıx bağlıdır. Emissiyaların azaldılması, enerji səmərəliliyinin artırılması və su istehlakının məsuliyyətli idarə olunması operatorlardan tələb olunan əsas şərtlərdir. Azərbaycanın regionun ən böyük data mərkəzinə çevrilməsi üçün həm infrastruktur, həm də insan kapitalı baxımından hazırlıq aparılmalıdır. Ali təhsil müəssisələri ilə mərkəzlər arasında əməkdaşlıq yaratmaq gələcəyin əsas strateji addımlarından biridir.


A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: