Azərbaycan YUNESKO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçilib

02.12.2025 19:05 10 baxış sayı 2 dəq. oxuma Trend
Azərbaycan YUNESKO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçilib

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 16-cı iclası keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyi bu iclasla bağlı məlumat yayıb. Məlumata görə, 1-2 dekabr 2025-ci il tarixində baş tutan toplantı çərçivəsində Azərbaycan Respublikası YUNESKO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə üzv seçilib. Ölkə bu beynəlxalq orqanda 2025-2029-cu illər üzrə təmsil olunacaq.


Seçkilər yüksək rəqabət şəraitində baş tutdu. Ümumilikdə 4 vakant yer uğrunda Azərbaycanla birgə 6 ölkə mübarizə aparırdı. Seçkilərin nəticəsində Azərbaycan səsvermənin ilk mərhələsində iştirak edən ölkələrin əksəriyyətinin səsini toplayaraq Komitəyə üzv olmaq hüququnu qazanıb. Bu Komitə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunmasını təmin etmək məqsədilə yaradılıb. O, 1954-cü il Haaqa Konvensiyasının və onun İkinci Protokolunun tələblərinə əməl olunmasına nəzarət edir. Komitə həmçinin dövlətlərə bu sahədə texniki, hüquqi və institusional dəstək göstərilməsini təşviq edir.


Azərbaycanın sözügedən Komitəyə üzv seçilməsi ölkənin mədəni irsin mühafizəsi sahəsində beynəlxalq aləmdə formalaşmış müsbət imicinin göstəricisidir. Bu, həm də beynəlxalq platformalarda nümayiş etdirdiyi fəallığın və yürütdüyü ardıcıl siyasətin nəticəsidir. Qeyd etmək lazımdır ki, Azərbaycan daha əvvəl, yəni 2021-2025-ci illərdə də bu Komitənin üzvü olmuşdu.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: