Bakıdakı paradda nümayiş etdirilən silah sistemləri, texnikalar və aviasiya vasitələri Azərbaycanın hərbi qüdrətinin əyani göstəricisidir

08.11.2025 14:05 7 baxış sayı 4 dəq. oxuma APA
Bakıdakı paradda nümayiş etdirilən silah sistemləri, texnikalar və aviasiya vasitələri Azərbaycanın hərbi qüdrətinin əyani göstəricisidir

Azərbaycan Ordusu hal-hazırda Cənubi Qafqazın ən güclü və texnoloji baxımdan ən inkişaf etmiş hərbi qüvvəsidir. 1990-cı illərin əvvəlində müstəqilliyini yenicə bərpa edən ölkənin hərbi imkanları əvvəlcə məhdud olsa da, sonradan aparılan genişmiqyaslı islahatlar Ordunu tamamilə yeni səviyyəyə qaldırıb. Hərbi texnika parkının yenilənməsi və müasir texnologiyaların tətbiqi bu inkişafda mühüm rol oynayıb. Azərbaycan Ordusunun texnikası keyfiyyət və say baxımından regionda ön sıradadır, həm də müasir döyüş konsepsiyalarına uyğun gəlir. Peşəkar kadrlar, milli istehsal potensialı və strateji tərəfdaşlıqlar Silahlı Qüvvələrin yüksək döyüş hazırlığını təmin edir. Bu güc təkcə müdafiə qabiliyyətini deyil, həm də regionda sülhün və sabitliyin qorunmasında Azərbaycanın rolunu möhkəmləndirir.


Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad zamanı göstərilən texnikalar Ordumuzun çoxşaxəli, müasir döyüş potensialını açıq şəkildə əks etdirdi. Paradda zirehli avtomobillərdən tutmuş uzaqmənzilli raket komplekslərinə qədər geniş çeşid müşahidə olundu. Yerüstü qoşunların nümayişi zamanı ordunun əməliyyatlarda çevikliyə və mobilliyə nə qədər əhəmiyyət verdiyi aydın göründü. Burada 12,7 millimetrlik pulemyotlar və “SPIKE-ER” tank əleyhinə raketlərlə quraşdırılmış “SandCat-Stomer” zirehli idarəetmə avtomobilləri keçid etdi. Azərbaycanın Milli Müdafiə Sənayesinin məhsulu olan “VAŞAQ” xüsusi əməliyyat nəqliyyat vasitələri, yeni qəbul edilmiş “COBRA-II” zirehli tibbi təxliyə maşınları, eləcə də “SKİF” tank əleyhinə raket kompleksi, BTR-82A transportyorları, “PDM-3” Piyadaların Döyüş Maşınları və “T-72M1” ilə “T-90S” tankları nümayiş etdirildi.


Hava Hücumundan Müdafiə (HHM) sistemləri və pilotsuz uçuş aparatları (PUA) Ordunun texnoloji üstünlüyünü nümayiş etdirən əsas hissə idi. HHM komponentində “S-300”- “FAVORİT” uzaqmənzilli zenit-raket kompleksi, “BUK-MB” və “TOR-2M” zenit-raket kompleksləri qürurla göstərildi. Həmçinin, yerli müdafiə sənayesinin yeni məhsulu olan “VİKİNQ” Hava hədəflərinə qarşı çoxfunksiyalı mobil döyüş kompleksi diqqət çəkdi. Pilotsuz Sistemlər Qoşunları “Bayraktar-TB2” silahlı kəşfiyyat PUA-sı, “Harop” zərbə tipli PUA-sı, “Hermes-450”, və “Orbiter-4” kimi kəşfiyyat vasitələrini təqdim etdi. Silahlanmaya yeni daxil edilmiş “Hero-120” və “Sky Striker” sərbəst uçan döyüş sursatları ilə yanaşı, kamikadze tipli suüstü dəniz vasitəsi “KAYRA” da nümayiş olundu. Bu sistemlər ordunun həm kəşfiyyat-zərbə, həm də dəniz əməliyyatlarında yeni taktiki imkanlar qazandığını sübut edir.


Raket və Artilleriya Silahları kolonu uzunmənzilli və dəqiq atəş imkanlarını göstərdi. Burada ən böyük diqqət çəkənlər 220 millimetrlik TOS-1A “Odsaçan” yaylım atəşli reaktiv sistemi və 300 millimetrlik iriçaplı “Smerç” sistemləri oldu. Yeni qəbul edilmiş 155 millimetrlik “NORA” və “DİTA” özüyeriyən artilleriya sistemləri, 301 millimetrlik “POLONEZ” əməliyyat taktiki raket kompleksi, və yüksək dəqiqlikli “Predator Hawk” Əməliyyat taktiki raket kompleksi bu sahədəki inkişafı göstərdi. Aviasiya nümayiş uçuşları Azərbaycan, Türkiyə və Pakistan pilotlarının iştirakı ilə unudulmaz anlar yaşatdı. Nümayişdə yeni qəbul edilmiş JF-17 çoxməqsədli qırıcı təyyarələr, Türkiyə Hərbi Hava Qüvvələrini təmsil edən F-16 qırıcıları və modernizasiya olunmuş SU-25-Laçın hücum təyyarələri iştirak etdi. Sonda, Xəzər dənizində nümayiş etdirilən döyüş gəmiləri və katerlər Azərbaycanın region sularında strateji nəzarət qabiliyyətini təsdiqlədi. Hərbi paradda ümumilikdə 5 min nəfər Azərbaycan, 240 nəfər Türkiyə və 120 nəfər Pakistan hərbi heyəti iştirak edib.


A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: