Bəşir Süleymanlı 148 min manatlıq qrantı mənimsəməkdə ittiham olunur

23.10.2025 08:34 10 baxış sayı 3 dəq. oxuma APA
Bəşir Süleymanlı 148 min manatlıq qrantı mənimsəməkdə ittiham olunur

“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə növbəti məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirildi. Hakim Vüqar Seyidovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı Vüsal Mehralıyev ittiham aktını elan etdi. İttiham sənədinə görə, Bəşir Süleymanlı sosial məzmunlu layihələr keçirmək adı ilə ABŞ-ın “German Marşal Fondu”ndan və digər fondlardan ayrılan ümumilikdə 148 min manatdan artıq vəsaiti, yəni qrantı mənimsəyib. Süleymanlı bu əməli törədərkən Mehriban Rəhimli (ABŞ-ın “German Marşal Fondunun” Azərbaycan üzrə məsləhətçisi) və digəriləri ilə cinayət əlaqəsinə girib. O, həm də vəzifə səlahiyyətlərindən sui-istifadə edib və alınmış qrantlar barədə müvafiq nazirliklərə məlumat verməyib. Bəşir Süleymanlı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini söyləyib.


Prosesdə məlum oldu ki, Mehriban Rəhimlinin cinayət işi ayrılıqda icraata verilib və onun ibtidai istintaqı hazırda davam edir. Süleymanlı bu ilin mart ayında saxlanılıb və barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Məhkəmənin növbəti iclası noyabrın 20-nə təyin edilib.


Qeyd edək ki, bu iş Baş Prokurorluğun İstintaq İdarəsində Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı aparılan böyük cinayət işinin tərkib hissəsidir. İstintaq bir çox QHT-lərin rəhbərlərinin, habelə xarici QHT-lərin filial və nümayəndəliklərinin fəaliyyətində qanun pozuntularını araşdırır. Bu cinayət işi çərçivəsində Bəşir Süleymanlı ilə yanaşı, "İştirak Evi" MMC-nin təsisçisi Məmməd Alpay (Məmmədzadə) və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli də təqsirləndirilən şəxs qismində cəlb olunublar. Məmməd Alpay həbs edilib, lakin Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan olunub. Həmçinin, “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov ev dustaqlığına məhkum edilib. İstintaq daha sonra Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədovun, hüquq müdafiəçisi Zamin Zəkinin və Əhməd Məmmədzadənin də həbsi ilə davam edib.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: