Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri başa çatıb (FOTO) (YENİLƏNİB)

23.10.2025 11:46 5 baxış sayı 3 dəq. oxuma Trend
Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri başa çatıb (FOTO) (YENİLƏNİB)

ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə səkkiz ölkədən gələn beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri oktyabrın 23-də başa çatdı. Səfər zamanı qonaqlar regionun tarixi abidələri, işğal dövründəki dağıntıların miqyası və genişmiqyaslı bərpa layihələri ilə yaxından tanış oldular. Səyahət Ağdamdan başladı. Səyyahlar burada Cümə məscidini ziyarət etdilər və Çörək muzeyinin dağıdılmış qalıqlarına baxdılar. Daha sonra heyət Xankəndidəki Qarabağ Universitetində görüş keçirdi. Burada onlara ali təhsil müəssisəsinin yeni fəaliyyətləri və beynəlxalq əlaqələri haqqında məlumat verildi.


Daha sonra səyyahlar Laçına gəldilər. Onlar şəhərin mərkəzini gəzərək Yurd Qalereyası və “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzi ilə tanış oldular. Onlara şəhərin tarixi, mədəni irsi və sənətkarlıq ənənələri barədə məlumatlar verildi. Səfər oktyabrın 23-də Şuşada davam etdi. Qonaqlar Şuşa şəhərinin mərkəzindəki Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəllərini ziyarət etdilər. Bildirildi ki, işğal zamanı ermənilər bu abidələri əritmək istəsələr də, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə heykəllər Azərbaycana qaytarılmışdı. Səyyahlar həmçinin "Xan qızı" bulağını, Şuşa qala divarlarını və Yuxarı Gövhər Ağa məscidini ziyarət etdilər. Onlara qala divarlarının tarixi, işğal dövründəki vandalizm və məscidin bərpası barədə detallı məlumat verildi.


Səfərin son hissəsi Füzuli rayonunda baş tutdu. Qonaqlara şəhərin işğaldan sonra aparılan bərpa prosesi haqqında məlumatlar verildi. İşğal zamanı Füzuli tamamilə dağıdılmışdı, lakin artıq 824 ailə yeni yaşayış kompleksində məskunlaşıb. Gələcəkdə burada yeni yaşayış binaları, xəstəxana və inzibati mərkəz tikiləcəyi planlaşdırılır. Səyyahlar həmçinin Füzulinin Kənd Horadiz hissəsində azad edilmiş ərazilərdəki mina təhlükəsinin böyük bir problem olduğunu müşahidə etdilər. Qeyd olundu ki, minalar sakinlərin evlərinə geri qayıtmasına mane olan əsas səbəblərdəndir. Qonaqlara minaların müasir texnika və minaaxtaran itlər vasitəsilə təmizləmə prosesi göstərildi. Beynəlxalq səyyahların müşahidəsi ilə aşkar edilmiş minaların partlayış yolu ilə zərərsizləşdirilməsi əməliyyatı da nümayiş etdirildi.


Bu ikigünlük səyahət beynəlxalq səyyahlara azad edilmiş ərazilərdəki mədəni dağıntılar, yenidənqurma layihələri və hələ də davam edən təhlükəsizlik problemləri barədə birbaşa təəssürat əldə etməyə imkan verdi. Qarabağ və Şərqi Zəngəzur bölgələrinə təşkil edilən bu növbəti beynəlxalq səfər proqramı tamamlandı.


M
Turizm müxbiri

Turizm və səyahət sənayesi haqqında yazıram. Azərbaycanda və xaricdə marqlı yerləri kəşf etmək xoşuma gəlir.

Bütün məqalələrə baxın
Paylaş: