COP30-da Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin ilk Yüksəksəviyyəli Dialoqu keçirilib

13.11.2025 05:44 9 baxış sayı 4 dəq. oxuma APA
COP30-da Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin ilk Yüksəksəviyyəli Dialoqu keçirilib

COP30 çərçivəsində, Yaşıl İqlim Fondu (GCF) və Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) birgə təşkilatçılığı ilə Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin (Bakı Mərkəzi) İllik Yüksəksəviyyəli Dialoqu keçirilib. COP29-un aparıcı təşəbbüsü olan Bakı Mərkəzi, iqlim dəyişiklikləri və sülh əlaqəsi üzrə qlobal gündəliyin daha da irəlilədilməsini əsas məqsəd qoymuşdu. Tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) üzv ölkələrin nazirləri, yüksək səviyyəli hökumət nümayəndələri, BMT qurumları və beynəlxalq maliyyə institutlarının təmsilçiləri iştirak ediblər.


Tədbirin açılışında çıxış edən COP29 Sədri Muxtar Babayev qeyd etdi ki, COP29 zamanı təsis edilən Bakı Mərkəzi, iqlim fəaliyyəti ilə sülh və sabitlik arasında yeni əməkdaşlıq mərhələsinin əsasını qoydu. Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Mərkəzin fəaliyyəti haqqında məlumat verdi. O bildirdi ki, Bakı Mərkəzi artıq iqlim və münaqişlərdən əziyyət çəkən ölkələrdə yeni modellərə əsaslanan pilot layihələrin icrasına başlayır. Natiq bu vəzifənin Bakı Mərkəzinə həvalə edilməsini, beynəlxalq tərəfdaşların ölkəmizin etibarlı xarici siyasətinə və iqlim diplomatiyasına inamının sübutu kimi qiymətləndirdi. Bu yeni mərhələ iqlim fəaliyyəti ilə sülhün bərqərar olmasına böyük təsir edəcək.


Yaşıl İqlim Fondunun İcraçı Direktoru xanım Mafalda Duarte Bakı Mərkəzinə tam dəstəklərini bildirdi. O qeyd etdi ki, bu təşəbbüs iqlim maliyyəsini sülh və dayanıqlılıq nəticələri ilə birləşdirmək, həssas ölkələrə yardımın artırılması sahəsində vacib beynəlxalq mexanizmə çevrilib. Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Mərkəzin ölkəmizin digər vacib təşəbbüsü olan “Bakıdan Belémə Yol Xəritəsi”nin icrasında əhəmiyyətli rol oynayacağına ümid etdiyini dedi. Bütün bu dəstək Bakı Mərkəzinin qısa müddətdə qlobal müstəvidə əməkdaşlıq platformasına çevrildiyini göstərir.


Tədbir çərçivəsində ilk pilot layihələr üzrə Birgə İşçi Qruplarının yaradılmasına dair Anlaşma Memorandumları imzalanıb. Bu sənədlər Bakı Mərkəzi ilə Qvineya-Bisau Ətraf Mühit, Biomüxtəliflik və İqlim Fəaliyyəti Nazirliyi, eləcə də Qambiya Ətraf Mühit, İqlim və Təbii Sərvətlər Nazirliyi arasında imzalandı. İmzalama mərasimindən əvvəl Qambiya və Fici iqlim nazirləri, Qvineya-Bissau, İraq və Malavinin yüksəksəviyyəli hökumət nümayəndələri çıxış etdilər. Onlar Azərbaycan dövlətinə və COP29 sədrliyinə beynəlxalq sülhün irəlilədilməsi sahəsindəki liderliyə və həssas ölkələrə göstərilən davamlı dəstəyə görə təşəkkürlərini ifadə etdilər. Tədbirin sonunda Bakı Mərkəzinin Yüksəksəviyyəli Dialoqunun Belém Kommunikesi qəbul edildi.


E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: