
Deputat: Hərbi parad xalqımızın Qələbə ruhunun, milli həmrəyliyinin və gələcəyə inamının ifadəsidir
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin beşinci ildönümünə həsr olunmuş möhtəşəm Hərbi parad Azərbaycanın şanlı uğurunun növbəti əzəmətli nümayişi oldu. Bakı şəhərində keçirilən bu parad təkcə Azərbaycan xalqı üçün deyil, bütün Türk dünyası üçün mühüm hadisə kimi yadda qaldı. Paradın keçirilməsi müasir, müstəqil Azərbaycan dövlətinin hərbi və iqtisadi gücünü göstərməklə yanaşı, xalqımızın qələbə əzminin də növbəti dəfə təsdiqi idi.
Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü, deputat Səbinə Salmanova "Report"a açıqlamasında bu fikirləri səsləndirib. Deputat bildirib ki, Vətən müharibəsi Qələbəsinin beşinci ildönümünə həsr olunan bu paradda bütün qoşun növlərini əhatə edən hərbçilərlə bərabər, hərbi texnikaların keçidi Ordumuzda görülən modernləşmə işlərinin nümunələridir. Bu parad bir daha nümayiş etdirdi ki, ordu quruculuğu prosesi son 22 ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilib. Nəticədə Azərbaycan Silahlı Qüvvələri regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizamlı bir qurum halına gəlib. Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, hərbi birləşmə və tədris müəssisələrinin, hərbi texnikaların iştirak etdiyi Hərbi paradda ölkə ictimaiyyəti bir daha dövlətimizin hərbi gücünün və Ordumuzun döyüş əzminin əyani şahidi oldu.
Səbinə Salmanova xatırladıb ki, 5 il əvvəl, 2020-ci ilin dekabrında Bakıda keçirilmiş Zəfər paradı Azərbaycan tarixində milli qürurun, Ordumuzun qüdrətinin və xalqımızın iradəsinin təntənəsi idi. 2023-cü ildə Xankəndidə baş tutan Hərbi parad isə Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu bütün dünyaya bəyan etmişdi. Bu gün Azadlıq meydanında keçirilən Hərbi parad yalnız hərbi gücümüzün nümayişi deyil, həm də xalqımızın Qələbə ruhunun, milli həmrəyliyinin və gələcəyə inamının ifadəsidir. Dövlət başçısı hələ 2003-cü ildə Prezident seçilərkən, doğma torpaqların azad ediləcəyini bəyan etmişdi. Hər sözü imzası qədər dəyərli olan Prezident İlham Əliyev xalqımıza verdiyi bu sözünə əməl etdi. Azərbaycan xalqı bu şanlı Zəfərlə hər zaman fəxr edəcək. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Prezident İlham Əliyevin müdrik rəhbərliyinin, xalq-ordu birliyinin və milli iradənin təntənəsi sayılır. Bu Qələbə təkcə torpaqlarımızın azadlığı deyil, həm də Azərbaycan dövlətçiliyinin əbədi və dönməz qüdrətinin təsdiqidir.
Deputat qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin paradda iştirakı və çıxışları bütün dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə-Pakistan dostluğu və qardaşlığı sarsılmaz, əbədi və strateji təməllər üzərində qurulub. Paradda Türkiyə və Pakistan hərbçilərinin nümunəvi keçidinin siyasi və rəmzi mənası var idi. Türkiyə 44 günlük Vətən müharibəsinin əvvəlindən axırına qədər Azərbaycanın yanında durdu və haqq səsimizə dəstək verdi. İstər Rəcəb Tayyib Ərdoğanın qətiyyətli çıxışları, istərsə də Türkiyənin digər rəsmi şəxslərinin Vətən müharibəsi zamanı etdiyi çıxışlar bizə əlavə ruh və güc qazandırdı. Dövlət başçısı çıxışı zamanı bu məsələyə toxunaraq qeyd etdi ki, Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq. Bundan əlavə, Prezident İlham Əliyev Pakistan dövlətinin və xalqının Vətən müharibəsi zamanı Azərbaycana göstərdiyi dəstək və həmrəyliyi yüksək qiymətləndirdi. Bütün bunlar sübut edir ki, Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan dostluq münasibətləri sadəcə siyasi əlaqə deyil, ortaq dəyərlər, tarixi bağlar və gələcəyə yönəlmiş strateji əməkdaşlıqdır.
Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

“ Festival Azərbaycan cəmiyyətində əsrlərdir forma...
Bugun.az

Bakıda Zəfərin beş illiyinə həsr olunan paraddan F...
Azəri Xəbər

Bakıda hərbi parada hazırlıq başlayıb
Azəri Xəbər

Vətən müharibəsində qələbənin beşinci ildönümünə h...
Azəri Xəbər

Türkiyə Müdafiə Nazirliyi Bakıda hərbi paradda F-1...
Azəri Xəbər

Prezident İlham Əliyev paylaşım etdi
Bugun.az



