Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04.12.2025 06:57 9 baxış sayı 4 dəq. oxuma Report
Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

Dövlət Turizm Agentliyinin açıqlamasına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana gələn əcnəbilərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 1,7% azalma qeydə alınıb. Bu geriləmə əsasən iki böyük bazar üzrə müşahidə edilən dinamika ilə əlaqədardır.


Agentliyin sədrinin müşaviri Kənan Quluzadə bildirib ki, pandemiya sonrası dövrdə Azərbaycana səfər edən turistlərin sayı hər il orta hesabla 49,1% artıb və bu artım 2024-cü ildə 2,6 milyon nəfərə çatıb. Turizm coğrafiyasının şaxələndirilməsi siyasəti nəticəsində turist xərcləmələrində 2019-cu illə müqayisədə təxminən 75% artım baş verib. Gəlmə turizmi tam bərpa olmasa da, bu sahədə gəlirlər 2024-cü ildə 3,4 milyard manata çatıb, bu da 2019-cu ilə nisbətən 14,4% çoxdur. Quluzadə qeyd edir ki, bu artımlar həm də turizm sahəsində 2024-cü ildə ÜDM istehsalının 2019-cu illə müqayisədə 13,5% çox olmasına səbəb olub. Nəticədə 2024-cü ildə turizm sektorunun iqtisadiyyatda payı 4,7%-ə yüksəlib ki, bu da müstəqillik tarixində ilk dəfə baş verib.


Lakin qlobal və regional geosiyasi amillərin təsiri ilə 2025-ci ilin ilk 10 ayında ölkəyə səfərlərdə 1,7% (38 min nəfər) azalma müşahidə edilib. Bu azalmanın başlıca səbəbi Rusiya və Hindistan bazarlarında yaranan çətinliklərdir. 2024-cü ildə Rusiya Azərbaycanın birinci, Hindistan isə üçüncü böyük turizm bazarı idi. Ötən ilin dekabrından sonra Rusiyadan hava nəqliyyatı ilə sərnişindaşıma fəaliyyətinin coğrafiyası kiçilib, intensivliyi azalıb. Məsələn, 2024-cü ilin ilk on ayında Rusiyanın 27 hava limanından Azərbaycana 6 600-dən çox uçuş yerinə yetirildiyi halda, bu il 17 hava limanından cəmi 4 500 uçuş həyata keçirilib. Bu, uçuş coğrafiyasının 37%, uçuş sayının isə 32% azalması deməkdir. Buna görə də Rusiya vətəndaşlarının sayı cari ilin 10 ayında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 100 min nəfər, yəni 15,9% azalıb.


Hindistan bazarında da oxşar geriləmə yaşanıb. 2025-ci ilin may ayında Hindistan-Pakistan münaqişəsindən sonra iyun ayından başlayaraq bu bazarda kəskin azalma müşahidə olunub. İyun-oktyabr aylarında Hindistandan turist səfərlərinin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfədən çox azalıb. Nəticədə, cari ilin yanvar-oktyabr aylarında Hindistan vətəndaşlarının sayı 59,1 min nəfər və ya 29,3% azalıb. Ümumilikdə, bu iki bazar üzrə gəlmə sayında 159,1 min nəfər azalma olsa da, digər bazarlar bu itkinin 75,5%-ni kompensasiya edə bilib. Şimal-Şərqi Asiya ölkələrindən gələnlərin sayında 40%, Mərkəzi Asiyadan gələnlərin sayında 22%, Qərbi Avropadan gələnlərin sayında isə 9% artım qeydə alınıb. Həmçinin, İsrail vətəndaşlarının sayı 2 dəfə, Çin vətəndaşlarının sayı 1,5 dəfə artıb. Daxili turizmin inkişafı sayəsində isə 2025-ci ilin yanvar-oktyabr aylarında iaşə fəaliyyətində ÜDM istehsalı 9,2% artıb. Turizm xidmətləri üzrə hesabat dövründə 534 milyon ABŞ dolları məbləğində müsbət saldo yaranıb.


M
Turizm müxbiri

Turizm və səyahət sənayesi haqqında yazıram. Azərbaycanda və xaricdə marqlı yerləri kəşf etmək xoşuma gəlir.

Bütün məqalələrə baxın
Paylaş: