Düsseldorfda “Zəfərin nəğmələri” adlı konsert alqışlarla qarşılanıb (FOTO)

31.10.2025 15:26 7 baxış sayı 3 dəq. oxuma Trend
Düsseldorfda “Zəfərin nəğmələri” adlı konsert alqışlarla qarşılanıb (FOTO)

Almaniyanın Düsseldorf şəhərində Azərbaycanın şanlı Zəfərinin 5 illiyi qeyd edilib. 44 günlük Vətən müharibəsində əldə edilən bu Qələbəyə həsr olunan “Zəfərin nəğmələri” adlı konsert böyük alqışlarla qarşılandı. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutdu. Təşkilatçılıq işlərini azərbaycanlı pianoçu və bəstəkar Səbinə Məmmədovanın rəhbərlik etdiyi, Düsseldorfda fəaliyyət göstərən “Mugam” Alman-Azərbaycan Musiqi Cəmiyyəti və Almaniyada yaşayan müğənni, bəstəkar Seyran İsmayılxanov birgə həyata keçirib. Konsertdə Almaniyanın müxtəlif şəhərlərindən 200-dən çox tamaşaçı iştirak etdi. Gecəyə başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, sonra isə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərin əziz xatirəsi yad edildi.


Konsertin musiqi proqramı Səbinə Məmmədovanın pianoda ifası ilə başladı; o, bəstəkar Vaqif Mustafazadənin “Bayatı-Şiraz” əsərini səsləndirdi. Gecənin ən maraqlı anlarından biri isə Seyran İsmayılxanovun çıxışı oldu. Köln Musiqi Akademiyasının vokal müəllimi olan Seyran İsmayılxanov öz alman tələbələri ilə birlikdə Azərbaycan xalq mahnılarını həm azərbaycanca, həm də almanca ifa etdi ki, bu da izləyicilər tərəfindən böyük rəğbətlə qarşılandı. Milli musiqimizin ustad sənətkarları da tədbirdə yer aldı. Əməkdar artist Sahib Paşazadənin milli alətimiz olan tarda ifa etdiyi əsərlər tamaşaçılarda nostalji hisslər oyatdı. Həmçinin, dahi bəstəkar Üzeyir Hacıbəyovun yaradıcılığına həsr edilən musiqi nümunələri də səsləndirildi.


Konsert proqramında həm Azərbaycan, həm də dünya bəstəkarlarının əsərlərinə geniş yer verildi. Düsseldorf Opera Teatrının solisti Mara Hüseynova bir sıra klassik əsərləri ifa etdi. Azərbaycanlı müğənni Vüsalə Cabir isə muğam və xalq mahnıları ilə gecəyə xüsusi rəng qatdı. “Zəfərin nəğmələri” adlı bu tədbir Almaniyada yaşayan diaspor üzvlərinə Qələbə ruhunu yaşatmağa kömək etdi. Bu konsert həm də Azərbaycan musiqi mədəniyyətini beynəlxalq tamaşaçılara çatdırmaq baxımından mühüm əhəmiyyət daşıdı.


G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: