FHN-in strukturlarında Müstəqilliyin Bərpası Günü qeyd edilib

18.10.2025 12:03 4 baxış sayı 3 dəq. oxuma APA
FHN-in strukturlarında Müstəqilliyin Bərpası Günü qeyd edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunları və regional mərkəzləri 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbirlər keçirdi. Tədbirlər başlamazdan əvvəl Nazirliyin əməkdaşları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoydular. Onlar bununla da Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etdilər.


Toplantılar Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca iştirakçılar Ümummilli Liderin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Çıxış edənlər 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti tərəfindən "Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsinin ölkə tarixi üçün çox mühüm hadisə olduğunu vurğuladılar. Bildirildi ki, 70 illik əsarətdən sonra müstəqillik əldə edilsə də, həmin dövrdə təcrübəsiz rəhbərlərin səriştəsiz idarəçiliyi səbəbindən dövlət itirilmək təhlükəsi ilə üzləşmişdi.


Ölkədəki bu xaotik vəziyyətə görə, 1993-cü il iyunun 9-da Dahi Rəhbər Heydər Əliyev xalqın təkidi və tələbi ilə Naxçıvandan Bakıya qayıtmalı oldu. Ümummilli Liderin siyasi qətiyyəti, dəmir iradəsi və misilsiz idarəçilik bacarığı sayəsində ölkədəki xaosa son qoyulması mümkün oldu. Dövlət məhv olmaq təhlükəsindən xilas edildi, tərəqqi və çiçəklənmə dövrü başladı. Tədbirlərdə Heydər Əliyevin Azərbaycan Respublikasını beynəlxalq birliyin tamhüquqlu üzvünə çevirməsi, böhrandan çıxararaq onu davamlı inkişaf yoluna çıxarması istiqamətindəki böyük fəaliyyətindən ətraflı bəhs edildi.


Qeyd olundu ki, Dahi Rəhbər Heydər Əliyevin mütərəqqi siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyev genişmiqyaslı islahatlar həyata keçirir. Bu məqsədyönlü fəaliyyətlər nəticəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Hazırda ölkə regionun lider dövlətinə və dünya birliyinin layiqli üzvünə çevrilib. Sonda Ümummilli Liderin dövlət müstəqilliyimizin bərpasındakı xidmətlərindən bəhs edən film nümayiş olunduqdan sonra tədbir başa çatdı.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: