Florida Universitetində Azərbaycanın multikultural ənənələrindən danışılıb (FOTO)

24.11.2025 16:26 13 baxış sayı 4 dəq. oxuma Trend
Florida Universitetində Azərbaycanın multikultural ənənələrindən danışılıb (FOTO)

ABŞ-nin Mayami şəhərində yerləşən Florida Beynəlxalq Universitetinin (FIU) Yəhudi muzeyində Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə həsr olunan tədbir keçirilib. Bu əhəmiyyətli görüş Azərbaycanda anadan olmuş amerikalı musiqiçi, bəstəkar və yazıçı Ella Leyanın təşkilatçılığı ilə baş tutdu.


Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova tədbirdə çıxış edərək, sülhsevər xalqımızın qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu qeyd etdi. O, ölkədə çoxsaylı etnik qrupların bərabər hüquqlarla birgə yaşadığını xatırlatdı. Komitə rəsmisi, qurumun fərqli mədəniyyətlər arasında körpü rolunu gücləndirdiyini və soydaşlarımızın yaşadıqları ölkələrin, eləcə də Azərbaycanın ictimai-mədəni həyatında fəal iştirakını hər zaman dəstəklədiyini bildirdi. Səlhət Abbasova çıxışında həm də xalqımızın şanlı Zəfər tarixindən və bu yolda nümayiş etdirdiyi həmrəylikdən bəhs etdi. Bu tədbir Amerikanın aparıcı təhsil ocaqlarından birində Azərbaycanın multikulturalizm və tolerantlıq dəyərlərinin təbliği baxımından böyük əhəmiyyət daşıyır.


Tədbirin təşəbbüskarı, "Leylanın Skripkası" filminin prodüseri və müəllifi, "Kimsəsiz səma" kitabının müəllifi Ella Leya Azərbaycana olan sevgisini ifadə etdi. Bir sıra Hollivud filmlərində musiqiləri səsləndirilən Leya, uşaqlıq və gənclik illərinin Bakı ilə bağlı xatirələrini iştirakçılarla bölüşdü. O, Monakoda keçirilən kinofestivalda mükafat qazanan "Leylanın Skripkası" filminin Qubada və Bakıda aparılan çəkilişləri haqqında məlumat verdi. Ardınca Culliard Musiqi Məktəbinə qəbul olunan ilk azərbaycanlı skripkaçı Səbinə Rakçeyeva söz aldı. Mədəniyyət elçisi və tədqiqatçı olan Rakçeyeva dünyanın 40-dan çox ölkəsində səhnəyə çıxıb. O, mədəniyyətlərarası körpülərin qurulmasında musiqinin birləşdirici roluna xüsusi diqqət çəkdi, Azərbaycanın zəngin mədəniyyətindən danışdı. Rakçeyeva Azərbaycan musiqiləri ilə yanaşı, ölkəmizdə yaşayan dağ yəhudilərinin əsərlərindən də parçalar səsləndirdi.


Amerika Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminova iştirakçılara Floridada fəaliyyət göstərən Azərbaycan icması haqqında məlumat verdi. Florida Universitetinin professoru Tyudor Parfit çıxışında Azərbaycanda birgə yaşayış ənənələri barədə faktları və öz fikirlərini çatdırdı. Yəhudi muzeyinin əməkdaşları da görüşün Azərbaycanın tanıdılması üçün yaratdığı imkanları yüksək qiymətləndirdilər. Muzeyin icraçı direktoru Syuzan Qledston Pasternak bu tədbir sayəsində Azərbaycan haqqında yeni məlumatlar öyrəndiyini və bu cür görüşlərin Amerika ictimaiyyəti üçün çox faydalı olduğunu vurğuladı. Tədbirin sonunda "Leylanın Skripkası" filmi nümayiş olundu və auditoriyanın sualları cavablandırıldı. Azərbaycanın multikulturalizm mövzusunda müzakirələri növbəti gün Mayami Universitetində də davam etdi. Ella Leya və Universitetin dini tədqiqatlar üzrə professoru Henri Qrin tələbələrə ölkəmizin sosial-mədəni həyatı və multikultural ənənələri barədə məruzə etdilər.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: