
Hesablama Palatası: İcmal büdcə ilə bağlı qanunvericilikdə uyğunsuzluqlar qalır
Hesablama Palatası icmal büdcə ilə bağlı qanunvericilikdə əlavə dəyişikliklər və təkmilləşdirmələr edilməsini vacib sayır. Qurum bu barədə "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə bildirib. Sənədə əsasən, cari ildə fiskal qanunvericilikdə aparılan əlavə və dəyişikliklər icmal büdcə ilə bağlı müddəaları da əhatə etsə də, aparılan təhlillər göstərib ki, normativ bazanın daha da təkmilləşdirilməsi lazımdır.
Palata xatırladıb ki, əvvəlki illərin təcrübəsində dövlət büdcəsinin icrası zamanı xərc istiqamətləri arasında yerdəyişmələr - yəni dürüstləşmələr - nəticəsində təsdiq edilmiş icmal büdcə xərclərinin yuxarı həddi bəzən artırılırdı. Cari ildə "Büdcə sistemi haqqında" Qanuna edilən dəyişikliklərə görə, icra zamanı baş verən bu yerdəyişmələr artıq dövlət büdcəsi haqqında qanunda təsdiqlənmiş icmal büdcə göstəricilərindən kənarlaşma kimi qəbul edilmir. HP-nin apardığı təhlillər göstərir ki, qanunvericiliyin bəzi maddələri arasında hələ də uyğunsuzluqlar mövcuddur. Məsələn, "Büdcə sistemi haqqında" Qanunun 1.1.31-2-ci maddəsi Dövlət Neft Fondunun (ARDNF) xərclərinin icmal büdcəyə daxil edildiyini qeyd edir, lakin 27.2-ci maddə Fondun əməliyyat xərcləri və beynəlxalq banklarda vəsaitlərin yerləşdirilməsi ilə bağlı xərclərin istisna olunduğunu göstərir. Təcrübədə Fondun transfertləri və idarəetmə xərcləri də icmal büdcənin xərclərinə daxil edilmir. 2024-cü ildə bu xərclərin icrası 34,1 milyon manat təşkil edib. Bu cür fərqli yanaşmalar icmal büdcə xərclərinin düzgün qiymətləndirilməsinə mane olur.
Uyğunsuzluqlar həmçinin gəlirlərin uçotu metodologiyasında da özünü göstərir. Palata qeyd edib ki, icmal büdcəyə daxil olan büdcələrin gəlirlərinin uçotunda vahid yanaşma tətbiq edilmir. Belə ki, ARDNF istisna olmaqla digər büdcələrin gəlirləri kassa metodu ilə, Fondun gəlirləri isə hesablama metodu ilə uçota alınır. Bu fərq icmal büdcədə ARDNF-in gəlirlərinin daha çox görünməsinə, kassa əsaslı xərclərlə hesablama əsaslı gəlirlərin müqayisəsinə və büdcə kəsirinin az göstərilməsinə səbəb olur. Bundan başqa, icmal büdcə sənədi beynəlxalq maliyyə hesabat sistemi - GFSM-ə əsaslanan "Statement of Operations" hesabatının alternativi kimi təqdim edilsə də, mövcud təcrübədə reallaşmamış gəlirlər (unrealised income) icmal büdcənin gəlirləri kimi tanınır. GFSM standartları isə bu tip gəlirlərin əməliyyat gəlirləri kimi qəbul edilməməsini tələb edir. Hesablama Palatası sonda bildirib ki, icmal büdcə ilə bağlı normativ-hüquqi baza beynəlxalq standartlara uyğunlaşdırılmalı və uçot metodologiyası vahidləşdirilməlidir.
Daşınmaz əmlak bazarı və tikinti sektoru üzrə yazıram. Bakının necə dəyişdiyini izləmək maraqlıdır.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Hesablama Palatasının sədri: "Büdcə sənədləşməsini...
Azəri Xəbər

Qeyri-neft-qaz gəlirlərinin hesablanması qaydaları...
Azəri Xəbər

Azərbaycanda yüksək vəzifəyə yeni
Son Xeberler
Hesablama Palatası: Dövlət borcu və büdcə gəlirlər...
Azəri Xəbər

Hesablama Palatası: Büdcə layihəsində Naxçıvana da...
Azəri Xəbər

2026-cı il üzrə dövlət büdcəsi müzakirə olunub
Bugun.az



