
Kremlin kilsəyə dəstək nümayişi – Paşinyanın cavab tədbirləri olacaqmı? - ŞƏRH

Ermənistanın Baş naziri Nikol Paşinyanla erməni apostol kilsəsi arasındakı münaqişə artıq siyasi və ideoloji bir xarakter alıb. Bu qarşıdurma erməni cəmiyyətində parçalanmalara səbəb olur. Paşinyan hökuməti dünyəvi, islahatçı və Qərbə yönümlü dəyərləri təbliğ edir. Kilsə isə ənənəvi olaraq mühafizəkar mövqedə dayanır və milli kimliyi önə çəkir. Bu mübahisə sadəcə şəxsi müstəvidə deyil; o, modernləşmə ilə ənənə, dünyəvi dövlət anlayışı ilə dini-milli kimlik arasındakı mübarizəni əks etdirir. Hökumət iddia edir ki, kilsə ayrı-ayrı keşişlər vasitəsilə etirazlara və seçki proseslərinə təsir göstərib. Bu, siyasətə birbaşa müdaxilə kimi qiymətləndirilir. Konstitusiya quruluşunun dəyişdirilməsinə çağırışlar, seçkilərə müdaxilə və iclaslara məcburi cəlb etmə ittihamları irəli sürülür. Bu səbəbdən də yepiskop Mkrtıç Proşyan, 10-12 nəfər kilsə xadimi, həmçinin II Qareginin qardaşı Gevorq Nersisyan da həbs ediliblər. Bu həbslər hökumət və kilsə arasındakı ciddi uçurumu göstərir.
Kilsə xadimlərinin həbsləri fonunda erməni kilsəsinə Rusiyadan prezident səviyyəsində açıq dəstək gəldi. Prezident Vladimir Putin Milli Birlik Günü münasibətilə Erməni Apostol Kilsəsinin Rusiya və Yeni Naxçıvan Yeparxiyasının rəhbəri arxiyepiskop Yezrasa Aleksandr Nevski ordenini təqdim etdi. Bu mükafat, Ermənistan hakimiyyətinin kilsəyə qarşı başlatdığı kampaniya fonunda xüsusi diqqət çəkir. İşin başqa bir tərəfi, Rusiyanın dövlət səviyyəsində "Yeni Naxçıvan" kimi qondarma bir quruma ehtiram göstərməsidir. Bu vəziyyət, Moskvanın ermənilərin Naxçıvanla bağlı iddialarından xəbərdar olub-olmaması barədə suallar yaradır. Niyə Kreml yeparxiyanın bu cür adlandırılmasına göz yumur? Bu sualların cavabı Moskvanın erməni kilsəsinə verdiyi dəstəkdə gizlənir. Yezrasın mükafatlandırılması Moskvanın İrəvana göndərdiyi bir mesaj hesab edilə bilər, çünki Baş nazir Nikol Paşinyan bu şəxsi yaxın vaxtlarda KQB agenti adlandırmışdı. Eyni zamanda, 4 oktyabrda Moskvada katalikos II Qareginin taxta çıxmasının 26 illiyi qeyd olundu. Bu iki hadisə Kremlin Ermənistana birbaşa siyasi təzyiq vasitəsi yaratdığını açıq göstərir.
Erməni kilsəsi mövcud olduğu dövr ərzində hər zaman Rusiyanın təsir kanalı və qərəzli "daxili müxalifəti" kimi fəaliyyət göstərib. 2025-ci ilin yanvar ayında "İnstitute for Cultural Diplomacy Studies"in araşdırması göstərir ki, kilsə Rusiyanın Ermənistana nüfuz etməsi üçün bir mexanizmdir. Kilsə rəhbəri II Qaregin Paşinyanı davamlı tənqid edib və Rusiyayönümlü siyasi kursu dəstəkləyib. 2023-cü ildə Putin tərəfindən II Qaregin "Rusiya ilə Ermənistan arasında mədəni və humanitar əlaqələrin inkişafına görə" Rusiya ordeni ilə təltif edilib. Deməli, kilsə Rusiyanın Ermənistandakı yumşaq güc rolunu oynayır. Kilsə strukturları Kreml tərəfdarı mesajların yayılması və Paşinyan hökumətinə qarşı müxalifət üçün bir platforma kimi istifadə edilir. Baş nazir və hakimiyyətin digər nümayəndələri bu səbəbdən kilsənin Moskvanın təlimatları ilə hərəkət etdiyini bildirirlər. Rusiya diaspora, mədəni və dini təşəbbüslər vasitəsilə Cənubi Qafqazda öz təsir şəbəkəsini gücləndirir.
Paşinyan hökuməti Moskvadan asılılığı azaltmaq və Qərblə yaxınlaşmaq kimi kursu təbliğ edəndə, Kremlin göstərişi ilə kilsə strukturları dərhal aktivləşir. Din xadimləri kilsələrdə və yığıncaqlarda bu siyasəti tənqid edir, hökumət əleyhinə ictimai təzyiq yaradırlar. Apostol kilsəsi artıq Kremlin Paşinyana qarşı təzyiq alətinə çevrilib. Bu təzyiq birbaşa olmasa da, mədəni-dini əlaqələr və bəzi kilsə xadimlərinin dəstəklənməsi formaları ilə həyata keçirilir. Nəzərə alsaq ki, 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri müxalifətlə iqtidar arasında ölüm-dirim savaşına çevriləcək, Kremlin mütləq bu seçkilərə müdaxilə etməyə çalışacağı gözlənilir. Rusiya lideri Putinlə dostluq əlaqələri olan eks-prezident Robert Köçəryanın seçkilərdə iştirak etməsi planlarını və Moskvada kilsəyə göstərilən ehtiramı anlamaq lazımdır. Ehtimal etmək olar ki, II Qareginə və digər kilsə xadimlərinə məhz Robert Köçəryanı dəstəkləmək göstərişi veriləcək. Hakim komanda yəqin ki, bu vəziyyəti nəzərə alıb. Bu səbəbdən yaxın günlərdə II Qareginə və Köçəryana qarşı hansısa addımların atılması istisna edilmir.
Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Keşiş Paşinyanı biabır etdi: Dövlət başçısını kils...
Son Xeberler

"CBS News": ABŞ "HIMARS"la Çinə güc nümayiş etdirə...
Azəri Xəbər

Paşinyanın BBC-yə müsahibəsi ciddi tənqid olundu
Son Xeberler

Prezidentin köməkçisindən Paşinyana cavab
Son Xeberler

Sammitdə İlham Əliyevin Nüfuzunu Tanıyan Foto
Bugun.az

Putinlə Paşinyan telefonla danışıb
Son Xeberler



