Media qurumları arasında əməkdaşlıq informasiya təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir - Vüqar Rəhimzadə

27.11.2025 16:07 7 baxış sayı 6 dəq. oxuma Trend
Media qurumları arasında əməkdaşlıq informasiya təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir - Vüqar Rəhimzadə

Tarixi Zəfərin və suverenliyin tam bərpası ilə yaranan reallıqlar fonunda, türk dövlətlərinin birliyini və həmrəyliyini gücləndirmək bu gün ən vacib məsələlərdəndir. Yeni dünya nizamının formalaşması da bu birliyin möhkəmlənməsinə çağırış edir. Azərbaycan Türk dünyasının birliyinə davamlı töhfələr verir. O da məlumdur ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşlərinin hər il keçirilməsi artıq ənənə halını alıb. TDT-nin dünya miqyasında rolunun artması və qlobal güc mərkəzlərindən birinə çevrilməsi böyük əhəmiyyət daşıyır. Təşkilat 3 oktyabr 2009-cu ildə Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan tərəfindən təsis edilib. Bu ölkələr TDT-nin qurucu dövlətləridir. Özbəkistan 2019-cu ildə üzv olub, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə müşahidəçi üzvlər qəbul ediliblər. Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirir ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək, çünki Türk dünyasının birliyi ölkəmizin xarici siyasətinin əsas prioritetlərindəndir.


Bu ilin oktyabrında Qəbələ şəhəri TDT-nin “Regional sülh və təhlükəsizlik” mövzusunda XII Zirvə Görüşünə ev sahibliyi etdi. Bu görüş Türk dünyasının ortaq strateji hədəflərinin və birgə fəaliyyət mexanizmlərinin müəyyən edilməsi baxımından əsas mərhələ oldu. Millət vəkili qeyd edir ki, Türk dünyasının birliyi hazırda bütün sahələri əhatə edir. Bu günlərdə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin qeyri-hökumət təşkilatlarının (QHT) həmrəylik forumu keçirildi. Dövlət başçısı İlham Əliyev foruma müraciətində türk dövlətlərinin artan potensialının və qlobal müstəvidə güclənən mövqeyinin daha iddialı məqsədlər qoyulmasını, birgə səylərin artırılmasını və bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini zəruri etdiyini vurğuladı. İlk dəfə keçirilən bu QHT həmrəylik forumu, əməkdaşlığı inkişaf etdirmək istiqamətində atılmış əhəmiyyətli addımdır.


Vüqar Rəhimzadəyə görə, dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin sürətləndiyi müasir dövr media sahəsində də yeni vəzifələr yaradır. Bu gün dünyada müəyyən qüvvələr medianın və sosial şəbəkələrin gücündən istifadə edərək qərəzli məlumatlar, dezinformasiya yayırlar. Buna qarşı effektiv mübarizə üsullarından biri tərəfdaş dövlətlərlə əməkdaşlığı genişləndirməkdir. Bu mənada, Bakıda türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını gücləndirmək məqsədilə TDT Media Forumunun keçirilməsi çox əhəmiyyətli bir addımdır. Media sahəsində həyata keçirilən birgə layihələr və qarşılıqlı informasiya mübadiləsi türkdilli dövlətlər arasında vahid, dayanıqlı kommunikasiya məkanının formalaşmasına töhfə verir. Forumda informasiya təhlükəsizliyini möhkəmləndirmək, dezinformasiya ilə mübarizədə birgə addımları koordinasiya etmək və media sahəsində ortaq təşəbbüsləri səmərəli şəkildə həyata keçirmək üçün yeni imkanlar açıldı.


Millət vəkili bildirib ki, qabaqcıl texnologiyaların tətbiqi, rəqəmsallaşma, süni intellekt, media savadlılığının artırılması, dezinformasiya ilə mübarizə kimi məsələlər son dərəcə aktual çağırışlardır. Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib və bir çox halda mənbə rolunu oynayır. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) ilk Media Forumunun iştirakçılarına müraciətində qeyd edib ki, qlobal böhranlar dövründə ölkələrin bir-birinə qarşılıqlı dəstək göstərməsi, o cümlədən media sahəsində həmrəylik nümayiş etdirməsi olduqca vacibdir. Müasir dünyada informasiya adi xəbər olmaqla məhdudlaşmır; o, beynəlxalq münasibətlərin, ictimai rəyin və iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilir. Təəssüf ki, qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər və “deepfake”lər kimi manipulyasiya halları dayanmadan artmaqdadır. Bu amillər beynəlxalq sabitliyə zərbə vurur və ölkələr arasında etimadı sarsıdır.


Vüqar Rəhimzadə onu da qeyd edib ki, Azərbaycan media sahəsində bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir və daim mühüm təşəbbüslərlə çıxış edir. Ölkə milli media strategiyasını beynəlxalq təcrübə ilə uzlaşdıraraq, jurnalistlərin peşəkarlığının artırılmasına, faktlara əsaslanan xəbərlərin yayılmasına və media savadlılığının inkişafına xüsusi diqqət yetirir. Eyni zamanda, regional əməkdaşlıq vasitəsilə ortaq informasiya platformalarının yaradılmasını dəstəkləyir. Tarixi Zəfərdən sonra dövlətin media inkişafı istiqamətində atdığı addımlar, məsələn, “Media haqqında” yeni Qanunun qəbulu bunun bariz nümunəsidir. Türk Dövlətləri Təşkilatının Media Forumu dost və qardaş ölkələrin media qurumları arasında qarşılıqlı təcrübə mübadiləsi üçün əlverişli şərait yaradan yeni əməkdaşlıq platformasıdır. Qarşıda duran əsas vəzifə doğru, qərəzsiz və məsuliyyətli informasiya mühitinin qurulması üçün TDT üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlıq qurmaqdır. Bu cür koordinasiyalı fəaliyyət dezinformasiyaya qarşı çevik müdafiə mexanizmlərinin formalaşmasına kömək edəcək və informasiya təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcək.


S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: