Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Asiya Parlament Assambleyasının Koordinasiya görüşünə sədrlik edib (FOTO)

19.10.2025 16:55 11 baxış sayı 4 dəq. oxuma Trend
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Asiya Parlament Assambleyasının Koordinasiya görüşünə sədrlik edib (FOTO)

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdə olarkən, Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyası çərçivəsində Asiya Parlament Assambleyasının (APA) Koordinasiya görüşünə rəhbərlik edib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, spiker Sahibə Qafarova iclasda çıxış edərkən bu görüşlərin qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə əməkdaşlığın gücləndirilməsində böyük əhəmiyyət daşıdığını qeyd edib. O, belə əlaqələndirici görüşlərin, xüsusilə həssas dövrlərdə, vacib beynəlxalq məsələlərin müzakirəsi və fikir mübadiləsi aparmaq üçün APA-nın potensialından tam istifadə etməyə imkan yaratdığını söyləyib.


Milli Məclisin sədri gələn il Asiya Parlament Assambleyasının yaradılmasının 20-ci ildönümünün qeyd olunacağını diqqətə çatdırıb. O bildirib ki, ötən dövrdə Assambleya artıq mühüm parlamentlərarası əməkdaşlıq, konstruktiv dialoq və həmrəylik platformasına çevrilib. Bu qurum üzv ölkələrin parlamentlərini bir araya gətirir, onların səsinin eşidilməsini təmin edir. Beləliklə, APA ölkələrimizin ümumi məqsədlərə nail olmaq səylərinə parlament töhfəsini verir.


Sahibə Qafarova Azərbaycanın 2024-cü ildən təşkilata sədrliyə başlamasından sonra görülən işlər barədə məlumat verib. Bu müddətdə Assambleya çərçivəsində əməkdaşlıq və dialoqun genişləndirilməsi üçün ciddi səylər göstərilib. Azərbaycan birgə işin daha da gücləndirilməsi ilə bağlı bir sıra prioritetlər irəli sürüb. Bu prioritetlərə APA-nın institusional potensialının inkişafı, sıralarının genişləndirilməsi, mövcud orqanların səmərəliliyinin artırılması daxildir. Azərbaycanın sədrliyi dövründə təşkilatın sıraları da genişlənib: Oman Sultanlığının Şura Məclisi tamhüquqlu üzv, Belarus Respublikası Milli Assambleyasının Respublika Şurası isə müşahidəçi statusu qazanıb. Ərəb Parlamentləri Baş Katibləri Assosiasiyasına da müşahidəçi statusu verilib. Ən əsası, Azərbaycanın rəhbərliyi altında APA büdcəsinin formalaşdırılması qərarı ilə bağlı konsensus əldə olunub ki, bu da Assambleyanın imkanlarını gücləndirmək üçün çox vacibdir.


Spiker çıxışında dünyamızın üzləşdiyi problemlərin miqyasının kollektiv tədbirlər və birgə səylər olmadan həllinin qeyri-mümkün olduğunu vurğulayıb. O, Qəzzada atəşkəslə bağlı əldə olunan razılaşmanı müsbət qiymətləndirib. Sahibə Qafarova sazişin bütün mərhələlərinin lazımi səviyyədə yerinə yetiriləcəyinə və Yaxın Şərq Sülh Sammitinin nəticələrinin regiona ədalətli və davamlı sülh gətirəcəyinə ümidvar olduğunu bildirib. Növbəti il Bəhreyn Krallığı APA-ya sədrlik edəcək. O, Bəhreynin rəhbərliyi altında Assambleyanın Asiyada parlamentlərarası əməkdaşlığı gücləndirməyə davam edəcəyinə və qitəmizdə sülhün, həmrəyliyin və dayanıqlı inkişafın təşviqinə töhfə verəcəyinə inandığını ifadə edib. İclas daha sonra gündəlikdə duran məsələlərin müzakirəsi ilə davam edib.


V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: