
"Qarabağ" yatağında seysmik kəşfiyyat işlərinə dekabrda başlanılacaq

“Qarabağ” layihəsi üzrə seysmik tədqiqat proqramına bu il dekabrın 1-də başlanılacaq. BP-Azerbaijan şirkətinin yaydığı məlumata görə, seysmik tədqiqat işlərinin 3,5 ayadək davam etməsi planlaşdırılır. Bu proqram iki əsas hissədən ibarətdir: dənizdibi sensor qovşaqlarla (OBN) seysmik tədqiqat və yüksək dəqiqlikli (HR) / ultra yüksək dəqiqlikli (UHR) seysmik tədqiqat.
Dənizdibi sensor qovşaqlarla aparılan OBN seysmik tədqiqat yataq haqqında daha dərin məlumatların əldə olunmasına imkan yaradacaq. Bu məlumatlar quyuların planlaşdırılmasına və yatağın işlənmə strategiyalarının təkmilləşdirilməsinə kömək edəcək. HR/UHR tədqiqatın isə 2026-cı ilin mart-aprel aylarında həyata keçirilməsi və 45 günədək davam etməsi gözlənilir. HR/UHR tədqiqatın əsas məqsədi quyu bütövlüyünə təsir göstərə biləcək geoloji riskləri, eləcə də platformanın və digər infrastrukturun təhlükəsiz şəkildə quraşdırılmasına maneə törədə biləcək yeraltı təhlükələri müəyyənləşdirməkdir. Tədqiqat dənizin 140-200 metr dərinliyində aparılacaq.
Seysmik işlərin logistikası üçün "Quba" gəmisindən dənizdibi qovşaqları suya endirmək məqsədi ilə istifadə ediləcək. Seysmik mənbə gəmisi kimi isə "Murovdağ" gəmisindən istifadə olunması gözlənilir. Tədqiqat proqramı bir neçə əsas fəaliyyəti əhatə edəcək. Bunlara tədqiqat gəmilərinin mobilizasiyası, qəbuledicilərin və seysmik mənbənin suya endirilməsi, məlumat toplama prosesi (proqramın əsas hissəsi), avadanlığın sudan çıxarılması və demobilizasiya daxildir. Tədqiqatın mənbə sahəsi 500 kvadrat kilometr, qovşaq sahəsi isə 248 kvadrat kilometr olacaq.
Bu layihə BP-nin 2025-ci il iyunun 3-də Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə imzaladığı müqavilələrin ardınca reallaşır. BP "Qarabağ" yatağında və digər perspektivli "Əşrəfi-Dan Ulduzu-Aypara" (ADUA) blokunda iştirak payı əldə edib. BP hər iki layihənin operatoru kimi çıxış edəcək. BP bu layihələrin hər birində SOCAR-dan 35 faiz pay alıb, qalan 65 faiz isə Azərbaycan dövlət şirkətində qalıb. İlkin hesablamalara görə, "Qarabağ" yatağının geoloji neft ehtiyatları 60 milyon tondan artıqdır. Bu ehtiyatların 21 milyon ton nefti və 13 milyard kubmetr qazı çıxarıla bilən hesab edilir.
Əmək bazarı, məşğulluq və əmək haqları mövzularında ixtisaslaşmışam. Əhalinin rifahı ilə bağlı məsələlər vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Qarabağ layihəsi üçün seysmik tədqiqat proqramına...
Azəri Xəbər

Bu ölkədə güclü zəlzələ oldu
Bugun.az

Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayır...
Edumap.az Təhsil Portalı

Bakının bu ərazisində evlər söküləcək
Bugun.az

Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA
Bugun.az

Yeraltı Sensorları Kosmos Zibillərinin Yeni Qoruyu...
Texnologiya xəbərləri