Sabiq zastava rəisi Hərbi Prokurorluğun protesti əsasında məhkəmə zalında həbs edilib

04.12.2025 14:14 10 baxış sayı 3 dəq. oxuma APA
Sabiq zastava rəisi Hərbi Prokurorluğun protesti əsasında məhkəmə zalında həbs edilib

Bir sıra cinayətlərdə, o cümlədən əsgərin intiharı ilə bağlı təqsirləndirilərək saxlanılan sabiq zastava rəisi Mahmud Səfəralıyev barəsindəki qərardan Hərbi Prokurorluğun verdiyi apellyasiya protesti üzrə məhkəmə prosesi baş tutub. Şirvan Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olundu. Məhkəmə, birinci instansiya məhkəməsinin qərarını ləğv etdi. Hərbi Prokurorluğun protesti təmin edildi və kapitan Mahmud Səfəralıyev barəsində həbs qətimkan tədbiri seçildi. O, məhkəmə zalında həbs olunub.


İttihama görə, Dövlət Sərhəd Xidmətinin Biləsuvarda yerləşən hərbi hissəsinin əsgəri H.H. və digər hərbi qulluqçular hərbi xidmət zamanı kapitan Səfəralıyev Mahmud Hikmət oğlu tərəfindən çoxsaylı təhqir və zorakılıq hallarına məruz qalıblar. H.H. bu səbəbdən bu il noyabrın 15-də intihar edib. Həmin faktla bağlı Hərbi Prokurorluqda aparılan istintaq zamanı kapitan Mahmud Səfəralıyevin törətdiyi əməllər sübut olundu və barəsində müvafiq maddə ilə cinayət işi açıldı. Buna görə də onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Cəlilabad Hərbi Məhkəməsinə təqdimat göndərildi.


Lakin Cəlilabad Hərbi Məhkəməsi müxtəlif vaxtlarda əsgərlərə qarşı qanunsuzluğa yol vermiş, buna görə vəzifədən azad olunmuş kapitan Mahmud Səfəralıyevlə bağlı təqdimatı təmin etmədi. Məhkəmə qeyd etdi ki, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual əsaslar müəyyən edilməyib. Nəticədə, saxlanılan kapitan məhkəmə iclas zalında həbsdən azad edildi. Hərbi Prokurorluq M. Səfəralıyevin azadlıqda qalmasının həm cəmiyyətdə mənfi emosiya doğuracağını, həm də mərhum əsgərin yaxınları tərəfindən ciddi narazılığa səbəb olmasını nəzərə aldı. Bu səbəbdən prokurorluq qərardan apellyasiya şikayəti (protest) verdi. Şirvan Apellyasiya Məhkəməsi hərbi prokurorluğun protestini təmin edərək, kapitan Səfəralıyevin məhkəmə zalında dərhal həbsinə qərar verdi.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: