Sahibə Qafarova: Enerji keçidi COP29 sədrliyinin fəaliyyətində əsas prioritetlərdən biri olub

07.11.2025 17:58 6 baxış sayı 4 dəq. oxuma Report
Sahibə Qafarova: Enerji keçidi COP29 sədrliyinin fəaliyyətində əsas prioritetlərdən biri olub

Milli Məclisin sədri Sahibə Qafarova Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) çərçivəsində "Enerji Keçidi" mövzusunda tematik sessiyada iştirak edərək çıxış etdi. O, təmiz enerjiyə keçidin sürətləndirilməsinin istixana qazı emissiyalarının azaldılması, iqlim dəyişikliyinə qarşı mübarizə aparılması və dayanıqlı inkişafın təşviqi baxımından çox mühüm olduğunu qeyd etdi. Sədr bildirdi ki, bu məqsədə çatmaq üçün əldə olunan nailiyyətlər üzərində ardıcıl və qətiyyətli səylər göstərilməlidir. Eyni zamanda, enerji istehsalı, paylanması və istehlakı sahəsində köklü transformasiyanın həyata keçirilməsi lazımdır. Bu dəyişiklik həm qlobal ehtiyacları ödəməyə, həm də iqlim dəyişikliyinin yaratdığı çağırışların effektiv həllinə xidmət etməlidir.


Sahibə Qafarova xatırlatdı ki, enerji keçidi Azərbaycanın COP29 sədrliyinin fəaliyyətində əsas prioritetlərdən biri idi. Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə birgə dörd Yüksək Səviyyəli Enerji Keçidi Dialoqu təşkil etdi və dünyanın fərqli regionlarından tərəfdaşları bir araya gətirdi. Bu müzakirələr enerji sahəsində gələcək gündəliyin formalaşmasına istiqamət verdi. Nəticədə, COP29 sədrliyi BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) və digər beynəlxalq qurumlarla sıx əməkdaşlıq çərçivəsində üç mühüm enerji təşəbbüsünü təqdim etdi. Bunlar Qlobal Enerji Saxlancı və Şəbəkələri Vədi, Yaşıl Enerji Zonaları və Dəhlizləri Vədi, və COP29 Hidrogen Bəyannaməsidir.


Bu təşəbbüslər Paris Sazişi çərçivəsində aparılmış ilk Qlobal Qiymətləndirmədən əldə olunan nəticələrə əsaslanır. Onlar icra boşluğunun aradan qaldırılmasının və təxirəsalınmaz addımların zəruriliyini əks etdirir. Spikerin sözlərinə görə, hər bir təşəbbüs təmiz enerji infrastrukturu, tətbiqi, saxlanması, ötürülməsi və paylanması sahəsində strateji prioritetləri hədəfləyir. Onlar bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində tərəqqini sürətləndirməyə, əməkdaşlığı gücləndirməyə və praktik tədbirlərin həyata keçirilməsinə dair siyasi iradəni möhkəmləndirməyə yönəlib. Əsas məqsəd isə hər bir ölkə və icmanın bu prosesdə ədalətli və bərabər şəkildə iştirakının təmin olunduğu enerji keçidinə nail olmaqdır. Azərbaycan aşağı karbonlu gələcək qurmaq istiqamətində qətiyyətli addımlar atır.


Milli Məclisin sədri ölkəmizdə bərpa olunan enerji istehsalının genişləndirilməsi istiqamətində görülən işlər barədə də məlumat verdi. Azərbaycan təmiz enerji siyasətini ardıcıl şəkildə həyata keçirərək, enerji balansında bərpa olunan enerjinin payını artırmaqdadır. Hazırda bərpa olunan enerjinin payı ümumi quraşdırılmış enerji gücünün təxminən 18,8 faizini təşkil edir, bu da təqribən 1,8 QVt-a bərabərdir. 2027-ci ilə qədər ümumi gücü 2 QVt-dan artıq olan yaşıl enerji layihələrinin icrası planlaşdırılır. 2030-cu ilə qədər isə ölkəmizdə istehsal edilən enerjinin təxminən 40 faizinin bərpa olunan mənbələrdən əldə olunması nəzərdə tutulur. Sahibə Qafarova həmçinin uzun müddət işğal altında qalmış və dağıdılmış ərazilərimizdə Yaşıl Enerji Zonasının yaradılmasını da qeyd etdi. Azərbaycan beynəlxalq ictimaiyyətin məsul üzvü kimi, qlobal iqlim məqsədlərini dəstəkləməyə və inklüziv, təhlükəsiz enerji gələcəyinin qurulması naminə birgə fəaliyyətə sadiq qalır.


G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: