
Sahibə Qafarova COP30 çərçivəsində “Enerji Keçidi” mövzusunda sessiyada çıxış edib (FOTO)

Milli Məclisin sədri Sahibə Qafarova Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP30) 30-cu sessiyası çərçivəsində “Enerji Keçidi” mövzusunda tematik sessiyada iştirak etdi. Spiker təmiz enerjiyə keçidin sürətləndirilməsinin ölkələr üçün vacibliyindən danışdı. O vurğuladı ki, istixana qazı emissiyalarını azaltmaq, iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq və dayanıqlı inkişafı təşviq etmək üçün bu keçid böyük əhəmiyyət daşıyır. Sahibə Qafarovanın sözlərinə görə, bu məqsədə nail olmaq üçün indiyədək əldə olunmuş nailiyyətlərə əsaslanaraq ardıcıl və qətiyyətli səylər göstərilməlidir. Bununla yanaşı, enerji istehsalı, paylanması və istehlakı sahəsində köklü transformasiya həyata keçirilməlidir. Bu dəyişiklik həm qlobal ehtiyacların ödənilməsinə, həm də iqlim dəyişikliyinin yaratdığı problemlərin effektiv şəkildə həll olunmasına xidmət etməlidir.
Milli Məclisin sədri enerji keçidinin Azərbaycanın COP29 sədrliyinin əsas prioritetlərindən biri olduğunu xatırlatdı. Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə birgə dörd Yüksək Səviyyəli Enerji Keçidi Dialoqu təşkil etdi və bu, dünyanın müxtəlif regionlarından tərəfdaşları bir araya gətirdi. Bu cür müzakirələr enerji sahəsində gündəliyin formalaşdırılmasına istiqamət verdi. Nəticədə, COP29 sədrliyi bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə sıx əməkdaşlıq çərçivəsində üç mühüm enerji təşəbbüsü təqdim etdi. Bu təşəbbüslər Qlobal Enerji Saxlancı və Şəbəkələri Vədi, Yaşıl Enerji Zonaları və Dəhlizləri Vədi, və COP29 Hidrogen Bəyannaməsidir. Bu addımlar Paris Sazişi çərçivəsində aparılmış ilk Qlobal Qiymətləndirmədən əldə olunan nəticələrə əsaslanır, icra boşluğunu aradan qaldırmaq və təxirəsalınmaz addımlar atmaq zəruriliyini əks etdirir.
Sahibə Qafarova çıxışında ölkəmizdə bərpaolunan enerji istehsalının genişləndirilməsi sahəsində görülən işlər barədə də məlumat verdi. Azərbaycan təmiz enerji siyasətini ardıcıl şəkildə həyata keçirir və enerji balansında bərpa olunan enerjinin payını artırır. Ölkə bərpa olunan enerjinin inkişafında lider dövlətlərdən birinə çevrilməkdədir. Azərbaycanın bərpa olunan enerji resurslarının texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt səviyyəsində qiymətləndirilir. Hazırda bərpa olunan enerjinin payı ümumi quraşdırılmış enerji gücünün təxminən 18,8 faizini təşkil edir. Ölkə 2027-ci ilə qədər ümumi gücü 2 QVt-dan artıq olan yaşıl enerji layihələrinin həyata keçirilməsini planlaşdırır. Eyni zamanda, 2030-cu ilə qədər ölkədə istehsal edilən enerjinin təxminən 40 faizinin bərpa olunan mənbələrdən əldə olunması nəzərdə tutulur.
Parlamentin spikeri bildirdi ki, bu böyük investisiya öhdəliyi, Azərbaycanın zəngin ənənəvi enerji ehtiyatlarına sahib olmasına baxmayaraq, onun aşağı karbonlu gələcək qurmaq istiqamətində qətiyyətini nümayiş etdirir. O qeyd etdi ki, Azərbaycan həm də təmiz enerjinin inkişafı ərazilərinin təyin olunmasında yeni standartlar müəyyənləşdirir. Otuz ilə yaxın müddət ərzində işğal altında qalmış və dağıdılmış ərazilərdə Yaşıl Enerji Zonasının yaradılması dayanıqlı bərpa və regional transformasiya istiqamətində atılmış strateji addımın açıq nümunəsidir. Çıxışının sonunda Milli Məclisin sədri bir daha təsdiqlədi ki, Azərbaycan beynəlxalq ictimaiyyətin məsul üzvü kimi qlobal iqlim məqsədlərini dəstəkləməyə və inklüziv, təhlükəsiz enerji gələcəyinin qurulması üçün birgə fəaliyyətə sadiq qalır.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycan bərpa olunan enerjinin inkişafı sahəsin...
Azəri Xəbər

Sahibə Qafarova COP30-da iştirak üçün Braziliyaya...
Azəri Xəbər

Milli Məclisin sədri Sahibə Qafarova COP30-un Lide...
Azəri Xəbər

Sahibə Qafarova: Enerji keçidi COP29 sədrliyinin f...
Azəri Xəbər

Sahibə Qafarova COP30 sammitində iştirak edir
Bugun.az

Milli Məclisin sədri Sahibə Qafarova Misirə səfər...
Azəri Xəbər



