
Ümummilli Lider müstəqilliyimizi əbədi və dönməz etdi - Vüqar Rəhimzadə

Qalib və məğrur Azərbaycan xalqı müstəqilliyimizin bərpasının 34-cü ildönümünü qeyd edir. Tarixi hadisələrə nəzər salanda son 34 illik tariximizi təhlil etmək zəruridir. 1991-ci ilin 18 oktyabr tarixində Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Lakin müstəqilliyimizin bərpasının ilk illəri faciəli dövr kimi yadda qaldı. 1991-1993-cü illərdə Azərbaycan çox böyük problemlərlə və itkilərlə üzləşdi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları fonunda soydaşlarımız tarixi Qərbi Azərbaycan və Qarabağ torpaqlarından kütləvi şəkildə qovuldular. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal edilməsi ölkə üçün böyük faciə idi. O illərdə dövlətçiliyin əsasları qurulmadı, nizami ordu yaradılmadı, cəmiyyətdə milli birlik mövcud deyildi. AXC-Müsavat cütlüyünün qanunsuz yolla hakimiyyəti zəbt etməsi vəziyyəti daha da ağırlaşdırdı. Onların bir illik hakimiyyəti çağdaş tariximizdə rüsvayçılıq və fəlakət dövrü kimi yer alıb. Hakimiyyəti zorla zəbt edən bu qruplaşma ölkəmizi uçuruma aparırdı.
Həmin dövrdə Azərbaycanın daxilində gedən proseslər ölkəni çökdürürdü. İqtisadi böhran yaşanırdı, sənaye demək olar ki, iflic vəziyyətinə düşmüşdü. O vaxtkı hakimiyyət ancaq öz maraqlarını təmin etmək üçün çalışırdı. Korrupsiya və rüşvətxorluq son həddə çatmışdı. Ölkəmizdə qanunsuz silahlı birləşmələr xalqa meydan oxuyurdu, Bakının küçələrində silahlı adamlar dəstə-dəstə gəzir, insanları narahat edirdi. Qarabağda işğalçı Ermənistan ilə qanlı döyüşlər getməsinə baxmayaraq, AXC-Müsavat qruplaşması öz hakimiyyətini saxlamaq üçün hətta vətəndaş müharibəsinə başlamışdı. Gəncə şəhərində qardaş qanı axıdıldı. Bu qruplaşmanın yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, əgər o vaxt xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan müstəqil dövlət kimi dünyanın siyasi xəritəsindən silinəcəkdi.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Məhz Onun zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı və Vətənə olan böyük sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən xilas etdi. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan möhkəm əsaslar üzərində yeni inkişaf yoluna başladı. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Heydər Əliyev-xalq birliyi sayəsində 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişinə cəhdlərin qarşısı qətiyyətlə alındı. Sabitlik hər bir inkişafın əsası oldu. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana iqtisadi və siyasi fayda qazandırdı. Ölkəmiz yeni dostlar və tərəfdaşlar əldə etdi, dünya iqtisadi sisteminə inteqrasiya sürətləndi. 1999-cu ildə yaradılan Dövlət Neft Fondu neft gəlirlərindən səmərəli istifadəni təmin etdi. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi.
Vüqar Rəhimzadə vurğulayıb ki, Ulu Öndərin yorulmaz səyləri nəticəsində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların tribunasından gəldi. Azərbaycanın xarici siyasət uğurları davamlı idi. Heydər Əliyev keçmiş Qarabağ problemini beynəlxalq təşkilatların gündəliyinə gətirdi. Həqiqətlərimiz təkzibolunmaz faktlar əsasında dünya ictimaiyyətinə çatdırıldı. Diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsi kimi diqqətdə oldu. 2001-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi ki, bu da dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyini təmin etmək məqsədi daşıyırdı. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulu, demokratik və hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Azərbaycanın sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi şöhrət qazanması da onun quruculuq proqramının hissələri idi.
2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhkəm təməl üzərində siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqiyə nail oldu. Azərbaycanın iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü dövlətimizin beynəlxalq arenada aparıcı rolunu təsdiqləyir. Vüqar Rəhimzadə bildirib ki, tarixi Zəfərimiz və suverenliyimizin tam bərpası Azərbaycanın 1993-cü ilin iyunundan başlayan inkişaf yolunun təntənəsidir. Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası idi. Artıq bu arzu reallığa çevrilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunub. 2023-cü ilin 20 sentyabr tarixi Dövlət Suverenliyi Günü kimi tarixə yazıldı. Bu gün azad olunmuş ərazilərimizdə Böyük Qayıdış Proqramı icra olunur. Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir. Hər il oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü kimi qeyd edilir.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Prezident Arif Rəhimzadə ilə bağlı sərəncam verdi
Son Xeberler

Əli Əsədov Misirdə ümummilli lider Heydər Əliyevin...
Bugun.az

Vüqar Həşimov Memorialında Çempion Müəyyənləşdi
Son Xeberler

MEDİA və Audiovizual Şuranın nümayəndələri Heydər...
Bugun.az

“Lider TV”nin müflis elan edilməsi ilə bağlı qərar...
Son Xeberler

Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanı təbrik et...
Bugun.az