Vyanada "Arşın mal alan" operettasının yeni quruluşda premyerası keçirilib

31.10.2025 14:38 8 baxış sayı 3 dəq. oxuma Report
Vyanada "Arşın mal alan" operettasının yeni quruluşda premyerası keçirilib

Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə Avstriyanın paytaxtı Vyanada "Arşın mal alan" operettasının yeni quruluşda premyerası oktyabrın 30-da baş tutdu. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, bu böyük hadisədən əvvəl bir sıra rəsmi tədbirlər keçirilib. Mədəniyyət nazirinin müavini Murad Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Vyananın Dunay parkındakı dahi bəstəkarın abidəsini ziyarət etdi. Onlar abidənin önünə gül dəstələri qoydular. Daha sonra teatrın foyesində Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş fotosərgi açıldı.


Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxış edərək Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətindəki xüsusi mövqeyindən bəhs etdi. M. Hüseynov Hacıbəyli irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsinin dövlətin daimi diqqət mərkəzində saxlanıldığını vurğuladı. O qeyd etdi ki, dövlət başçısının bəstəkarın 140 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalaması bu diqqətin aydın nümunəsidir. Premyera ilə əlaqədar təşkil edilən bütün bu işlər Hacıbəyli yaradıcılığına verilən dəyəri göstərir.


Tamaşa alman dilində təqdim edildi və tamamilə yerli yaradıcı heyətin iştirakı ilə hazırlanıb. Səhnə əsərinin bədii rəhbərliyini tanınmış rejissor Rita Serayniq və dirijor, bəstəkar Maykl Şnak həyata keçiriblər. Prodüser heyətinə səhnə rəssamı Kristian Ariel Heredia, geyim rəssamı Vüsal Rəhim və xoreqraf Suzanne Riets daxildir. 112 yaşlı bu musiqili komediyanın hadisələri müasir dövrə köçürülərək tamaşaçılara təqdim edildi. Səhnə əsərini Azərbaycan nümayəndə heyəti, Vyanada akkreditə olunmuş diplomatik korpus, Avstriyanın tanınmış teatr və festivallarının rəhbərləri, media nümayəndələri və yerli soydaşlarımız izləyiblər.


Müasir quruluşda hazırlanan musiqili komediya tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı. Qeyd edək ki, vyanalı sənətsevərlər Üzeyir bəyin bu sənət şedevri ilə ilk dəfə 2006-cı ildə tanış olmuşdular. Tamaşa "Akzent" Teatrında oktyabrın 31-də və noyabrın 2-də də nümayiş etdiriləcək.


R
Mode və dizayn müxbiri

Mode, dizayn və yaradıcı sənayenin inkişafı haqqında yazıram. Fashion həftələri və yerli dizaynerlərin işlərini izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: