Xəstəlik ocaqlarında nəzarət tədbirləri - Səhiyyə Nazirliyinin mütəxəssisi aydınlıq gətirir

18.11.2025 07:05 9 baxış sayı 3 dəq. oxuma Trend
Xəstəlik ocaqlarında nəzarət tədbirləri - Səhiyyə Nazirliyinin mütəxəssisi aydınlıq gətirir

Yoluxucu xəstəlik ocaqlarında ciddi sanitar-gigiyenik və əksepidemik tədbirlər həyata keçirilir. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin müdiri Aygün İsmayılova bu prosedurların ardıcıllığı barədə məlumat verib. O bildirib ki, yoluxucu xəstəlik aşkar olunan zaman onun yayılmasının qarşısını almaq birinci məqsəddir. Buna görə də həkim və ya tibb işçisi bu halı dərhal yerli gigiyena və epidemiologiya mərkəzinə bildirməlidir.


Bildiriş daxil olduqdan sonra xəstə haqqında tam məlumat toplanır. Qeydlərdə xəstənin yaşayış yeri, iş və ya təhsil yeri, xəstəliyin başlama tarixi, ilkin simptomlar və təmasda olduğu şəxslər göstərilir. Toplanan bu detallı məlumatlar əsasında epidemioloji araşdırma aparılır. Bu araşdırmanın nəticəsində xəstəliyin mənbəyi və yayılma riski müəyyən edilir. Yoluxucu xəstəliyin digər insanlara keçməsinin qarşısını almaq üçün xəstənin təcrid edilməsi zəruridir. Təcrid müddəti xəstəliyin növündən asılı olaraq dəyişir, bu müddət ərzində xəstə evdə və ya xəstəxanada saxlanılır.


Xəstənin olduğu məkanda, yəni evdə və ya müəssisədə dezinfeksiya işləri aparılır. Dezinfeksiya zamanı xəstənin qaldığı otaq, əşyalar, qab-qacaq və geyimlər xüsusi vasitələrlə təmizlənir. Bu addımlar infeksiya yükünü azaltmaq üçündür. Həmçinin xəstə ilə təmasda olmuş şəxslər qrupu - ailə üzvləri, iş yoldaşları və digərləri epidemioloji müşahidə altına alınır. Onlardan lazım gələrsə analizlər alınır, ehtiyac olarsa profilaktik müalicə və ya peyvənd tədbirləri görülür. Bütün bu nəzarət tədbirləri xəstəliyin geniş şəkildə yayılmasına imkan verməmək üçün həyata keçirilir.


A. İsmayılova əlavə edib ki, epidemioloji ocaqların ləğv edilməsində əhali arasında maarifləndirmənin rolu böyükdür. İnsanlara xəstəliklərin yayılma yolları, əllərin yuyulmasının və şəxsi gigiyenanın əhəmiyyəti izah edilir. Qida və suyun təmiz saxlanması, tibbi maskadan düzgün istifadə qaydaları haqqında məlumat verilir. Eyni zamanda, yaşayış yerlərində sanitar-gigiyenik şəraitin yaxşılaşdırılması təmin edilir. Zibilin vaxtında yığılması, su təmizliyi və kanalizasiya sisteminin işlək olması kimi şərtlər təmin olunur. Bütün tədbirlər başa çatdıqdan sonra ocaqda epidemioloji vəziyyət qiymətləndirilir. Əgər yeni yoluxma halları qeydə alınmazsa, həmin ocaq epidemioloji cəhətdən təhlükəsiz hesab edilir.


O
Ekologiya müxbiri

Ekologiya və ətraf mühit mövzularında yazıram. İqlim dəyişikliyi və yaşıl enerji mənim prioritet mövzularımdır.

Bütün məqalələrə baxın
Paylaş: