Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Media nümayəndələri üçün təlim keçirildi

27.11.2025 12:14 18 baxış sayı 4 dəq. oxuma Metbuat
Media nümayəndələri üçün təlim keçirildi

Noyabrın 27-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncə şəhərində media nümayəndələri üçün təlim təşkil edib. Bu təlim “İcbari tibbi sığorta sisteminin işləmə prinsipləri və tibbi xidmətlərin təşkili” mövzusuna həsr olunub. Tədbirin məqsədi jurnalistlərin icbari tibbi sığorta sistemi və xəstəxanalarda tibbi xidmətlərin təşkili barədə daha dolğun məlumatlanmasını təmin etmək idi. Bu addım eyni zamanda əməkdaşlığı gücləndirməyə və görülən işlərin media vasitəsilə ictimaiyyətə düzgün çatdırılmasına xidmət edir.


Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli çıxış edərək, icbari tibbi sığortanın ölkədə tibbi xidmətlərə çıxışı təmin edən sosial təminat mexanizmi olduğunu söyləyib. O vurğuladı ki, ixtisaslaşdırılmış tibbi xidmətlərin Xidmətlər Zərfi ilə əhatə olunması vətəndaşların daha geniş spektrdə xidmətlərdən yararlanmasına imkan verir. Əsas məqsəd təkcə xidmət çeşidini artırmaq yox, həm də bu xidmətlərin ölkə üzrə bərabər əlçatanlığını təmin etməkdir. Bu sistem maliyyə mexanizmi olmaqla yanaşı, vətəndaşın sağlamlığının qorunmasında yanında olur, vaxtında və əlavə maliyyə yükü olmadan müalicə almasına şərait yaradır.


Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova jurnalistlərin maarifləndirmə prosesindəki rolunun ictimai etimadın formalaşdırılması baxımından əhəmiyyət daşıdığını qeyd edib. O, bu ilin ilk 10 ayında ölkə əhalisinin 50%-inin icbari tibbi sığortadan istifadə etdiyini bildirib. Müraciətlər üzrə 77 milyondan çox tibbi xidmət göstərilib; bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12% artım deməkdir. Özəl tibb müəssiələrində icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərin sayı da bu ilin 8 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 18% artıb. TƏBİB-in İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Zamirə Ədilova qeyd edib ki, qurum xidmət əlçatanlığını artırmaq və keyfiyyəti yüksəltmək üçün bir sıra layihələr həyata keçirir. İlkin səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində genişmiqyaslı işlər görülür. Bu məqsədlə hazırlanan Konsepsiya Sənədi 7 strateji istiqaməti və 36 tədbiri əhatə edir. Agentliyin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov isə göndəriş sisteminin düzgün tətbiqinin əhəmiyyətini izah edib; bu mexanizm tibbi resursların səmərəli bölüşdürülməsinə xidmət edir.


TƏBİB-in Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva bildirib ki, TƏBİB-in tabeliyində 14 Tibbi Ərazi Bölməsi üzrə 87 tibb müəssisəsi fəaliyyət göstərir və onların hər biri icbari tibbi sığorta çərçivəsində xidmətlər göstərir. Sığorta proqramının fəaliyyət göstəricilərində müsbət dinamika müşahidə olunur: TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icra olunan tibbi xidmətlər üçün ödənilən məbləğ üzrə 8% artım qeydə alınıb. TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva qurumun tabeliyindəki tibb müəssisələrində müasir tibbi xidmət spektrinin genişləndiyini deyib. Artıq FAKO üsulu ilə katarakta, DSR (gözyaşı kanal tıxanıqlığı) əməliyyatı, Avastin inyeksiyası kimi oftalmoloji prosedurlar icra olunur. Gələcəkdə vitroretinal əməliyyatların icrası və refraktiv cərrahiyyə mərkəzinin yaradılması planlaşdırılır. Agentliyin Monitorinq şöbəsinin baş məsləhətçisi Kamran İbrahimov qeyd edib ki, monitorinq fəaliyyəti tibb müəssisələrində xidmət keyfiyyətinə nəzarət və xidmət yükünün qiymətləndirilməsi baxımından aparılır. Bu ilin ilk 3 rübündə 147 tibb müəssisəsi üzrə 699 monitorinq keçirilib.


E
Elm müxbiri

Elm və tədqiqat mövzularında yazıram. Fizika üzrə təhsil almışam, elmi kəşfləri sadə dillə izah etməyə çalışıram.

Bütün məqalələrə baxın
Paylaş: