
Özəl klinikalara niyə axın çoxdur? - AÇIQLAMA

Son illərdə icbari tibbi sığorta sistemi vasitəsilə vətəndaşlar dövlət tibb müəssisələrində həkim qəbulu, laborator analizlər və müayinələr üçün əlavə ödəniş edilmir. Lakin bütün bu imkanlara baxmayaraq, bəzi vətəndaşlar sığorta çərçivəsində təqdim olunan tibbi xidmətlərə, xüsusilə də laborator analizlərin nəticələrinə tam etibar etmirlər. Bu da bir çox hallarda onların yenidən başqa yerdə, xüsusilə özəl klinikalarda əlavə ödənişlə analiz vermələrinə səbəb olur.
Tibb eksperti Rasif Bağırov Metbuat.az-a açıqlamasında bildirib ki, vətəndaşlar arasında özəl xəstəxanalara müraciət etmək istəyənlər daha çoxdur, nəinki dövlət poliklinikalarında çalışan həkimlərə müraciət edənlər:
“Hazırda poliklinikalara əsasən müəyyən əməliyyata getmək istəyənlər, MRT, KT, anju kimi müayinələrdən keçmək istəyənlər müraciət edirlər. Onlar da bu vəziyyətdən istifadə edib xəstəni inandırmağa çalışırlar ki, mütləq orada müalicə alınmalıdır. Halbuki xəstələrin çoxu məhz müalicə üçün deyil, sadəcə analiz vermək və müayinə olunmaq üçün müraciət edirlər. Sonra da həmin analiz cavablarını götürüb gedirlər, çoxu heç özələ də getmir. Özəl klinikalarda isə, açığı, analizlərə və xəstənin klinik vəziyyətinə baxaraq qərar verirlər. Həkimlərin əksəriyyəti çalışır ki, analizlərlə xəstənin şikayətləri arasında uyğunluq olsun. Ancaq çox vaxt poliklinikada yazılan analizlərin böyük əksəriyyəti xəstənin real şikayətləri ilə üst-üstə düşmür”.
R.Bağırov icbari tibbi sığorta tətbiq olunmamışdan öncə poliklinikalara müraciətlərin minimum səviyyədə olduğunu xatırladıb:
“Sığorta qüvvəyə mindikdən sonra insanlar üçün bu müayinələr maliyyə baxımından daha sərfəli olduğu üçün gedirlər. Lakin bəzi hallarda icbari sığorta çərçivəsində verilən analizlərin nəticələri ilə özəldə verilən analizlərin nəticələri üst-üstə düşmür və tamamilə fərqli nəticələr ortaya çıxır. Bu da insanlarda inamsızlıq yaradır. Həmçinin, icbari sığorta çərçivəsində çalışan tibb işçilərinin xəstələrlə münasibətləri də çox vaxt pis olur. Elə bu münasibətlər də xəstələrdə şübhə doğurur”.
Tibb eksperti imtahanlarla bağlı yeni qaydaların tətbiq olunacağını qeyd edib:
“Bu imtahanlar nəticəsində hansı həkimlərin keçə biləcəyi, hansılarının keçə bilməyəcəyi aydın olacaq. Bu proses həkimlərin savad səviyyəsinin artırılmasına müsbət təsir göstərə bilər. Amma hal-hazırda poliklinika həkimlərinin böyük əksəriyyəti bu kriteriyalara cavab verə bilmir. Əhali də buna görə özəl xəstəxanalara üstünlük verir. Özəllərdə də qiymətlər getdikcə artır. Belə olan halda insanların əksəriyyətinin maddi imkanı çatmır ki, bütün müayinələri tam keçsinlər. Amma imkan olsa, insanlar bütün müayinələri özəldə keçərdilər və vəziyyətlərinə arxayın olardılar. Çünki az da olsa, özəldə həkimlərin təyinatı bilik və bacarığına görə olur. Əgər həkim peşəkar deyilsə, xəstələr onu axtarıb tapmır. Ona görə də özünə güvənən, pasiyenti olan həkimlər özəl klinikalarda işlərini uğurla yerinə yetirirlər. Poliklinikalar isə sənəd məsələlərindən sui-istifadə edirlər. Xəstələrə resept yazılır, onlar da ya özəldə yoxlanmaq üçün, ya da digər səbəblərlə həmin reseptləri orada istifadə edirlər. Çox vaxt da özəl həkimin dediyi müalicə daha səmərəli olur”.
Sevinc İbrahimzadə / Metbuat.az
Oxşar xəbərlər

New York-da niyə koronavirusa yoluxanlar çoxdur?!
Bugun.az

“44” filmində niyə yerli yox, türk aktrisa oynayı...
Bugun.az

Xəzərin suyu niyə qırmızı olub? -AÇIQLAMA
Bugun.az

"Bakı Fond Birjası"nın dövriyyəsi açıqlandı
Bugun.az

Özəl Pensiya Fondları: Vətəndaşların Pensiya Məblə...
Son Xeberler

Mərkəzi Bankdan manatla bağlı məlumat
Bugun.az