
Spiker: Yaxın Şərq Sülh Sammitinin nəticələri regiona davamlı sülh gətirəcək

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdə olub. Səfər çərçivəsində o, Asiya Parlament Assambleyasının (APA) Koordinasiya görüşünə sədrlik edib. Spiker çıxışı zamanı belə görüşlərin qarşılıqlı maraq doğuran əsas beynəlxalq məsələlər üzrə əməkdaşlığın və koordinasiyanın genişləndirilməsində mühüm rolunu vurğuladı.
O qeyd edib ki, əlaqələndirici görüşlər, xüsusən də indiki həssas dövrdə, mühüm beynəlxalq məsələlərin müzakirəsi və fikir mübadiləsi üçün APA-nın böyük potensialından tam istifadə etməyə əla imkan yaradır. Gələn il Asiya Parlament Assambleyasının yaranmasının 20-ci ildönümü qeyd ediləcək. Milli Məclisin sədri ötən dövrdə Assambleyanın artıq mühüm parlamentlərarası əməkdaşlıq, konstruktiv dialoq və həmrəylik platformasına çevrildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu qurum üzv ölkələrin parlamentlərini öz çətiri altında birləşdirir, onların səslərini yüksəldir və ölkələrin ümumi məqsədlərə nail olmaq səylərinə parlament töhfəsini verir.
Sahibə Qafarova Azərbaycanın təşkilata sədrliyə başladığı 2024-cü ildən bəri görülən işlər haqqında məlumat verdi. Bu müddət ərzində Assambleya çərçivəsində əməkdaşlığı və dialoqu inkişaf etdirmək üçün ciddi səylər göstərilib. Azərbaycan birgə işin daha da gücləndirilməsi ilə bağlı bir sıra prioritetlər irəli sürüb; bunlar APA-nın institusional potensialının inkişafı, sıralarının genişləndirilməsi və mövcud orqanların səmərəliliyinin artırılmasıdır. Sədrliyimiz dövründə təşkilatın sıraları genişlənib: Oman Sultanlığının Şura Məclisi APA-nın tamhüquqlu üzvü oldu, Belarus Respublikası Milli Assambleyasının Respublika Şurası isə müşahidəçi statusu qazanıb. Həmçinin, Ərəb Parlamentləri Baş Katibləri Assosiasiyasına müşahidəçi statusu verilib. Azərbaycanın sədrliyi zamanı APA büdcəsinin formalaşdırılması qərarı ilə bağlı konsensus əldə olundu ki, bu da Assambleyanın imkanlarını gücləndirmək üçün çox vacibdir.
Spiker çıxışında dünyamızın üzləşdiyi problemlərin miqyasını qeyd etdi və bildirdi ki, kollektiv tədbirlər olmadan onların öhdəsindən gəlmək qeyri-mümkündür. Qəzzada atəşkəslə bağlı əldə olunan razılaşma bu faktı bir daha nümayiş etdirdi. O, sazişin bütün mərhələlərinin layiqincə yerinə yetiriləcəyinə ümid etdiyini vurğulayıb. Sahibə Qafarova əminliklə deyib ki, Yaxın Şərq Sülh Sammitinin nəticələri regiona ədalətli və davamlı sülh gətirəcək. Milli Məclisin sədri sonda xatırlatdı ki, gələn il Bəhreyn Krallığı APA-ya sədrlik edəcək. O, Bəhreynin rəhbərliyi altında Assambleyanın Asiya qitəsində parlamentlərarası əməkdaşlığı gücləndirməyə davam edəcəyinə və ümumi məqsədlərə uyğun olaraq sülhün, həmrəyliyin və davamlı inkişafın təşviqinə töhfə verəcəyinə inandığını söyləyib. Görüş gündəlikdə duran məsələlərin müzakirəsi ilə başa çatıb.
Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Putin: "Biz sülh istəyirik, amma..."
Xəbər Anı

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Asi...
Azəri Xəbər

Biz Sülhə Daha Yaxınıq, Lakin Hələ Də Qarşıda Mane...
Son Xeberler

Bu ölkə Misirdəki Sülh Sammitində iştirakdan imtin...
Bugun.az

Rubiodan sülh sazişi barədə açıqlama
Bugun.az

Cənubi Qafqazda de-fakto sülh var -Hikmət Hacıyev
Bugun.az