Son Xeberler
Son Xeberler

22.01.2021 10:37

6 abunə

337

Azərbaycanda yeni qurum yaradıldı - FƏRMAN

Azərbaycanda yeni qurum yaradıldı -

Prezident İlham Əliyev sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb.

Müəyyən edilir ki:

İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – Agentlik) sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir;

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 7 (yeddi) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

Agentliyin fəaliyyətinə cari rəhbərliyi 5 (beş) üzvdən ibarət İdarə Heyəti həyata keçirir;

Müşahidə Şurasının 4 (dörd) üzvünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, 3 (üç) üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edirlər:

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti;

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.

Müşahidə Şurasının sədri və İdarə Heyətinin üzvləri Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

Azərbaycan Respublikasının Prezidentinə:

Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlara dəyişiklik edilməsi;

Agentliyin ləğvi və yenidən təşkili.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:

Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

iki ay müddətində:

Agentliyin nizamnaməsinin layihəsini, habelə nizamnamə fondunun miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

“Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir;

Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində:

Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli üçün tədbirlər görməlidir;

“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etməlidir;

Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Aidiyyəti dövlət qurumları bu Fərmanın 2.4-cü bəndinə uyğun olaraq Agentliyin Müşahidə Şurası üzvlərinin təyin olunmasını bir ay müddətində təmin etməlidir.

Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək:

“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti öz fəaliyyətini davam etdirir;

sənaye parklarının və sənaye məhəllələrinin fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı məsələlərin tənzimlənməsi bu Fərman qüvvəyə mindiyi günədək mövcud normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməlidir;

Fərmanın 2.1-ci bəndində nəzərdə tutulmuş sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin qiymətləndirilməsini altı ay müddətində həyata keçirməli və onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir;

Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.