HƏMAS-dan Əl-Cəzirənin Təqdimatına Sərt Reaksiya: 6 Yaşlı Hind Rəcəbin Qətli Etnik Təmizləmə Siyasətidir

21.10.2025 20:35 8 baxış sayı 5 dəq. oxuma Haberler
HƏMAS-dan Əl-Cəzirənin Təqdimatına Sərt Reaksiya: 6 Yaşlı Hind Rəcəbin Qətli Etnik Təmizləmə Siyasətidir

HƏMAS hərəkatı Qətərdə yerləşən "Əl-Cəzirə" kanalında yayımlanan və kiçik Hind Rəcəblə onun ailəsinin öldürülməsi ilə bağlı araşdırmanın nəticələrinə sərt etiraz bildirib. HƏMAS rəhbəri Əli Bərakə hərəkatın Telegram hesabında etdiyi açıqlamada, proqramda təqdim edilən məlumatların İsrail ordusunun Qəzza zolağında fələstinlilərə qarşı törətdiyi vəhşiliklərin miqyasını açıq şəkildə ortaya qoyduğunu qeyd edib. O, "Gizli olan daha böyükdür" adlı proqramın istintaqında yer alan, bu qətl cinayətinə qarışan zabit və əsgərlərlə bağlı sənədli məlumatların işğalçı ordunun günahsız insanlara qarşı törətdiyi cinayətlərin dəhşətli olduğunu sübut etdiyini deyib. Bərakə, araşdırmanın İsrail liderlərindən gələn birbaşa göstərişlərlə həyata keçirilən bu qəddar cinayətlərin mahiyyətini aydın göstərdiyini vurğulayaraq, Hind Rəcəb və onun ailəsinə qarşı törədilən qətliamın soyqırım və etnik təmizləmə siyasətinin ayrılmaz bir hissəsi olduğunu bildirib.


Qətər mərkəzli "Əl-Cəzirə" televiziyası sözügedən proqramda 29 yanvar 2024-cü ildə Qəzzada 6 yaşlı Hind Rəcəbi, onun ailəsini və onları xilas etməyə gedən təcili yardım heyətini öldürən İsrail hərbi rəsmilərinin adlarını açıqlamışdı. Proqramın aparıcısı Tamir əl-Mişal avtomobildəki fələstinli ailənin və onlara kömək etməyə gələn tibb personalının İsrail əsgərləri tərəfindən qətlə yetirilməsinə dair görüntülü dəlillərə malik olduğunu söyləmişdi. Verilişdə qeyd edilmişdi ki, 6 yaşlı Hind Rəcəbin və ailəsinin avtomobildə qətlə yetirilməsinə görə məsuliyyət daşıyanlar İsrailin 401-ci Zirehli Briqadasının komandiri briqada generalı Benni Aharon və 52-ci taborun komandiri Daniel Elladır. Proqramda həmçinin İsrailin Qəzza zolağına quru hücumları çərçivəsində bölgədə qırğın törədən tankçı birliklərə diqqət yönəldilmişdi.


Proqrama qonaq qismində qatılan Hind Rəcəb Fondunun yaradıcısı və rəhbəri Diyab Əbu Cəhcəh bəzi maraqlı faktları açıqlayıb. O bildirib ki, quru hücumları zamanı Qəzza şəhərinə daxil olan tankçı birlik "Vampir İmperiyası" adı ilə tanınırdı. Fond rəhbəri iddia edib ki, bu birliyin komandiri və kiçik Hind Rəcəbin öldürülməsi əmrini verən şəxs Şaun Blass olub. Verilişdə həmçinin İsrail əsgərlərinin şəxsiyyətlərinin müəyyən edildiyi və aralarında Argentina vətəndaşı olan İtay Şukerkov adlı bir əsgərin olduğu qeyd edilib. Hind Rəcəb Fondunun səlahiyyətli nümayəndəsi Nataşa Barak isə bu məlumatların Beynəlxalq Cinayət Məhkəməsində Qəzzada Hind Rəcəbi, onun ailəsini və xilasetməyə gələn tibb işçilərini öldürənlərə qarşı iddia qaldırmağa yardım edəcəyini xüsusi vurğulamışdı.


Hind Rəcəbin faciəli ölümü 29 yanvar 2024-cü ildə Qəzzada baş verib. İsrail qüvvələri işğal və qırğınlar səbəbindən sığınacaq yeri tapmaq üçün yola çıxan bir avtomobili hədəf alıblar. Qəzzanın Təl əl-Həva məhəlləsində vurulan avtomobildə 6 yaşlı Hind Rəcəb və 5 qohumu var idi. Hücumun ilk anlarında avtomobildəki 4 nəfər həlak oldu, lakin Hind və sağ qalan 15 yaşlı Leyan Həmadə Fələstin Qızıl Aypara Cəmiyyətini (FQA) köməyə çağıra bildilər. Leyan Həmadənin yardım istədiyi səs yazısı FQA tərəfindən yayılmışdı. Təəssüf ki, Leyan Həmadə telefon danışığından qısa müddət sonra dünyasını dəyişdi. Hind Rəcəb isə telefonla FQA işçilərinə üç saat ərzində yalvararaq: "Hamı öldü, gəlin məni aparın, burada tək qalmaq istəmirəm. Çox qorxuram," desə də, İsrail qüvvələrinin hücumları səbəbindən xilas edilə bilmədi.


İsrail qüvvələrinin bölgədən 12 gün sonra, yəni 10 fevral 2024-cü ildə geri çəkilməsindən sonra avtomobilə çatmaq mümkün oldu. Həmin avtomobildə Hind Rəcəbin, dayısının, onun həyat yoldaşının və üç uşağının cansız bədənləri aşkar edilmişdi. Avtomobilin ön şüşəsi və panel hissəsi parçalanmış, gövdəsində güllə deşikləri var idi. Hind Rəcəbi xilas etmək üçün göndərilən FQA-ya məxsus təcili yardım maşınının qalıqları da yaxınlıqda tapıldı. Tamamilə yanmış və birbaşa hədəf alınmış təcili yardım maşınının içərisində FQA heyətindən Yusif Zeyno və Əhməd Mədhunun da cəsədləri tapılmışdı. Bu faciə bütün dünyada böyük rezonans doğurmuşdu.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: