🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Xalq prezidentə yazır: "Əmr gözləyirik"

30.09.2020 12:52 372 baxış sayı 27 dəq. oxuma
Xalq prezidentə yazır: "Əmr gözləyirik"

Ermənistan ordusunun cəbhədə törətdiyi təxribatlardan sonra Azərbaycan ordusunun əks-hücuma keçməsi, Silahlı Qüvvələrimizin əldə etdiyi böyük uğurlar, işğal altındakı torpaqlarımızın azad edilməsi ölkə sakinləri ilə yanaşı Azərbaycanı dəstəkləyən arasında da ruh yüksəkliyi yaradıb. Prezident İlham Əliyevə ünvanlanan müraciətlərdə də bunu açıq-aydın görmək mümkündür.

Azərbaycanın dörd bir yanında yaşayan soydaşlarımızla yanaşı, türklər də müraciət edərək Azərbaycan Ordusunun şanlı qələbəsindən qürur duyduqlarını, hər an cəbhəyə üz tutmaq üçün əmrə hazır olduqlarını deyiblər.

Masallı rayonundan istefada olan polis polkovnik-leytenantı Tofiq Şagmarov yazır ki, rayon polis şöbəsi üzrə bütün polis veteranları sıravi əsgər kimi Ali Baş komandanın ətrafında olmaqla müharibəyə cəlb olunmaqla bağlı əmri səbirsizliklə gözləyir. "Vətən eşqi bizim üçün çox ülvi və müqəddəsdir. Daim Sizinləyik".

Səbinə Əliyeva, Şirvan
"Hörmətli cənab Prezident.
Mən Əliyeva Səbinə I qrup gözdən əliləm. Ailəliyəm, 3 körpə övladım var. Gözlərimin görməsi üçün valideynlərimin Mehriban xanım Əliyevaya müraciəti əsasında dəfələrlə əməliyyat olundum. Görmə qabiliyyətim qismən bərpa olunduğuna görə çox sevinirəm. Çox sağ olun ki, Siz və Mehriban xanım hər bir azərbaycanlıdan, o cümlədən məndən bu qayğını, bu sevgini əsirgəmirsiniz.
Qarabağımız uğrunda gedən döyüşlərdən, ilkin qələbəmizdən mən də fərəhlənirəm. Rəşadətli ordumuzun gücünə və qüdrətinə inanıb gur səslə deyirəm: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Çinarə Səfərova, Gəncə
"Cənab Ali Baş Komandan.
Vətənin müdafiəsi uğrunda işğalçı ermənilərə zərbə endirilməsi üçün verdiyiniz cəsur qərarla əlaqədar Sizə minnətdarlığımı bildirirəm. Əlbəttə, qətiyyətli və uzaqgörən siyasətinizin nəticəsidir ki, cəbhədən işğal altında olan torpaqlarımızın azad edilməsi xəbərini alırıq. Bu xəbər hər bir azərbaycanlı kimi, məni də sevindirir. Vətən uğrunda şəhid olan vətəndaşlarımızın, həmçinin doğma əmilərimin qisasını igid, cəsur ordumuzun qüvvələri layiqli şəkildə alırlar. Azərbaycan bu gün Sizin komandalığınızla yumruq kimi birləşərək, ərazi bütövlüyünün bərpa edilməsi üçün hər an cəbhəyə getməyə hazırdır. Ulu Tanrı Sizi, ailənizi və ordumuzu qorusun. Yaşasın müstəqil Azərbaycan".

Gülbəniz Əliyeva, Tovuz
"Hörmətli cənab Prezident.
Hazırda ölkəmizdə baş verən vəziyyəti nəzərə alıb sadə vətəndaş kimi Sizə bu məktubu yazmağı özümə borc bildim. Sizin ölkəmizdə apardığınız siyasəti bəyənir və təsdiqləyirik. Sizin səyiniz nəticəsində biz sərhəd zonasında tam rahat hər zamankı həyat tərzimizə davam edirik. Biz hər zaman inanmışıq və inanırıq ki, Sizin komandanlığınızla hər zaman yalnız irəli gedəcəyik. Xalqımz daim Sizin arxanızdadır. Qələbə bizimlədir!

Cabir Məmmədov, Ağdam
"Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Torpaqlarımızın azadlığı uğrunda Sizin komandanlığınız altında atılan addımları alqışlayır, Sizə bu haqq işimizdə mübarizəyə görə təşəkkürümü bildirirəm. İnşallah, ən qısa zamanda Qələbə xəbərini alacağımızdan əminəm. Mən də bir vətəndaş olaraq hər an döyüşə atılmağa, üzərimə düşən hər bir vəzifəni şərəflə yerinə yetirməyə hazıram.
Allah millətimizi, dövlətimizi, Ordumuzu və bu haqq savaşında bizə dəstək olan dost və qardaşlarımızı qorusun. Ən qısa zamanda qələbə çalacağımızdan, üçrəngli bayrağımızın işğal altındakı bütün torpaqlarımızda dalğalanacağından, tarixi Azərbaycan ərazilərinin düşməndən azad ediləcəyindən əminəm. Allah bu haqq savaşında yar və yardımçınız olsun.

Rəhəd Əhmədov, Sumqayıt
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Sizin dəfələrlə xəbərdarlığınıza baxmayaraq, mənfur qonşularımız atəşkəsi pozmaqdan, mülki vətəndaşlarımızı öldürməkdən çəkinmədilər. Ordumuzun düşmənin ön xəttini bir neçə saata darmadağın etməsi göstərdi ki, bizim üçün işğalçıları torpaqlarımızdan təmizləmək çox asandır. İllərdir həsrətlə gözlədiyimiz günləri bizə yaşatdığınız üçün Sizə sonsuz təşəkkür edirik. Bu günə qədər müxtəlif beynəlxalq tribunalardan düşmənə verdiyiniz layiqli cavabları bu gün igid Azərbaycan əsgəri döyüş meydanlarında reallığa çevirir. Cəbhədən aldığımız qələbə xəbərləri ilə duyduğumuz qürur hissini sözlə ifadə etmək mümkün deyil. Şanlı ordumuz əzəli və əbədi torpaqlarımızı qaytarmaq, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün qəhrəmancasına vuruşur. Biz inanırıq ki, üçrəngli bayrağımızın Xankəndidə, Şuşada eləcə də, doğma torpağım olan Qubadlıda dalğalanacağı günlər yaxındır. Azərbaycan xalqı hər zaman olduğu kimi, indi də Sizin yanınızdadır, cəbhədə vuruşan əsgərlərin sırasına qoşulmaq üçün əmrinizi gözləyir. Biz Sizin qətiyyətinizə, uzaqgörənliyinizə, mətinliyinizə tam inanırıq və güvənirik. Allah Sizi və Azərbaycan xalqını qorusun.

Cəfər Əliyev, Cəlilabad
Möhtərəm cənab Prezident.
Ali Baş Komandanlığınızla şanlı Ordumuzun əzəli yurdumuz Qarabağın azadlığı uğrunda nümayiş etdirdiyi rəşadət və əzmkarlığı, düşmənə vurduğu sarsıdıcı zərbələri rəğbət hissi ilə izləməkdəyəm. Hər an əzəli torpaqlarımızın azadlığı uğrunda döyüşə atılmaq üçün səbirsizliklə gözləyirəm. Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan Ordusuna və onun Ali Baş Komandanına.

Çinarə Səfərova, Gəncə
Cənab Ali Baş Komandan.
Vətənin müdafiəsi uğrunda işğalçı ermənilərə zərbə endirilməsi üçün verdiyiniz cəsur qərarla əlaqədar Sizə minnətdarlığımı bildirirəm. Əlbəttə, qətiyyətli və uzaqgörən siyasətinizin nəticəsidir ki, cəbhədən işğal altında olan torpaqlarımızın azad edilməsi xəbərini alırıq. Bu xəbər hər bir azərbaycanlı kimi, məni də sevindirir. Vətən uğrunda şəhid olan vətəndaşlarımızın, həmçinin doğma əmilərimin qisasını igid, cəsur ordumuzun qüvvələri layiqli şəkildə alırlar. Azərbaycan bu gün Sizin komandalığınızla yumruq kimi birləşərək, ərazi bütövlüyünün bərpa edilməsi üçün hər an cəbhəyə getməyə hazırdır. Ulu Tanrı Sizi, ailənizi və ordumuzu qorusun. Yaşasın müstəqil Azərbaycan.

Şəfiqə Hüseynova, Bakı
Zəngilan sakinləri olaraq, bizə bu sevincli günləri yaşatdığınız üçün Sizə çox minnətdarlığımızı bildiririk.
Mənim anam yataqxanada yaşayaraq rəhmətə getdi, Zəngilana qayıdışı görə bilmədi. 84 yaşlı atam isə həsrətlə Zəngilana qayıdıb əzizlərinin qəbirlərini ziyarət edəcəyi günü gözləyir. Əgər erməni vandalları məzarlığı dağıtmayıblarsa...
Bu yaşına qədər heç vaxt açıq rəng paltar geyinməyən atam deyir ki, mən qırmızı köynək geyib Zəngilana gedəcəm. İnşallah, Sizin sayənizdə, möhtərəm Prezidentim. Siz ulu öndər Heydər Əliyevin ruhunu şad edirsiniz, onun arzuları mütləq həyata keçməlidi. Çünki, müasir Azərbaycan Heydər Əliyevin əsəridir. Onun sayəsində parçalanmayaraq, başını dik, bayrağını uca tutdu. Bayrağımız, İnşaallah Şuşada, Xankəndində məğrur-məğrur dalğalanacaq. Allah yardımçınız olsun. Allah Sizi və Ordumuzu qorusun. Allah şəhidlərimizə rəhmət eləsin.
İnanırıq ki, Sizin sayənizdə Mübarizlərimizin, Fəridlərimizin, Poladlarımızın qanı yerdə qalmayacaqdır.

Zəminə Əsədova, Bakı
"Cənab Prezidentimiz, hörmətli Ali Baş Komandanımız.
İlk növbədə Sizinlə qürur duyduğumu ifadə etmək istəyirəm. Aldığınız çox tarixi bir qərarın nəticəsində yüzilliklər sonra Azərbaycanımızın tarixinə düşəcək hadisələrin canlı şahidləriyik. Siz bu gün Komandanlıq etdiyiniz Ordumuzun rəşadətli qalibiyyətləri ilə Azərbaycanımızın Qələbə tarixini yazırsınız. Bundan sonra daha da qürurlu tarix yazacaqsınız. İşğaldan azad olunan doğma torpaqlarımız Sizin imzalayacağınız sərəncamlarla abadlaşacaq. Qarabağ dünyanın ən gözəl turist mərkəzlərindən birinə çevriləcək. Bu gün cəbhədən həsrətlə xəbər gözləyən soydaşlarımızın başlarının üstündə gəzdirdikləri bayraq Xankəndində, Şuşada dalğalanacaq. Bizə yaşatdığınız Qələbə sevincinə görə Sizə sonsuz minnətdaram. Hər zaman arxanızdayıq, hər zaman Sizinlə qürur duyacağıq. Yaşasın Azərbaycana Qələbə xəbərini yaşadan Prezidentimiz. Tezliklə bizə yeni qələbə xəbərləri vermənizi arzulayıram. Allah yardımçınız olsun.

Məcid Qənbərov, Biləsuvar
Möhtərəm cənab Prezident.
Bir sıravi Azərbaycan vətəndaşı olaraq ailəmizin adından Sizə təşəkkür etməyi özümə mənəvi borc bildim. Siz bu günə qədər xalqımızın çox sayda arzularını reallığa çevirmisiniz. Bu gün isə Siz 30 ilə yaxındır ki, həsrətində olduğumuz, səbirsizliklə gözlədiyimiz ən böyük arzumuzu - Vətən torpağımızın işğaldan azad olunduğu günü görməyi gerçəkləşdirirsiniz. Sizin bu qərarınız Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Tanrı Sizi, ordumuzu, xalqımızı qorusun. Biz zəfər çalacağıq.

Kəmalə Səfərova, Lənkəran
Möhtərəm cənab Prezident.
Mənfur erməni qəsbkarlarının atəşkəsi kobud şəkildə pozması, mülki əhalini hədəfə alması bizi hiddətləndirsə də, əks-hücumla onlara layiqli cavablarının verilməsi bizdə hədsiz sevinc hissi dogurur. Bu gün Azərbaycanın qüdrətli ordusu və onun başında duran qətiyyətli, uzaqgörən Ali Baş Komandanı var. Biz bu qətiyyətin və uzaqgörənliyin bir daha şahidi oluruq. Yaxın günlərdə qələbə xəbərini almağa heç bir şübhəmiz yoxdur. Bunun üçün Sizə təşəkkür edirəm. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Gülşən Namazova, Mingəçevir
Azərbaycan xalqının ən böyük arzusunu reallaşdırmaq üçün orduya Qarabağı azad etmək əmrini vermisiniz. Aldığımız qürurverici xəbərlərə görə başda Siz olmaqla, bütün zabit və əsgərlərimizlə fəxr edirik. Bu gün xalqımız öz tarixinin şanlı səhifəsinin fərəh dolu anlarını yaşayır. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Milli Ordumuzun əldə etdiyi uğurlar, cəbhədəki erməni təxribatına verilmiş layiqli cavablar bizləri daha da ruhlandırır. İnanırıq ki, qələbə xəbərləri Şuşada, Xankəndidə Azərbaycan bayrağının dalğalanmasına qədər davam edəcək. Bütün Azərbaycan xalqı bu günü səbirsizliklə gözləyirdi. Sizin rəhbərliyinizlə çox uzaqda olmayan Qələbə sevincini yaşayacağımıza inanırdıq. Qüdrətli Ordumuzun uğurları tezliklə bütün tarixi torpaqlarımızın işğalçılardan azad ediləcəyinə və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacaqlarına böyük əminlik yaradır. Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda apardığınız mübarizə Mingəçevir şəhərinin ziyalıları tərəfindən də qürur və sevinc hissi ilə qarşılanır, yüksək qiymətləndirilir. Əminik ki, xalqımız Sizin ətrafınızda həmişə olduğu kimi, yenə sıx birləşərək mənfur düşmənlərimizə layiq olduğu yeri göstərəcəkdir.
Cənab Ali Baş Komandan, tarixi zəfərlərin astanasındayıq. Bu yolda Sizə və rəşadətli Ordumuza güc-qüvvət, yeni böyük uğurlar arzulayırıq. Qələbə bizimlədir. Qarabağ Azərbaycandır! 

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Goranboy rayon filialının sədri Orxan Əliyev
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Hazırda ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızda döyüşlər gedir. Cəbhədə qazandığımız nailiyyətlər biz Qarabağ müharibəsi əlilləri, veteranları və Şəhid ailələrini qürurlandırır. Biz əminik ki, ordumuz tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəkdir. Allah Siz başda olmaqla xalqımızı və ordumuzu qorusun. Biz Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi hər zaman Sizin yanınızdayıq, bütün qərarlarınızı dəstəkləyirik.

Akkaş Erdal, Çanakkale, Türkiyə
Hörmətli cənab Prezident.
Mən Türkiyə Silahlı Qüvvələrində xidmət etmişəm. Hazırda təqaüddəyəm. Son günlər ermənilərin təxribatı üzündən başlanan şiddətli döyüşlər məni narahat edir. Vətənimizin müdafiəsində iştirak etmək üçün Azərbaycan Ordusunda olmaq istəyirəm. Mənə veriləcək tapşırığı canla-başla yerinə yetirmək, erməni faşistlərinə türkün gücünü bir daha göstərmək arzusundayam.
İnanıram ki, bu mübarizədə Siz qalib gələcəksiniz. Çünki, Sizin yolunuz haqq yoludur.

Yetim Mustafa, Bilecik
Çox hörmətli cənab Prezident.
Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunması məni çox üzür və qanıma toxunur. Azərbaycan Ordusuna əsgər lazım olsa, mən hazıram. Ordunuza qoşulub yağı düşmənə qarşı vuruşmaq mənim üçün böyük şərəf olardı. Şəhidlərimizin qisasını almaq hissi ilə alışıb-yanıram.
Cənab Prezident, Allah yar və yardımçısınız olsun. Qardaş Azərbaycanın xoş günündə də, dar günündə də yanındayıq.

Cesur Emre Kivanc, Qaziantep
Əziz və hörmətli cənab Prezident.
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranan gərginlik Türkiyədə yaşayan hər bir qardaşınızı narahat edir. Azərbaycanın güclü olduğunu bilirik. Amma ehtiyac yaranarsa, hər bir türkün yanınızda olduğunu bilmenizi istərdim.
Vətən bölünməz! Vətənin bütünlüyünü qorumaq hər birimiz üçün şərəfdir. Canımız və son damla qanımız qardaş ölkə Azərbaycan üçün halaldır. Türkün türkdən başqa dostu yoxdur. Allah ulu Turan torpaqlarını, xalqımızı qorusun.

Yunus Sarıkan, İstanbul
Hörmətli cənab Prezidentim.
Allahın mərhəmətinin daim üzərinizdə olması arzusu ilə Sizi salamlayıram. Bizim ölkələrimiz bir ananın iki oğludur. Mən də Vətənim üçün canımı, qanımı fəda etməyə hazıram.
Azərbaycan vətəndaşlığını təsdiq edən sənədim olmasa da, canımla, qanımla bu ölkənin vətəndaşı olduğumu sübut edəcəm. Vətənimiz, anamız, qanımız eynidirsə, biz də Vətən müharibəsində iştirak etməliyik.
Məni şanlı bayraq altında Qələbəyə gedən yolda yürüməkdən məhrum etməyin. Biz Vətənimizə uzanan əlləri kəsərik. Düşmənin ürəyinə qorxu salarıq. Allah yar və yardımçınız olsun. Allaha əmanət olun. Yaşasın Türkiyə, yaşasın Azərbaycan!

Adem Tolga, Dənizli
Hörmətli cənab Prezident.
Mən bir türk müəllim olaraq, Ermənistanla yaşanan müharibədə Siz qardaşlarımızın yanında olduğumu bildirmək istəyirəm. Televiziyada çıxışınızı izlədim və çox duyğulandım. Mən ingilis dili müəllimiyəm, qardaş Azərbaycana dəstək vermək imkanım olarsa, sevə-sevə edərəm.
Sizinlə sonuna qədər birlikdə olduğumuzu bildirir, haqlı mübarizənizdə Sizə uğurlar arzulayıram. Düşmən atəşi nəticəsində həyatını itirən azərbaycanlılara Allahdan rəhmət diləyirəm.

Gamze Tıraş, Osmaniye
Hörmətli cənab Prezidentim.
Mən Türkiyə Respublikasının 26 yaşlı vətəndaşı və 1 oğul anasıyam. Azərbaycanı öz Vətənim, azərbaycanlıları millətim kimi sevirəm. Bu iki millət üçün qardaş kəlməsi əbədidir. Türkiyə və Azərbaycan eyni çinarın kökləridir.
Ölkənizdə elan olunan səfərbərlik, torpaqlarınızın azad olunması və digər hadisələri böyük həyəcanla izləyirəm, Qələbə gününün uzaqda olmadığına əminəm.
Mən də bu yolda canımla, qanımla Sizə, can Azərbaycana xidmət etməyə hazıram.
Bir daha deyirəm, Vətənim Türkiyədir, Vətənim Azərbaycandır. Türk qanının dəydiyi yer Vətəndir.

Ramazan Kılıçer, Ankara
Hörmətli cənab Prezident.
Ankaradan müraciət edərək qələbələrinizi təbrik edir, zəfərlərinizin davamlı, zərbələrinizin hədəfinə çatmış olmasını arzulayıram.
Mənim 29 yaşım var. Azərbaycan üçün canımı fəda etməyə hər zaman hazıram. Allah bizə böyük zəfərlər qismət etsin. Türkiyə olaraq bütün sahələrdə Sizinlə çiyin-çiyinə durmağa hazırıq.

Musa Ertürk, Kocaeli
Hörmətli cənab Prezident.
Siz həm də mənim Prezidentimsiniz. Ölkələrimizin adı, bayraqlarımızın rəngi fərqli ola bilər, amma qanımız eynidir. Qarabağ bizim də ürəyimizdə sağalmayan yaradır. Amma Sizin sayənizdə bu yara sağalacaq.
Ona görə də Qarabağ uğrunda mübarizədə qanımla, canımla iştirak etməyə, bu yolda öndə olacağıma namusuma və bayrağıma and icirəm. Siz yalnız deyilsiniz. Əlinizi ürəyinizin üstünə qoysanız, bizi orada görəcəksiniz. Allahın amanında olasınız.

Zeynel Akcan, Zonquldak
Hörmətli cənab Prezident.
Canımız və qanımızla bağlı olduğumuz Azərbaycan torpaqlarının işğalına qarşı mübarizədə hər zaman yanınızdayıq. Türkiyənin Sizlərlə birlikdə olduğunu bildiririk. Siz güləndə gülür, ağlayanda ağlayırıq. Sizin torpaqlarınız bizim, bizim torpaqlarımız Sizin Vətəninizdir. Ona görə də Sizin torpaqlara edilən təcavüz bütün türklərə edilmiş sayılır.
Möhtərəm Prezident, əziz qardaşlarımız. Siz gərgin günlər yaşayarkən, biz burada rahat otura bilmərik. Bir daha yanınızda olduğumuzu, əmrinizə hazır olduğumuzu bildirir.

Uğur Aslan, Tilburg, Niderland
Möhtərəm cənab Prezident.
Mən Niderlandda yaşayan türklərin adından Sizi sevgi və hörmətlə salamlayıram. Zalıma, zülmə qarşı mübarizənizdə yanınızda olmaqdan qürurlanaram. Türk Sülahlı Qüvvətlərinin sırasında Vətənim üçün necə xidmət etmişdimsə, Azərbaycanın gələcəyi naminə də elecə xidmət etməyə hazıram.
Allah Türkü qorusun, daim uca etsin! Ürək sözlərimi ən sevdiyim misralarla bitirmək istəyirəm:
Bir ananın iki oğlu
Bir ağacın iki qolu
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.
Dinimiz bir, dilimiz bir
Ayımız bir, ilimiz bir
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə.

Paylaş: