Azadlığına qovuşmuş qədim Şuşa böyük quruculuq işlərinin və beynəlxalq tədbirlərin mərkəzinə çevrilib - Vüqar Rəhimzadə

07.11.2025 15:47 8 baxış sayı 6 dəq. oxuma Trend
Azadlığına qovuşmuş qədim Şuşa böyük quruculuq işlərinin və beynəlxalq tədbirlərin mərkəzinə çevrilib - Vüqar Rəhimzadə

Tarixi Qələbəmizin əbədiləşdirilməsinə xidmət edən vacib addımlardan biri, işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsidir. Dövlət başçısı İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 8 noyabr Şuşa Şəhəri Günüdür. 2020-ci il noyabrın 8-də qüdrətli Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən ürəyi olan Şuşadan qovdu. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli Bayrağımızı ucaltdı.


Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşasız işimizin yarımçıq qalacağını deyirdi. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. Qarabağ Zəfərinin zirvəsində məhz Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm Zəfərin memarı Prezident İlham Əliyev Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli Sərkərdə kimi əbədi yazdırdı. Prezident noyabrın 8-də Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciətində böyük fəxarət hissi ilə Şuşanın azad olunduğunu bəyan etdi. O, bu illər ərzində Azərbaycan xalqının dəstəyini hiss etdiyini, bunun ona güc verdiyini vurğuladı. Dövlət başçısı düşmənə yumruq göstərərək demişdi: "Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir."


Bu gün böyük qürurla qeyd edirik ki, Şuşa azaddır. Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. Noyabrın 8-i şanlı Qələbəmizin günü kimi Azərbaycan tarixində əbədi qalacaq. Uzun illər davam edən ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim Şuşa artıq böyük quruculuq, tikinti, təmir-bərpa işlərinin və möhtəşəm beynəlxalq tədbirlərin mərkəzinə çevrilib. Ötən beş ildə Şuşa şəhərində bir sıra əhəmiyyətli infrastruktur layihələri icra olunub. Bunlardan biri igid oğullarımızın Şuşaya doğru dağların, meşələrin qoynu ilə irəliləyərək açdığı cığır boyu salınan avtomobil yoludur. Prezident İlham Əliyev 101 kilometr uzunluğu olan bu yolu "Zəfər yolu" adlandırdı. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2024-cü ilin oktyabrında “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etdi.


Millət vəkili qeyd edib ki, Şuşa tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Keçmiş işğal illərində düşmən Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələrini talan edib, şəhərin memarlığına misli görünməmiş ziyan vurub. Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, Şuşanın tarixi siması saxlanılır. Artıq bir çox abidələr bərpa olunub, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün güllələnmiş büstləri əvvəlki yerlərinə qoyulub. "Xarıbülbül", "Qarabağ" və "Yasəmən" hotelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana fəaliyyətə başlayıb. Bərpa işlərinin sürəti deməyə əsas verir ki, çox keçmədən Şuşa dünyanın ən gözəl şəhərlərindən biri olacaq.


Vüqar Rəhimzadə, Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı Sərəncam əsasında Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsindən və 2022-ci ilin “Şuşa ili” elan edilməsindən geniş danışıb. Şuşa beynəlxalq səviyyədə də diqqət çəkdi. 2022-ci ildə TÜRKSOY-un iclasında Şuşa 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, 2023-cü ilin sentyabrında Dohada keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin Konfransında 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı”, oktyabrda isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm nazirlərinin iclasında 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan olundu. Şuşa azadlığa qovuşandan sonra burada bərpa, quruculuq və yenidənqurma işlərinə start verildi. Şuşa bu gün iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Qarabağın tacı, eyni zamanda, dünya azərbaycanlılarını bu məkanda bir araya gətirərək birliyimizi dünyaya çatdırdı. Şuşanın hər günü əhəmiyyətli hadisələrlə zəngindir. Şuşa şəhəri artıq beş ildir ki, azaddır və sakinlərinə qovuşur.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: