Ermənistanın əsirliyində olmuş azərbaycanlıların işgəncələrə məruz qalması barədə ifadələri elan olunub

23.10.2025 16:57 4 baxış sayı 5 dəq. oxuma Report
Ermənistanın əsirliyində olmuş azərbaycanlıların işgəncələrə məruz qalması barədə ifadələri elan olunub

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə, müharibə cinayətlərinə, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı və terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 23-də davam etdirilib. Bu iş üzrə 15 təqsirləndirilən şəxs müharibə qanunlarını və adətlərini pozma, işgəncə, qəsdən adam öldürmə, terrorçuluq, hakimiyyəti zorla ələ keçirmə kimi çoxsaylı maddələrlə ittiham olunur. Bakı Hərbi Məhkəməsində, hakimlər Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin ediliblər. Məhkəmədə prokurorlar, zərərçəkmiş şəxslərin bəzi nümayəndələri və təqsirləndirilən şəxslərin müdafiəçiləri iştirak ediblər.


Proses zamanı 82 nəfər zərərçəkmiş şəxsin məhkəmədə iştirak edə bilmədiyi üçün ibtidai istintaqa verdiyi ifadələrin tədqiq olunması xahiş edilib. Buna heç kim etiraz etməyib və məhkəmə iclasında onların ifadələri elan edilib. Zərərçəkmişlərin ifadələrində əsirlikdə qalarkən məruz qaldıqları ağır fiziki və psixoloji işgəncələrin dəhşətli təfərrüatları yer alıb. Azad Kamal oğlu Tahirov ifadəsində Maksim adlı polis əməkdaşının onun ağzına avtomat silahın ucu ilə vurduğunu və dişinin qırıldığını bildirib. Daha sonra həmin Maksim tapançaya bir güllə qoyaraq əsir yoldaşları ilə "ruletka" oyunu oynayıb. Tahirovun və Şahlar Qurbanovun başına dirədiyi tapança atəş açmasa da, Tağı Bayramovun başına tutub tətiyi çəkdikdə atəş açılıb və Tağı Bayramov yerindəcə ölüb. Zərərçəkmiş Tağıyev Talıb Əzim oğlu isə 1991-ci ildə Cəbrayılın Havıslı kəndi yaxınlığında avtomobilləri saxlanılaraq Hadrut polis şöbəsinə aparıldığını və orada onlara işgəncələr verildiyini göstərib.


Müxtəlif əsirlik yerlərində baş verən istismar faktları da oxunan ifadələr arasında idi. 1994-cü ildə yaralanan və əsir götürülən Ağayev İlham Cabir oğlu, bir ay Qaradağlı kəndində saxlanıldıqdan sonra Şuşa həbsxanasına aparılıb. Yaralarına baxılmadığı üçün vəziyyəti ağırlaşıb və Xankəndi Şəhər Uşaq Xəstəxanasına göndərilib. O, orada Kamo adlı nəzarətçinin əsirləri döyməsinə şahid olduğunu deyib. Məmmədov Qadir İmamqulu oğlu da 1993-cü ildə Füzulidə əsir götürüldüyünü və bir il yarım Şuşa həbsxanasında qaldıqdan sonra Ağbulaq kəndinə aparıldığını, əsirlikdə ağır işgəncələrə məruz qaldığını göstərib. Digər zərərçəkmiş Rəhimov Vahid Qaroğlan oğlu da yoldaşı ilə birlikdə girov götürüldüyünü və avtomat silahın qundağı ilə döyülərək ağır işgəncələrə məruz qaldıqlarını bildirib.


Zərərçəkmişlərin bəziləri dinc əhaliyə qarşı yönəlmiş qəddar rəftardan danışıblar. Niyyət Binnət oğlu Əhmədovun ifadəsinə görə, 1993-cü ildə Kəlbəcərin Başlıbel kəndində ailəsi ilə birlikdə gizləndiyi mağara Ermənistan hərbçiləri tərəfindən atəşə tutulub, nəticədə ailəsinin bir çox üzvü güllə yarasından ölüb. O, yaralı vəziyyətdə girov götürülüb və Xankəndi Uşaq Xəstəxanasında saxlanılıb. Orada erməni həkimlər ona ağrıkəsici verməyib, əksinə, gözünün və ayağının yarasına zərbələr yetirib, çirkli bintlə sarıyıblar. Xocalı sakini Əliyeva Solmaz Dəmir qızı isə 1992-ci ildə Şuşada girov götürüldükdən sonra Xankəndi təcridxanasında qadın və uşaqlarla dörd gün aclıq və hədə-qorxu altında saxlandığını bildirib. Məhkəmə prosesi oktyabrın 24-də davam etdiriləcək.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: