Ermənistanın əsirliyində və girovluğunda olmuş azərbaycanlıların işgəncələrə məruz qalması barədə ifadələri elan olunub - MƏHKƏMƏ

23.10.2025 16:56 4 baxış sayı 5 dəq. oxuma Trend
Ermənistanın əsirliyində və girovluğunda olmuş azərbaycanlıların işgəncələrə məruz qalması barədə ifadələri elan olunub - MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, soyqırımı və terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəmə prosesi oktyabrın 23-də davam etdi. Cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə keçirildi. Təqsirləndirilən şəxslərin arasında Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri var. Məhkəmə iclasında həm təqsirləndirilən şəxslər, həm onların vəkilləri, həm də zərərçəkmiş şəxslərin bir qismi iştirak edirdi. Məhkəməyə ərizə ilə müraciət edən 82 nəfər zərərçəkmiş şəxs iştirak edə bilmədikləri üçün ilkin istintaqa verdikləri ifadələrin məhkəmə prosesində oxunmasını xahiş etmişdi. Bu xahişə etiraz olunmadı və məhkəmə üzrlü səbəbdən iştirak edə bilməyən zərərçəkmiş şəxslərin ifadələrini elan etdi.


Zərərçəkmişlərin ifadələri əsirlikdə və girovluqda olduqları dövrdə məruz qaldıqları ağır işgəncələri ortaya çıxardı. Azad Kamal oğlu Tahirov ifadəsində Ermənistanın əsirliyində olarkən Maksim adlı polis əməkdaşının avtomat silahın ucu ilə ağzından möhkəm zərbə vurduğunu və dişinin qırıldığını bildirdi. Ən dəhşətli fakt isə həmin Maksimin barabanlı tapançaya bir güllə qoyub fırlatması və əsir yoldaşları arasında “ruletka” oyunu oynaması idi. O, tapançanı növbə ilə əvvəl Azad Tahirovun, sonra Şahlar Qurbanovun başına dirəyərək tətiyi çəkib; hər iki halda atəş açılmayıb. Lakin Tağı Bayramovun başına tutub tətiyi çəkdikdə atəş açılıb və Tağı Bayramov yerindəcə həlak olub. Qətlə yetirilmiş Bayramovun meyiti Ermənistan hərbçilərinin tələbi ilə çayın kənarına aparılıb və orada basdırılıb. Tağıyev Talıb Əzim oğlu isə 1991-ci ildə Cəbrayıl rayonunun Havıslı kəndi yaxınlığında saxlanılaraq Hadrut polis şöbəsində işgəncələrə məruz qaldığını bildirib. O, sonradan ona işgəncə vermiş üç şəxsi, V.E. Martirosyan, M.Q. Konstandov və P.M. Ayriyanı tanıyıb.


Digər zərərçəkənlərin ifadələri də əsirlik şəraitinin ağır olduğunu göstərdi. İlham Cabir oğlu Ağayev 1994-cü ildə Tərtərdə yaralanaraq əsir götürülüb. Təxminən bir ay Qaradağlı kəndində saxlanıldıqdan sonra Şuşa həbsxanasına aparılıb. Qaradağlıda yarasına baxılmadığı üçün səhhəti ağırlaşıb. Daha sonra o, Xankəndi Şəhər Uşaq Xəstəxanasına göndərilib. Ağayev uşaq xəstəxanasında Kamo adlı nəzarətçinin əsirləri döydüyünə şahid olub. Daha sonra Ağbulaq kəndində saxlanılan zaman da ağır işgəncələrə məruz qalıb. Abdullayev Nazim Şakir oğlu 1991-ci ildə Xankəndi ilə Şuşa arasında əsir götürüldüyünü və üç gün ərzində mütəmadi olaraq vəhşicəsinə döyüldüyünü, ac-susuz saxlanıldığını ifadə edib. Zərərçəkmiş Əliyeva Solmaz Dəmir qızı 1992-ci ildə Şuşaya hücum zamanı girov götürüldüyünü, avtomat silahın qundağı və təpiklə döyüldüyünü və Xankəndi təcridxanasında dörd gün ərzində yeməksiz saxlanıldığını bildirib.


Kelbecər sakini Əhmədov Niyyət Binnət oğlu isə 1993-cü ildə Başlıbel kəndində ailəsi ilə birlikdə gizləndikləri mağaranın atəşə tutulmasından, qohumlarının ölməsindən və atasının yaralanmasından sonra girov götürülməsini danışdı. O, Xankəndi Şəhər Uşaq Xəstəxanasına yerləşdirilsə də, erməni həkimləri ona heç bir ağrıkəsici verməyib, əksinə, gözünün və ayağının yarasına zərbələr yetirərək işgəncə veriblər. Ümumilikdə 15 təqsirləndirilən şəxs Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış cinayətkar birlikdə iştirak etməkdə ittiham olunur. Həmin şəxslərə qarşı Cinayət Məcəlləsinin təcavüzkar müharibəni planlaşdırma, soyqırımı, işgəncə, terrorçuluq və müharibə qanunlarını pozma kimi bir sıra ağır maddələri ilə ittiham irəli sürülüb. Məhkəmə prosesi oktyabrın 24-də davam edəcək.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: