
Qərbi Azərbaycan Xronikası: "Andranik ermənilərə yazdığı məktubda özünü ifşa edib"

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində hazırlanan növbəti veriliş efirə çıxdı. Jurnalist Rufik İsmayılovun bu dəfəki müsahibi filoloq, tərcüməçi Azad Ağaoğlu oldu. O, müsahibəsində Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin 1918-1920-ci illərdə işıq üzü görən tam külliyyatının nəşrindən danışdı. Bu böyük layihə ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə 20 cilddə çap olunur.
Hazırda qəzetin XIII cildi oxuculara təqdim edilib. Qeyd etmək lazımdır ki, ADA Universitetinin bu işinə qədər "Azərbaycan" qəzetinin 450-yə yaxın nömrəsi heç vaxt tam külliyyat şəklində ərəb əlifbasından latın əlifbasına transliterasiya edilməmişdi. Bu sahədə ayrı-ayrı cəhdlər olsa da, bütöv nəşr ortaya qoyulmamışdı. A. Ağaoğlu qəzeti filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli ilə birlikdə transliterasiya etdiklərini bildirib. Buna görə də 1918-1920-ci illərdə nəşr edilmiş "Azərbaycan" qəzetinin tam külliyyatının hazırlanması xüsusi əhəmiyyət daşıyır.
Layihə çərçivəsində görülən işlərdən biri də "Azərbaycan" qəzetində Qərbi Azərbaycan mövzusu: sentyabr 1918 - oktyabr 1919" kitabının nəşridir. Bu kitab yenə ADA Universitetinin dəstəyi ilə hazırlanıb. Kitab Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına böyük töhfə verir. Çünki burada 1918-1920-ci illərdə ermənilər tərəfindən soydaşlarımıza qarşı Qərbi Azərbaycanda törədilmiş vəhşiliklərə dair "Azərbaycan" qəzetində dərc edilən bütün materiallar toplanıb. Bu materiallar və faktlar milli yaddaşımızın qorunması üçün misilsiz dərəcədə vacibdir. Məsələn, qəzet Andranikin daşnak-bolşevik mətbuatında ermənilərə müraciətini – məktubunu çap edib. Həmin məktubda Andranik soydaşlarımıza qarşı necə təşkilatlanma, təxribat və qırğın işi apardığını açıqca bildirərək, bununla da özünü ifşa edib. Ağaoğlu bu dövrdə "Azərbaycan" qəzetinin daşnak-bolşevik mətbuatına qarşı təkbaşına mübarizə apardığını, ziyalıları ümummilli məsələ ətrafında birləşdirdiyini vurğulayıb. Zəngəzur məsələsinə də xüsusi diqqət yetirilib.
"Qərbi Azərbaycan Xronikası" layihəsinin əsas məqsədi tarixi torpaqlarımızın adının unudulmamasını, tanıdılmasını təmin etməkdir. Bu iş azərbaycanlıların ermənilər tərəfindən deportasiyası, həmin ərazilərdəki adı silinmiş toponimlər, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri (kurqanlar, məscidlər, qala qalıqları, körpülər) haqqında faktların üzə çıxarılmasını əhatə edir. Layihə bu ərazinin təmiz oğuz-türk məskənləri olduğunu sübut edən faktları dünya ictimaiyyətinə çatdırır. Bu layihə həm də Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı fikrini əsas tutur: "Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır... İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin". Buna əsaslanaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələr təbliğ olunur. Bundan əlavə, layihə tarixçilərin fikirlərini və deportasiyaya məruz qalmış şəxslərin həyat hekayələrini işıqlandırır.
Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Dövlət başçısı Qərbi Azərbaycan məsələsindən danış...
Bugun.az
Qərbi Azərbaycan Xronikası: Hansı ərazilər Azərbay...
Azəri Xəbər

Nadir Şahdan bu günə gəlib çıxan qalxanın yaddaşı...
Azəri Xəbər

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri...
Bugun.az

"Babalarımız üç dəfə İran-Türkiyə ərazilərinə qaçq...
Azəri Xəbər

Ordumuz Hadrutda ermənilərə icazə vermədi
Son Xeberler



